Bir neçə il əvvəl sosial şəbəkələrdə yayılan bir xəbər minlərlə insanın bankomatların qarşısına axışmasına səbəb olmuşdu. Məlumatda guya ölkədə fəaliyyət göstərən iri banklardan birinin bağlanacağı iddia edilirdi. Sonradan xəbərin yalan olduğu ortaya çıxdı. Lakin artıq gec idi - insanlar təşvişə düşmüş, pullarını çıxarmağa çalışmış, sosial şəbəkələrdə yüzlərlə paylaşım edilmişdi.
Bu, saxta xəbərlərin yaratdığı təsirin yalnız bir nümunəsidir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə dezinformasiya əvvəlkindən daha sürətlə yayılır. Xüsusilə müharibə, siyasi gərginlik, təbii fəlakət və ya epidemiya kimi həssas dövrlərdə yayılan əsassız məlumatlar cəmiyyətdə panika yarada, insanların davranışlarına və psixoloji durumuna ciddi təsir göstərə bilir.
Müşahidələr göstərir ki, feysbuk, tik-tok, votsap, yutub və s. kimi sosial media şəbəkələri saxta xəbərlərin yayıldığı platformalara çevrilib. Təəssüf ki, panikaya səbəb olan dezinformasiyalar bir sıra hallarda sosial şəbəkələrdən xəbər saytlarına da sıçrayır.
Məsələn, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) bir müddət öncə bəzi saytların manipulyasiyaya yol verdiyini bəyan edib.
"Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib”, - MEDİA-nın açıqlamasında bildirilib.
Qurum bəzi saytlarda “Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi”, “Şok: Azərbaycanda 200 tələbə vəfat edib” kimi şişirdilmiş başlıqlardan istifadə edilməsini cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, MEDİA əvvəllər də bu tipli açıqlamalarla çıxış edib.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyir ki, insan beyni təhlükə ilə bağlı məlumatlara daha həssas yanaşır. Ona görə də qorxu yaradan xəbərlər daha tez yayılır və daha çox diqqət çəkir.
- "Müharibə başlayır", "bank sistemi çökür", "ölkədə ərzaq qıtlığı yaranacaq", “benzin bahalaşacaq”, "yeni ölümcül virus yayılıb", “devalvasiya olacaq” kimi başlıqlar insanların emosiyalarına təsir etdiyi üçün qısa müddətdə minlərlə paylaşım toplaya bilir, - Aqil Camal bildirib.
Psixoloq Vüsalə Rüstəmin sözlərinə görə, panikanın əsas səbəblərindən biri qeyri-müəyyənlik hissidir. Müsahibimiz deyir ki, yalan məlumatlarla davamlı qarşılaşan insanlar özlərini təhlükə altında hiss etməyə başlayırlar. Nəticədə stress hormonlarının səviyyəsi artır, insan daim gərgin vəziyyətdə qalır.
"İnsan baş verən hadisə barədə kifayət qədər məlumat əldə etmədikdə beynində müxtəlif ssenarilər qurmağa başlayır. Bu zaman emosional təsir yaradan saxta xəbərlər daha inandırıcı görünür. İnsanlar təhlükə hiss etdikləri üçün məlumatı yoxlamaq əvəzinə ona reaksiya verməyə üstünlük verirlər", - deyə psixoloq bildirir.
Məhz buna görə dezinformasiyanın təsiri bəzən xəbərin özündən daha böyük olur. Pandemiya dövründə bunun şahidi olduq. Dünyanın müxtəlif ölkələrində sosial şəbəkələrdə yayılan yalan məlumatlar insanların tibbi tövsiyələrə etimadını azaltdı, bəzi hallarda isə təhlükəli davranışlara səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatı həmin dövrdə dezinformasiyanı ayrıca "infodemiya" adlandıraraq onun ictimai sağlamlıq üçün ciddi risk yaratdığını bəyan etmişdi.
Vüsalə Rüstəm hesab edir ki, saxta xəbərlərin təsiri xüsusilə uşaqlar və yeniyetmələr üçün daha təhlükəlidir:
"Yetkin insan müəyyən qədər məlumatı təhlil edə bilir. Lakin uşaqlar və emosional həssas şəxslər eşitdikləri xəbərləri daha tez qəbul edir və onların yaratdığı qorxu hissindən uzun müddət çıxa bilmirlər".
Psixoloqun sözlərinə görə, panika yaradan xəbərlər insanlarda “təhdid rejimi” yaradır. Saxta xəbərlərin yaratdığı panika insanlarda müxtəlif psixoloji reaksiyalara səbəb olur:
"Belə xəbərlərlə tez-tez qarşılaşan şəxslərdə narahatlıq, yuxu pozuntuları, diqqət dağınıqlığı və gələcəklə bağlı həddindən artıq qorxu yarana bilər".
Ekspert deyir ki, saxta xəbərlər cəmiyyət daxilində qarşılıqlı etimadı zəiflədir. İnsanlar dövlət qurumlarına, mediaya və hətta yaxın ətraflarına qarşı şübhə ilə yanaşmağa başlayırlar.
Psixoloqun fikrincə, saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün ilk növbədə emosional reaksiyaları idarə etmək lazımdır.
"Əgər hansısa xəbər sizi dərhal qorxudur, həyəcanlandırır və ya qəzəbləndirirsə, onu paylaşmağa tələsməyin. Əvvəlcə mənbəni yoxlayın. Çünki məhz güclü emosiyalar dezinformasiyanın yayılması üçün ən əlverişli mühit yaradır", - deyə o vurğulayır.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal hesab edir ki, informasiya əsrində media savadlılığı təhlükəsizlik məsələsinə çevrilib:
“Saxta xəbərlər təkcə yanlış məlumat deyil, həm də insanların psixoloji durumuna təsir göstərən vasitədir. Buna görə də hər bir istifadəçinin paylaş düyməsini sıxmazdan əvvəl məlumatın doğruluğunu yoxlaması vacibdir. Çünki bəzən bir yalan xəbər minlərlə insanın təşviş keçirməsinə kifayət edir”.
Ekspert oxuculara və sosial şəbəkə istifadəçilərinə bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edib:
- Xəbərin mənbəyini yoxlayın;
- Məlumatı ən azı iki etibarlı mənbə ilə müqayisə edin;
- Emosional reaksiya doğuran xəbərlərə qarşı daha ehtiyatlı olun;
- Başlığı oxuyub paylaşmaq əvəzinə materialın tam mətnini nəzərdən keçirin;
- Rəsmi qurumların açıqlamalarını izləyin;
- Şübhəli məlumatları paylaşmaqdan çəkinin.
Müsahibimizin fikrincə, media savadlılığının artırılması insanların dezinformasiyaya qarşı müqavimətini gücləndirən ən effektiv vasitələrdəndir.
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.