Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra müxalif düşərgədəki əsas rəqiblərinə, o cümlədən keçmiş dövlət başçılarına qarşı mübarizəni gücləndirib.
Artıq keçmiş prezident Robert Koçaryan həbsdədir. Digər keçmiş prezident Serj Sarkisyan, habelə milyarder Samvel Karapetyan da hüquqi təqiblə üz-üzədir. Baş verənlər Paşinyanın özünə ciddi rəqib hesab etdiyi şəxsləri bir-bir siyasi səhnədən sıxışdırıb çıxarmaqda qərarlı olduğu təəssüratını yaradır.
Belə olan halda növbə Ermənistanın digər keçmiş prezidenti, son seçkilərdə Paşinyana rəqib qüvvələrin cəbhəsində yer alan Levon Ter-Petrosyana da çata bilərmi? Yoxsa Paşinyan keçmiş siyasi münasibətlərini nəzərə alaraq ona toxunmayacaq?
Politoloq Qabil Hüseynli “Bakupost”a bildirib ki, Robert Koçaryan və Serj Sarkisyana qarşı irəli sürülən ittihamların kifayət qədər ciddi əsasları var:
“Koçaryanla Sarkisyanın günahları həddən artıq böyükdür. Dövləti talan ediblər. Öz mənafeləri üçün qanunsuz yolla böyük vəsait toplayıblar. Amma fikrimcə, Ter-Petrosyanın Koçaryan və Sarkisyanla müqayisədə günahları o qədər də böyük deyil. Ter-Petrosyanla Paşinyan vaxtilə bir partiyada olublar və yaxın münasibətləri olub. Keçmiş prezident həmçinin Paşinyanın siyasi xadim kimi yetişməsində də kifayət qədər rol oynayıb”.
Bu baxımdan politoloq hesab edir ki, Paşinyanın Levon Ter-Petrosyana qarşı analoji addım atması ehtimalı azdır:
“Düzdür, vaxtilə torpaqlarımızın işğalında, Xocalı soyqırımının törədilməsində Ter-Petrosyanın da rolu olub. Bununla belə, düşünürəm ki, Paşinyan Levon Ter-Petrosyana toxunmayacaq”.