Rusiya Prezidenti Vladimir Putin Avropa Birliyinin Rusiya ticarət gəmilərini ələ keçirməsi halında Moskvanın cavab verəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, Putin Rusiyanın Saxalin vilayətinin inzibati mərkəzi Yujno-Saxalinsk şəhərinə səfəri zamanı Sakit Okean Donanmasının hərbi təlimlərinin son mərhələsini izləyib və “Varyaq” kreyserində donanma komandirləri ilə görüşüb.
Putin çıxışı zamanı Avropa Birliyinin Rusiya gəmilərinə qarşı mümkün addımlarına münasibət bildirərək deyib: “Mümkün hesab etdiyimiz yerdə cavab verəcəyik. Mən bu məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyinə müvafiq təlimatlar vermişəm”.
Rusiya lideri Asiya-Sakit Okean regionunda hərbi-siyasi vəziyyətin gərginləşdiyini də bildirib.
“Bu bölgədə münaqişə potensialı artır. NATO buraya nüfuz edir. Hərbi-siyasi bloklar yaradılır və ölkəmiz üçün təhlükə yaradan yeni silah sistemləri yerləşdirilir”, – deyə Putin qeyd edib.
Putin həmçinin Arktikada Şimal Dəniz Yolunun istifadəsi ilə bağlı gərginliyin artdığını bildirib. Onun sözlərinə görə, regionda onsuz da kifayət qədər problem var.
Rusiya prezidenti Moskvanın beynəlxalq dəniz hüququ çərçivəsində Arktikada əməkdaşlığa açıq olduğunu vurğulayıb. O, Çin, Hindistan və digər dost ölkələrin bu istiqamətdə Rusiya ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.
AYtən Yaşar/ Turkustan.az