Azərbaycanda maaşların artmasına baxmayaraq, ərzaq və gündəlik tələbat məhsullarının bahalaşması əhalinin real gəlirlərinə təsir göstərir.
Maaş artımının qiymət artımından geri qalmasının səbəbləri və vəziyyətdən çıxış yolları ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Bakupost”a açıqlama verib.
O bildirib ki, maaşların artması ilə qiymətlərin yüksəlməsi eyni məna daşımır:
“Əməkhaqqı nominal gəliri göstərir. Lakin insanların real vəziyyətini müəyyən edən əsas göstərici həmin maaşla nə qədər məhsul və xidmət almağın mümkün olmasıdır. Məsələn, maaş 8 faiz artır, amma ərzaq, kommunal, nəqliyyat və digər gündəlik xərclər 10 faiz yüksəlirsə, nominal gəlir artsa da, real alıcılıq qabiliyyəti azalır”.
Akif Nəsirlinin sözlərinə görə, maaşların qiymətlərdən geri qalmasının əsas səbəblərindən biri məhsuldarlığın və iqtisadi gəlirlərin əməkhaqqı artımı ilə eyni sürətlə yüksəlməməsidir.
“Müəssisənin istehsalı və gəliri ciddi şəkildə artmırsa, əməkhaqqının sürətlə artırılması onun xərclərini yüksəldir və bu xərcin bir hissəsi məhsul və xidmətlərin qiymətinə keçir. Buna görə davamlı maaş artımının əsas mənbəyi iqtisadiyyatda daha çox əlavə dəyərin yaradılmasıdır”, - deyə ekspert qeyd edib.
O bildirib ki, Azərbaycanda bir sıra ərzaq məhsulları, xammal, avadanlıq və digər məhsulların idxaldan asılılığı da qiymət artımına təsir göstərir. Dünya bazarında qiymətlərin, daşınma və logistika xərclərinin yüksəlməsi daxili bazarda da bahalaşmaya səbəb olur.
Ekspert xüsusilə ərzaq qiymətlərinin artmasının aşağı və orta gəlirli ailələrə daha ciddi təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu ailələrin büdcəsində ərzağın payı daha yüksək olduğundan qiymət artımını daha ağır hiss edirlər.
“Ən təhlükəli vəziyyət maaş artımının əsasən nominal qalması, qiymət artımının isə gündəlik xərclərdə daha sürətli hiss edilməsidir. İnsan maaşının artdığını görür, amma ayın sonunda əvvəlki qədər məhsul ala bilmədiyini müşahidə edir. Bu halda statistik olaraq gəlirlər artsa da, real rifah yüksəlmir”, - Akif Nəsirli deyib.
İqtisadçı hesab edir ki, problemin həlli yalnız maaşların inzibati qaydada artırılmasından keçmir. Onun fikrincə, maaş artımı məhsuldarlıq və iqtisadi artımla dəstəklənməlidir.
Ekspert yüksək məhsuldarlığa malik sahələrin, sənaye, kənd təsərrüfatı, texnologiya və xidmət sektorlarının inkişaf etdirilməsini vacib sayır. Bununla yanaşı, rəqabətin gücləndirilməsi, bazarda dominant mövqedən sui-istifadə və süni bahalaşma hallarının qarşısının alınması da qiymətlərin sabitləşdirilməsinə kömək edə bilər.
Akif Nəsirli ərzaq qiymətlərinin sabitləşdirilməsi üçün yerli istehsalın artırılmasını, fermerlərin istehsal xərclərinin azaldılmasını, suvarma və logistika imkanlarının yaxşılaşdırılmasını, həmçinin anbar və soyuducu şəbəkəsinin genişləndirilməsini təklif edib.
Onun sözlərinə görə, sosial baxımdan minimum əməkhaqqı, pensiya və sosial ödənişlərin müəyyən dövrlərdə inflyasiyaya uyğun indeksləşdirilməsi də əhalinin alıcılıq qabiliyyətinin qorunmasına kömək edə bilər.
“Əsas hədəf maaşların qiymətlərin arxasınca qaçdığı vəziyyətdən çıxmaqdır. Qiymətlər hər il artır, maaşlar isə yalnız həmin bahalaşmanı kompensasiya etmək üçün yüksəldilirsə, bu, real rifah artımı yaratmır. Davamlı həll yolu məhsuldarlığın yüksəldilməsi, rəqabətli iqtisadiyyatın qurulması, ərzaq və idxal asılılığının azaldılması və əldə olunan iqtisadi artımın əməkhaqqına daha böyük payla çevrilməsidir”, - deyə ekspert əlavə edib.