ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalar verərək, Tehranın iqtisadi və hərbi vəziyyətinin ağır olduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında ABŞ-ın Hörmüz boğazı üzərində “tam nəzarətə” malik olduğunu bildirib.
“ABŞ Hörmüz boğazı üzərində tam nəzarətə malikdir. İnanıram ki, biz bunu qoruyub saxlayacağıq”, – deyə Tramp yazıb.
ABŞ prezidenti İranın hazırkı vəziyyətini də sərt ifadələrlə təsvir edib. O, İranın “saxta mətbuata” və “300 faizlik” inflyasiyaya malik olduğunu iddia edib.
Tramp həmçinin ABŞ-ın Hörmüz boğazındakı blokadasını “polad divar” kimi xarakterizə edərək, İranın buna qarşı heç nə edə bilməyəcəyini irəli sürüb.
“Onların nə donanması, nə də hava qüvvələri var, qalan əsgərlərinə maaş verilmir. İnqilab Keşikçiləri əzilib və qaçırlar. Liderlikləri qeyri-müəyyəndir. Onların pulu yoxdur. Ölkələri bombalanır”, – deyə Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az