Şübhəli mənbədən alınan saxta alkoqol təkcə ağır intoksikasiya ilə deyil, həm də görmə qabiliyyətinin itirilməsi riski ilə təhlükəlidir. Bunun səbəbi belə məhsulların tərkibində etil spirti əvəzinə metanolun ola bilməsidir.
Turkustan.az xəbər verir ki, bu barədə həkim-oftalmoloq Karina Kozina gazeta.ru-ya bildirib.
Həkimin sözlərinə görə, metanol görünüşünə, qoxusuna və dadına görə etil spirtindən demək olar ki, seçilmir. Bu səbəbdən o, bəzən saxta spirtli içkilərin hazırlanmasında istifadə olunur. Qaraciyərdə metanol qarışqa turşusuna çevrilir və bu maddə görmə sinirinə zərər verərək onun hüceyrələrinin normal fəaliyyətini pozur.
Mütəxəssis qeyd edib ki, görmə siniri yüksək enerji sərf edən toxuma olduğundan zəhərlənmədən ilk zərər görən orqanlardan biridir. Bəzən cəmi bir neçə millilitr metanol belə insanın kor olmasına səbəb ola bilər.
"Kəskin təhlükə ondadır ki, ilk 12–24 saat ərzində insan özünü adi alkoqol sərxoşluğundan sonrakı vəziyyətdə olduğu kimi hiss edə bilər. Lakin daha sonra əlamətlər qəfil güclənir və ilk növbədə görmə pozulur. Göz önündə duman yaranması, rənglərin solğun görünməsi və ya görmə sahəsinin daralması şübhəli alkoqol qəbulundan sonra təcili tibbi yardım üçün ciddi siqnaldır", deyə Karina Kozina bildirib.
Onun sözlərinə görə, görmə ilə bağlı problemlərə əksər hallarda güclü baş ağrısı, ürəkbulanma və qarın ağrısı da qoşulur. Həkim özünümüalicənin təhlükəli olduğunu vurğulayaraq bildirib ki, erkən tibbi müdaxilə zamanı antidot tətbiqi və qanın təmizlənməsi ilə zəhərlənmənin qarşısını almaq mümkündür. Lakin artıq zədələnmiş görmə sinirini bərpa etmək mümkün deyil.
Mütəxəssis əlavə edib ki, metanol zəhərlənməsi təkcə saxta spirtli içkilərdən deyil, həm də şüşəyuyan maye, antifriz və kustar üsulla hazırlanmış antiseptiklər kimi texniki mayelərdən də baş verə bilər. Xüsusilə yay aylarında, insanlar istirahət zamanı tanımadıqları şəxslərdən alkoqol aldıqda risk daha da artır.
"Əgər alkoqol qəbulundan sonra görmə bulanıqlaşır və ya rənglər solğun görünməyə başlayırsa, vaxt itirmək olmaz. Metanol zəhərlənməsi belə əlamətlərlə özünü göstərə bilər və bu vəziyyətdə hər saat insanın görmə qabiliyyətinin qorunması baxımından həlledici əhəmiyyət daşıyır", deyə Karina Kozina vurğulayıb. /qaynarinfo.az/