Böyük Britaniyanın University College London (UCL) universitetinin alimləri siqaretin insan ömrünə təsiri ilə bağlı yeni araşdırmanın nəticələrini açıqlayıblar. Mütəxəssislər bildirirlər ki, cəmi bir siqaret belə orta hesabla insan ömründən təxminən 20 dəqiqə aparır.
Turkustan.az xəbər verir ki, araşdırmaya görə, 20 siqaretdən ibarət bir qutu siqaret insan ömrünü təxminən 7 saat qısalda bilər. Tədqiqat müəllifləri hesab edirlər ki, siqaretin sağlamlığa vurduğu zərər əksər insanların düşündüyündən daha böyükdür.
UCL-in Tütün Araşdırmaları Qrupunun əməkdaşı doktor Sara Cekson bildirib ki, siqaret çəkən insanlar orta hesabla həyatlarının 10 ilini itirirlər. Onun sözlərinə görə, bu, sadəcə ömrün qısalması deyil, ailə üzvləri ilə keçirilə biləcək dəyərli vaxtın, mühüm həyat hadisələrinin və sağlam yaşların itirilməsi deməkdir.
Araşdırmada siqareti tərgitməyin faydalarının çox qısa müddətdə hiss olunmağa başladığı da vurğulanır. Hesablamalara əsasən, gündə 10 siqaret çəkən şəxs ilin əvvəlində bu vərdişdən imtina edərsə, cəmi bir həftə ərzində təxminən bir günlük ömür itkisini önləmiş olur. Beş həftə siqaretsiz qalmaq bu göstəricini bir həftəyə, avqustun əvvəlinədək davam etdirmək isə təxminən bir aya çatdırır. Bir il ərzində siqaret çəkməyən insan isə orta hesabla 50 günə yaxın ömür itkisini önləyə bilər.
Sara Cekson qeyd edib ki, bəzi insanlar ömrün bir neçə il qısalmasını ciddi problem hesab etməsələr də, siqaret insanın həyatının son illərindən deyil, ən sağlam və məhsuldar dövründən də "oğurlayır". Onun sözlərinə görə, 60 yaşlı siqaret çəkən bir şəxsin sağlamlıq vəziyyəti çox vaxt 70 yaşlı siqaret çəkməyən insanın sağlamlığı ilə müqayisə oluna bilər.
Araşdırmada həmçinin vurğulanır ki, sağlamlıq üçün "təhlükəsiz siqaret miqdarı" anlayışı yoxdur. Əvvəlki elmi tədqiqatlar göstərib ki, gündə cəmi bir siqaret çəkən insanlarda belə ürək xəstəlikləri və insult riski əhəmiyyətli dərəcədə yüksək olaraq qalır.
Böyük Britaniyanın Kral Həkimlər Kollecinin professoru Sancay Aqraval isə bildirib ki, çəkilən hər siqaret insanın həyatından qiymətli dəqiqələri alır və bunun təsiri təkcə fərdlər üçün deyil, həm də səhiyyə sistemi və iqtisadiyyat üçün ciddi yük yaradır.
Mütəxəssislər vurğulayırlar ki, siqaretdən imtina etmək üçün heç vaxt gec deyil. Bu vərdişdən əl çəkmək təkcə ömrü uzatmır, həm də həyatın daha sağlam və keyfiyyətli keçməsinə kömək edir./musavat.com