Son günlər “Müsəlman Birliyi Hərəkatı”nın Avropada, xüsusilə Almaniyada fəaliyyətini genişləndirməsi ilə bağlı yayılan məlumatlar yeni suallar doğurur. 11 avqust tarixli xəbərlərdə hərəkatın Avropa nümayəndəliyinin fəaliyyətə başladığı bildirilib və bunun İranla əlaqəli şəbəkənin qitədə təşkilatlanması olduğu iddia edilib.
Daha əvvəl Ayətullah Xomeyninin Fransada sığınacaq tapması ilə bağlı tarixi təcrübə də bu kontekstdə yenidən xatırlanır. Digər tərəfdən, bu gün Avropanın “insan hüquqları” və “ifadə azadlığı” prinsipləri ilə təhlükəsizlik, radikalizm və xarici təsir arasında hansı sərhədi müəyyənləşdirdiyi sualı da aktuallaşır.
Avropa İrana qarşı sərt siyasət yürüdərkən, onun təsir dairəsində olduğu iddia edilən qruplara münasibətdə niyə fərqli yanaşma nümayiş etdirir?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Avropanın demokratiya, insan hüquqları və dünyəvilik barədə verdiyi mesajlarla real siyasi davranışı arasında ciddi ziddiyyətlər dəfələrlə müşahidə olunub:
“Müsəlman Birliyi” adlı təşkilatın Avropada, xüsusilə Almaniyada fəaliyyət imkanları əldə etməsi ilə bağlı son məlumatlar da bu paradoksu yenidən gündəmə gətirir. Adı çəkilən dini-siyasi qurumun Azərbaycanda fəaliyyəti, ideoloji istiqaməti və mümkün xarici əlaqələri ilə bağlı ciddi təhlükəsizlik narahatlıqları olduğu halda Avropanın həmin çevrələrə siyasi platforma və legitimlik qazandırmağa meyil göstərməsi haqlı suallar doğurur.
Burada məsələ heç də dini inanclara və ya siyasi müxalifliyə münasibətdən getmir. Problem ondadır ki, insan hüquqları və siyasi sığınacaq mexanizmləri xarici dövlətlərin təsir imkanlarının genişləndirilməsi üçün istifadə olunursa, onda söhbət sırf hüquq məsələsindən çıxır. Azərbaycan tərəfinin narahatlığı da məhz bu kontekstdə qiymətləndirilməlidir”.

Yusif Bağırzadə
Politoloq qeyd edib ki, ölkə olaraq narahatlığımızın başqa bir ölçüsü də var:
“Bu da İranın regionda ideoloji və proksi şəbəkələr vasitəsilə təsir imkanları ilə bağlıdır. Odur ki, Avropada İrana yaxın dini-siyasi qrupların fəaliyyət göstərməsi məsələsinə sırf fərdi hüquqlar çərçivəsində deyil, mümkün xarici təsir və təhlükəsizlik kontekstində də baxılması vacibdir. Əgər bir təşkilatın fəaliyyəti xarici dövlətin siyasi məqsədləri ilə əlaqəlidirsə, burada söhbət artıq sadəcə mühacir hüquqlarından gedə bilməz.
Avropanın özünün də təhlükəsizlik risklərini nəzərə alması lazımdır. 1978-ci ildə Ayətullah Ruhullah Xomeyninin Fransada, Paris yaxınlığında məskunlaşması İran inqilabının mühüm mərhələlərindən biri oldu. Xomeyni burada Qərb mediasına çıxış əldə etdi və müraciətləri daha geniş auditoriyaya çatdırıldı, onun tərəfdarları isə bu kommunikasiya imkanlarından İrandakı inqilabi hərəkatı gücləndirmək üçün istifadə etdilər.
Əlbəttə, İran İslam Respublikasının yaranmasını yalnız Fransanın siyasəti ilə izah etmək tarixi reallığı sadələşdirmək olardı. Ancaq Qərbin həmin dövrdə Xomeyninin yaratdığı siyasi potensialı lazımi səviyyədə qiymətləndirə bilməməsi və onun mesajlarının Qərb informasiya məkanından geniş yayılması sonradan ciddi nəticələr doğurdu”.
Politoloq vurğulayıb ki, Qərbin İrana bağlı olan və Azərbaycanda dünyəvi dövlət quruluşunun əleyhinə olan təşkilat və şəxslərə siyasi imkanlar yaratması qəbulolunmazdır:
“Əgər Avropa demokratiyanı həqiqətən universal dəyər hesab edirsə, onun meyarları seçici olmamalıdır. Dini radikalizm, xarici təsir və siyasi zorakılıq məsələlərinə münasibət coğrafiyadan və siyasi maraqlardan asılı dəyişməməlidir. Əks halda “insan hüquqları” və “demokratiya” kimi anlayışlar prinsip deyil, geosiyasi alət təsiri bağışlayacaq.
Xomeyni nümunəsinin Avropa üçün ən mühüm dərsi də o olmalıdır ki, bu gün “siyasi mühacir”, “dissident” və ya “hüquq müdafiəçisi” kimi təqdim olunan hər bir siyasi-dini aktorun sabah hansı ideoloji və siyasi layihənin daşıyıcısına çevrilə biləcəyi əvvəlcədən ciddi şəkildə qiymətləndirilməlidir”.