Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir?


Bu gün aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir.

Məhz sosial yardım aztəminatlı ailələrin maddi yükünün azaldılması və onların sosial təminatının gücləndirilməsi baxımından mühüm mexanizmlərdən biridir.

Lakin bəzi vətəndaşlar sosial yardım üçün müraciət zamanı tələb olunan məlumatları düzgün təqdim etmədikləri və ya sistemin tələblərini tam bilmədikləri üçün müxtəlif çətinliklərlə qarşılaşırlar.

Bu isə həm müraciət prosesinin uzanmasına, həm də yardımın təyin olunmamasına səbəb ola bilər.

Digər tərəfdən, əhalinin sosial yardım sistemi ilə bağlı məlumatlılığının artırılması və müraciət qaydalarının daha aydın izah edilməsi bu problemlərin qarşısının alınmasında mühüm rol oynayır.

Bəs vətəndaşların sosial yardım üçün müraciət edərkən ən çox yol verdiyi səhvlər hansılardır?

Sosioloq Hüseyn İbrahimov “Cebheinfo.az”-a bildirib ki, vətəndaşların sosial yardım almaları ilə bağlı müraciətlərdə ən mühüm problemlərdən biri onların özləri haqqında real vəziyyətlərini əks etdirən məlumatları olduğu kimi təqdim etməmələridir:

“Bu proseslə bağlı cəmiyyətdə kifayət qədər maarifləndirmə aparılır. Həm sosial şəbəkələrdə, həm də vətəndaşlar bununla bağlı müvafiq qurumlara müraciət etdikləri zaman lazımi məlumatları əldə edə bilirlər. Ancaq yenə də vətəndaşlar özləri haqqında məlumatları təqdim edərkən müəyyən yanlışlıqlara yol verirlər.

Vətəndaş ünvanlı sosial yardım almaq üçün müraciət edərkən özünə aid, hüquqi ixtiyarında olan mülkiyyət formaları, həcmindən asılı olmayaraq, daşınan və ya daşınmaz hər hansı əmlak haqqında məlumatları qeyd edərkən bir çox hallarda yanlışlıqlara yol verir.

Sonra həmin ünvana baxış keçirilən zaman məlum olur ki, vətəndaşın verdiyi məlumatlarla onun real vəziyyəti üst-üstə düşmür. Bu kimi faktlar kifayət qədər çoxdur. Bir çox hallarda elə vətəndaşlar var ki, ünvanlı sosial yardım almaq üçün spontan (latınca spontaneus sözündən yaranmışdır - anidən və təbii şəkildə, əvvəlcədən planlaşdırılmadan meydana gələn hadisələr, hərəkətlər və ya vəziyyətləri təsvir edən bir anlayışdır) şəkildə addım atırlar.

Yəni “alınar-alınar, alınmaz-alınmaz”. Amma həqiqətən belə bir yardıma ehtiyacı olan insanların bir çoxu bu məsələyə çox ciddi yanaşırlar. Çünki bu, onların mövcud real vəziyyətini əks etdirir.

Ünvanlı sosial yardımın kimlərə verilməsi ilə bağlı müvafiq qurumların informasiya resurslarında kifayət qədər geniş məlumat yerləşdirilir. İnsanlar bunu oxuyaraq öz məlumatlılıqlarını artırmalı, məsələləri bir daha nəzərdən keçirməli və yalnız bundan sonra müraciət etməlidirlər”.

Onun sözlərinə görə, elə şəxslər də var ki, sadəcə başqasının sosial yardım aldığını eşidir və heç bir kriteriya və şərtlərlə tanış olmadan sosial yardım almaq üçün müraciət edir:

“Bu baxımdan vətəndaş, ilk növbədə, özünün həmin kriteriyalara uyğun olub-olmadığını qiymətləndirməli və bəyannaməni müvafiq quruma göndərməlidir ki, sonradan nəticədən narazı qalmasın. Ünvanlı sosial yardım barədə məlumatlılığın artırılması üçün kifayət qədər addımlar atılır.

Ancaq yaxşı olar ki, maarifləndirmə istiqamətində vətəndaş cəmiyyəti təsisatlarının rolu artsın. Dövlət orqanlarının kifayət qədər məlumat bazası var”.

Sosioloq qeyd edib ki, vətəndaş cəmiyyəti institutlarının, xüsusən də yerli özünüidarəetmə orqanlarının, yəni bələdiyyələrin vətəndaşlarla daha sıx işləməsinə və geniş maarifləndirmə aparmasına böyük ehtiyac var.


MANŞET XƏBƏRLƏRİ