İşini itirən şəxsin kredit borcunu sığorta ödəyə bilər – Amma... - Detallar açıqlandı


İş yerini itirən şəxslərin qarşılaşdığı əsas problemlərdən biri bank qarşısında olan kredit öhdəliklərini necə yerinə yetirməsidir. Gəlir mənbəyinin itirilməsi kredit ödənişlərinin gecikməsinə, əlavə faiz və cərimələrin yaranmasına, bəzi hallarda isə borcun daha da artmasına səbəb ola bilər.

Bu baxımdan işsiz qalan şəxsin kredit borcunun sığorta hesabına ödənilməsi məsələsi xüsusi maraq doğurur.

Bəs Azərbaycanda belə bir mexanizm mövcuddurmu və gələcəkdə tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırda Azərbaycanda işini itirən şəxsin kredit borcunun sığorta hesabına ödənilməsini nəzərdə tutan ayrıca sığorta növü mövcud deyil.

Əkrəm Həsənov:

Ekspertin sözlərinə görə, gələcəkdə belə bir sığorta mexanizmi tətbiq olunarsa, bunun üçün vətəndaş tərəfindən əvvəlcədən sığorta haqqının ödənilməsi tələb oluna bilər:

“Bizdə belə sığorta növü hazırda yoxdur. Deyirlər ki, tətbiq olunacaq. Amma təbii ki, belə sığorta növü olarsa, vətəndaş həmin sığorta haqqını əvvəlcədən ödəməlidir.

Bu, hamıya da aid olmayacaq. Xeyli müddət işləyən şəxsin belə sığortadan istifadə etmək imkanı ola bilər. Eyni zamanda, sığortanın tətbiqi yalnız iş yerinin ixtisarı kimi əvvəlcədən müəyyən edilmiş hallara şamil edilə bilər”.

Ekspertin fikirlərinə görə, belə bir mexanizmin tətbiqi kredit öhdəliyi olan və əmək müqaviləsi ilə çalışan şəxslərin iş yerini gözlənilmədən itirdiyi hallarda maliyyə yükünün müəyyən qədər azaldılmasına imkan verə bilər.

Lakin bunun üçün sığortanın hansı hallarda qüvvəyə minəcəyi, ödənişlərin neçə ay davam edəcəyi, sığorta haqqının məbləğinin necə müəyyənləşdiriləcəyi və hansı kateqoriyadan olan şəxslərin bu mexanizmdən yararlana biləcəyi əvvəlcədən dəqiq müəyyən edilməlidir.

Belə bir sistem tətbiq olunacağı təqdirdə həm borcalanın, həm bankın, həm də sığorta şirkətinin hüquq və öhdəliklərinin aydın şəkildə tənzimlənməsi mühüm əhəmiyyət daşıyacaq.

Aynurə İsmayıl
KONKRET.az


MANŞET XƏBƏRLƏRİ