Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib.
Sərinləmək üçün əvəzolunmaz vasitəyə çevrilən kondisionerdən düzgün istifadə edilməməsi isə müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.
Xüsusilə ani temperatur dəyişiklikləri, kondisionerin qarşısında uzun müddət qalmaq və cihazın vaxtında təmizlənməməsi insanların yol verdiyi əsas səhvlər sırasındadır.
Eyni zamanda, kondisionerli mühitdə temperaturun hər kəsə eyni təsir göstərmədiyini də nəzərə almaq vacibdir. Məsələn, bir insan üçün normal hesab olunan sərinlik digər şəxsdə narahatlıq yarada bilər. Xüsusilə uşaqların və yaşlı insanların temperatur dəyişikliklərinə həssaslığını da nəzərə almaq lazımdır.
Bəs yayda kondisionerdən istifadə hansı hallarda xəstəlik riskini artırır və insanlar bu zaman hansı yanlışlıqlara yol verirlər?
"Cebheinfo.az"-a açıqlamasında həkim Rasif Bağırov bildirib ki, yayda kondisionerdən istifadə insanların rahat həyat şəraiti üçün vacib amillərdən biridir.
O qeyd edib ki, amma kondisionerdən istifadə qaydalarına düzgün əməl edilməlidir:
"Bayırdakı temperaturla kondisioner işləyən otaqdakı temperatur arasında həddindən artıq kəskin fərqə yol vermək olmaz. Çünki bir temperaturdan digərinə keçid zamanı kəskin fərq yarandıqda insan orqanizmi bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkə bilər.
Gənc insanların, uşaqların orqanizmi temperatur dəyişikliklərinə daha tez uyğunlaşa bilsə də, yaşlı insanların həmin prosesə uyğunlaşması daha çətin olur.
Nəticədə ürək-damar sistemi, eyni zamanda sinir sistemi temperatur dəyişikliklərinə düzgün reaksiya verə bilmədikdə insanlarda müxtəlif narahatlıqlar, hətta ciddi sağlamlıq problemləri yarana bilər. Ona görə də kondisionerdən istifadə zamanı bu məqamları mütləq nəzərə almaq lazımdır".
Onun sözlərinə görə, kondisionerin filtrləri mütləq tez-tez və istehsalçı tərəfindən müəyyən edilmiş müddətlərdə təmizlənməlidir:
“Çünki filtrlərdə toz toplandıqda, kondisioner hər dəfə işə salınarkən həmin xırda toz hissəcikləri hava ilə birlikdə otağa yayıla bilər. Nəticədə insanlar fərqinə varmadan həmin hava ilə nəfəs alır və bu da müəyyən narahatlıqlara səbəb ola bilər.
Ona görə də kondisionerdən istifadə zamanı bütün bu proseslərə ciddi nəzarət etmək lazımdır. Eyni zamanda, kondisionerin iş rejimi standartlara uyğun tənzimlənməli, otaqdakı nəmişlik və havanın həddindən artıq qurumasının qarşısı alınmalıdır.
Bu məsələlərə diqqət yetirmək vacibdir ki, kondisioner yay aylarında insan sağlamlığı üçün əlavə risk yaratmasın. Ən əsası isə çöldəki hava temperaturu ilə kondisionerin yaratdığı temperatur arasında kəskin fərq olmamalıdır.
Temperaturun tədricən dəyişməsi vacibdir ki, insan orqanizmi ani temperatur fərqinə məruz qalmasın və bunun nəticəsində arzuolunmaz reaksiyalar yaranmasın".