1995-ci ildə Srebrenitsa soyqırımında rolu ilə bağlı təqsirli bilinən və “Bosniya qəssabı” kimi tanınan Ratko Mladiçin ölümündən sonra onun dəfni ilə bağlı mübahisələr yaranıb.
Turkustan.az xəbər verir ki, Mladiç 27 avqustda Haaqada ömürlük həbs cəzasını çəkdiyi müddətdə vəfat edib.
Məlumata görə, onun dəfn mərasiminin yüksək səviyyədə keçirilməsi planlaşdırılır. Bu qərar Bosniya və Herseqovinada, xüsusilə müharibə qurbanları və onların yaxınları arasında ciddi narazılıq doğurub.
Mladiçin ölümündən sonra bəzi serb millətçilərinin onu qəhrəman kimi təqdim edən addımları da tənqidlərə səbəb olub. Bosniya və Herseqovinanın Zvornik şəhərində yüzlərlə şəxsin toplaşaraq Serbiya bayraqları və Mladiçi tərifləyən bannerlər qaldırdığı bildirilib.
Mladiç 2017-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətlərində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi.
Bosniya və Herseqovinanın iki qurumundan biri olan Serb Respublikasının (RS) vitse-prezidenti Kamil Durakoviç uşaqların da daxil olduğu izdihama cavab olaraq, onlara Zvornikdə boşnakların dəfn edildiyi kütləvi məzarları xatırladaraq dedi: "Bura Belqrad deyil. Mladiçin müharibə əmrlərinin yerinə yetirildiyi yer budur. Bu toplantılara reaksiya verəcək heç kim yoxdurmu?"
Srebrenitsa yaxınlığındakı Bratunacda divara "Hamımız Mladiçin əsgərləriyik" sözləri yazılıb, Brçkodakı serblər isə Mladiç üçün şam yandırıblar.
Aytən Yaşar/ Turkustan.az