Bu ilin iyul ayı ərzində Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 29 həkim və 12 tibb bacısı barədə müvafiq maddələrə əsasən protokollar tərtib edilib. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, ötən ay özəl tibb müəssisələrində ümumilikdə 39 yoxlama aparılıb. Həmin yoxlamalardan 32-si hüquqi şəxsə, 7-si isə fiziki şəxsə məxsus obyektlərdə keçirilib. Yoxlamalar zamanı müxtəlif sahələr üzrə nöqsanlar aşkarlanıb. Aşkar olunmuş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə müvafiq quruma göndərilib.
Bununla yanaşı, keçən ay aparılmış yoxlamalar nəticəsində 13 stomatoloq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib. Həmçinin aparılmış yoxlamalar zamanı plastik cərrahiyyə ilə bağlı 2 ümumi-cərrah barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib.
Ümumiyyətlə, son dövrlər bu yöndə addımlar atılsa da, problemin köklü həlli müşahidə olunmur. Niyə məsələ birdəfəlik aradan qalxmır? Vətəndaşlar lisenziyası olmayan həkimlərə etibar edə bilərmi? Əsas məsələ isə budur - həmin həkimlər peşəkardımı?
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a bildirib ki, bu kimi faktlarla vaxtaşırı rastlaşılır: “O cümlədən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu prosesi davamlı nəzarətdə saxlayır, müvafiq yoxlamalar aparır və onların nəticələrini ictimaiyyətlə bölüşür. Təəssüf ki, bu tipli hallar hələ də davam edir.
Amma qeyd etmək istərdim ki, bu faktların sayı ciddi şəkildə azalıb. Çünki əvvəlki illərdə, ümumiyyətlə, lisenziyalaşdırılmış və sertifikatlaşdırılmış fəaliyyətə xüsusi önəm verilmirdi, bu məsələ xüsusilə diqqət mərkəzində deyildi. Ona görə də belə faktlar nə çox qeydə alınır, nə də ictimaiyyətlə bölüşülürdü. Lakin bu gün artıq məsələ gündəmdədir və sertifikatlaşdırmanın özü belə son illərin məhsuludur. Aparılan yoxlamalar da təbii ki, həmin qərarların həyata keçirilməsini təmin etmək məqsədi daşıyır”.
Həkim qeyd edib ki, dünyanın bütün ölkələrində davamlı olaraq lisenziyasız, icazəsiz fəaliyyət göstərməyə meyl edən insanlar olur: “Başqa ölkələrə gedəndə də tibbin hansısa sahəsi ilə məşğul olan insanların öz praktikalarını qanunsuz və qaydasız şəkildə, hətta ev şəraitində quraraq pasiyent qəbul etdiklərinin şahidi oluruq. Bu hallara davamlı olaraq rast gəlinir və bununla bağlı məlumatlar var.
Lakin bu gün artıq məsələ daha mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyi və onun müvafiq qurumu tərəfindən nəzarətə götürülüb. Bu istiqamətdə ciddi təlimatlar və qaydalar müəyyənləşdirilib və artıq həmin çərçivələr daxilində fəaliyyət göstərmək lazımdır. Bu yeni qaydalara uyğunlaşmaq mütləqdir. Düşünürəm ki, aparılan yoxlamalar, müəyyən cəzaların tətbiq olunması, o cümlədən bu nümunələrin ictimaiyyətlə paylaşılması həm də maarifləndirmə kimi qəbul olunmalıdır.
Bundan sonra insanlar mövcud neqativ hallardan nəticə çıxararaq, yəqin ki, mümkün qədər bu yola baş vurmayacaqlar. Əgər belə hallar baş verəcəksə, təbii ki, onlar da müvafiq qurumlar tərəfindən vaxtaşırı aşkarlanaraq lazımi tədbirlər görüləcək”.