İsrailin müdafiə naziri Yisrael Katz İsrail ordusunun Livanın cənubu, Suriya və Qəzza zolağında nəzarət etdiyi ərazilərdən geri çəkilməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Katz bu mövqeyi cənubi Livana səfəri zamanı da təkrarlayıb.
İsrailin “i24 News” telekanalının məlumatına görə, Katz İsrail ordusunun nəzarətində olan cənubi Livandakı Şakif qalası yaxınlığında yerləşən əraziyə baş çəkib.
Livanla əldə olunan və İsrail ordusunun müəyyən ərazilərdən mərhələli şəkildə çıxmasını nəzərdə tutan razılaşmaya baxmayaraq, Katz bildirib ki, İsrail bu ərazilərdən geri çəkilməyəcək.
“Baş nazirlə mənim çox açıq şəkildə qeyd etdiyimiz kimi, biz bu təhlükəsizlik zonasından çəkilmirik”, – deyə Katz bildirib.
Katzın sözlərinə görə, İsrailin “təhlükəsizlik zonası” adlandırdığı ərazi Aralıq dənizi sahillərindən Şakif qalası və Hermon dağının ətəklərinədək uzanır. O, İsrail ordusunun bu ərazilərdə qalmasını ölkənin şimalındakı yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi ilə əsaslandırıb.
“Livan, Suriya və ya Qəzzada təhlükəsizlik zonalarından heç bir halda geri çəkilməyəcəyik”, – deyə Katz vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az