Türkiyəli uşaq və yeniyetmə psixiatriyası mütəxəssisi, dosent Dr. Melek Gözde Luş autizm spektr pozğunluğunun əsas xüsusiyyətləri, erkən yaşlarda müşahidə olunan əlamətləri və sosial ünsiyyətdə yaratdığı çətinliklər barədə məlumat verib.
Turkustan.az xəbər verir ki, Luşun sözlərinə görə, autizm spektr pozğunluğu sosial ünsiyyət və qarşılıqlı əlaqədə çətinliklər, təkrarlanan və stereotipik davranışlar, eləcə də müxtəlif duyğu həssaslıqları ilə xarakterizə olunan neyroinkişaf vəziyyətidir.
Mütəxəssis bildirib ki, müasir tibbdə autizm vahid bir vəziyyət kimi deyil, fərqli xüsusiyyət və səviyyələri əhatə edən “autizm spektr pozğunluğu” anlayışı ilə qiymətləndirilir.
Onun sözlərinə görə, əvvəllər ayrıca diaqnoz kimi qəbul edilən Asperger sindromu və atipik autizm kimi hallar da hazırda autizm spektri çərçivəsində nəzərdən keçirilir.
O, xüsusilə sosial ünsiyyət və qarşılıqlı əlaqədə müşahidə olunan çətinliklərin autizm spektrinin əsas xüsusiyyətlərindən biri olduğunu vurğulayıb.
Mütəxəssis autizm spektr pozğunluğu ilə əlaqəli bəzi əlamətlərin təxminən 1,5 yaşından etibarən müşahidə oluna biləcəyini bildirib.
Onun sözlərinə görə, sosial qarşılıqlı əlaqədə çətinlik, sosial təbəssümə cavab verməmək, adına səslənəndə baxmamaq və ya çağırışa reaksiya verməmək erkən mərhələdə diqqət çəkə biləcək əlamətlər sırasındadır.
Mütəxəssis həmçinin uşağın valideynləri ilə “bax-bax” kimi qarşılıqlı oyunlara qoşulmamasının, göstərilən əşyaya və ya istiqamətə baxmamasının, ətrafındakı insanlara və hadisələrə gözlənilən marağı göstərməməsinin sosial ünsiyyət baxımından diqqətlə qiymətləndirilməli olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az