“Fikrimcə, “Şah İsmayıl” ordeni ilə bağlı müvafiq dövlət və hökumət strukturlarına səlahiyyət verilməlidir ki, həmin qurumlar vəsatət qaldırsınlar”.
Bu sözləri “Yeni Sabah”a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, həmin ordenin bu günədək heç kimə verilməməsinin səbəbi müzakirə mövzusu ola bilməz:
“Ordenin 44 günlük Vətən müharibəsində fəal iştirak edən ayrı-ayrı korpus komandirlərinə verilməsi təklifləri arada-bərədə səslənib. Amma konkret ada gəlincə, bu sual yuxarı komandanlığa, konkret olaraq, Müafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə ünvanlanmalıdır. Məhz onlar bilavasitə aktiv döyüş əməliyyatlarında iştirak edib. Mənə elə gəlir ki, bu haqda müzakirə olunduqdan sonra “Şah İsmayıl” ordeni yəqin ki, yaxın vaxtlarda qəhrəmanlıq göstərən, bu ordenin statusuna layiq olan şəxslərə veriləcək”.
Hərbi ekspert əlavə edib ki, Azərbaycanda ünvanını tapmayan kifayət qədər orden və medallar var:
“Məncə, bütün bu müzakirələrə, yersiz mübahisələrə baxmayaraq, Şah İsmayıl Xətai Azərbaycan tarixinin qürur duyulası, fəxr ediləsi səhifəsidir. Bu gün Azərbaycanda kifayət qədər orden və medallar var ki, hamısı öz ünvanını tapmayıb. Ümid edirəm ki, “Şah İsmayıl” ordeni ilə bağlı cəmiyyətdə olan müzakirələrdən sonra müvafiq dövlət strukturları bu məsələyə diqqət yetirəcək.
Tarix tarixdir. Bizim elə şəxsiyyətlərimiz var ki, onlarla bağlı cəmiyyətdə müxtəlif yanaşmalar, müvqelər var. Misal üçün, Nəriman Nərimanovun özü. Ona da cəmiyyətdə birmənalı münasibət yoxdur. Amma Nərimanov Nərimanovun adını daşıyan metrostansiya və rayon var. Ona görə də bu yöndə müzakirələrin tərəfdarı olsam da, bunun təhqirə, yaxud aşağılayıcı ifadələrə keçməsinin qəti əleyhinəyəm”.
Qeyd edək ki, Azərbaycan Respublikasının ən ali hərbi mükafatı olan "Şah İsmayıl" ordeni 1993-cü il dekabrın 6-da təsis edilib. Bu ali orden dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün təmin edilməsində xüsusi xidmətlər göstərmiş Silahlı Qüvvələrin ali zabitlərinə, həmçinin hərbi hissə və birləşmə komandirlərinə təqdim olunur.
Təltif olunma əsaslarına ölkənin təhlükəsizlik sisteminin təşkilində fərqlənmə, hərbi əməliyyatlar zamanı qoşunların idarə edilməsində nümayiş etdirilən yüksək məharət və dövlət maraqlarının müdafiəsi uğrunda göstərilən şücaət daxildir. Orden hərbi strateqlərin və komandanlığın ölkə qarşısındakı xidmətlərinin dövlət səviyyəsində ən yüksək qiymətləndirilməsinin rəmzidir.
Estetik və hazırlıq baxımından orden gümüşdən hazırlanaraq üzəri qızıl təbəqə ilə örtülmüş səkkizguşəli ulduz formasındadır. Mükafatın mərkəzi hissəsində Azərbaycan dövlətçilik tarixinin görkəmli xadimi və sərkərdəsi Şah İsmayıl Xətainin relyefli profili həkk edilib.
Nizamnaməyə uyğun olaraq, orden döşün sol tərəfinə taxılır və ölkənin hərbi hiyerarxiyasında müstəsna mövqeyə malikdir. O, Azərbaycan Respublikasının digər bütün orden və medallarından yuxarıda, yalnız "Heydər Əliyev" ordeni mövcud olduqda ondan sonra yerləşdirilir.