AZƏRBAYCANDA MAAŞ KARTLARI İLƏ BAĞLI YENİ QAYDA - Vətəndaş nə qazanacaq?


Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm maaş və pensiya kartları bazarında rəqabəti artırmağı, vətəndaşlara isə bank seçimi azadlığı verməyi hədəfləyir.

Yeni qaydalara əsasən, insanlar əməkhaqqı və pensiyalarının istədikləri bank hesabına köçürülməsini seçə biləcəklər.

Bu dəyişiklik banklar arasında xidmət keyfiyyəti və komissiyalar üzrə rəqabətə necə təsir göstərəcək? Vətəndaşların bank seçimi hüququ maliyyə xidmətlərinin keyfiyyətini artıracaq, yoxsa yeni problemlər yaradacaq?

Məsələni “AzPolitika”ya şərh edən iqtisadçı-ekspert Günay Hüseynova deyib ki, Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm uzun illərdir Türkiyədə uğurla tətbiq olunur və vətəndaşlara daha geniş seçim imkanı yaradır.

Onun sözlərinə görə, yeni qaydalara əsasən əməkhaqqı və pensiya kartlarını vətəndaşlar birdəfəlik seçim əsasında istədikləri bank vasitəsilə əldə edə biləcəklər: “Bu isə banklar arasında rəqabətin güclənməsinə, xidmət keyfiyyətinin yüksəlməsinə və müştərilərə daha sərfəli təkliflərin təqdim olunmasına şərait yaradacaq. Türkiyə təcrübəsi bu modelin səmərəli olduğunu göstərir. Belə ki, yeni mexanizm tətbiq edilərkən banklar müştəriləri cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçiriblər. Məsələn, banklardan biri pensiyasını həmin bank vasitəsilə almağı seçən vətəndaşlara birdəfəlik bir aylıq pensiya məbləği qədər bonus ödəyirdi. Digər bank isə taksit kartları ilə edilən alış-verişlərə müəyyən müddət ərzində faizsiz ödəniş imkanı təqdim edirdi”.

Günay Hüseynova vurğulayıb ki, xüsusilə yaşlı insanların böyük hissəsində eşitmə problemi müşahidə olunur. Bu baxımdan, eşitmə cihazlarının taksitlə və ya faizsiz şərtlərlə alınmasına imkan yaradan kampaniyalar pensiyaçılar üçün ciddi üstünlük hesab edilə bilər: “Belə təşviqlər vətəndaşların bank seçiminə də müsbət təsir göstərir. Vətəndaş üçün əsas meyar bankın adı deyil, təqdim etdiyi xidmətin keyfiyyəti, təhlükəsizlik səviyyəsi, əlavə üstünlüklər və bankomatların əlçatanlığıdır. Əgər bu amillər təmin olunursa, vətəndaş üçün vəsaiti hansı bankın bankomatından çıxarmasının ciddi fərqi qalmır. Yeni mexanizm də məhz bankları müştəri məmnuniyyətini artırmağa və daha rəqabətli xidmətlər təqdim etməyə sövq edəcək”.


MANŞET XƏBƏRLƏRİ