Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və TƏBİB-in dəstəyi ilə, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı çərçivəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasında “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı seminar baş tutub.
QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi hemofiliyanın müalicəsi sahəsində həkim və tibb bacılarının bilik və bacarıqlarını artırmaq, eləcə də müasir müalicə yanaşmalarının tətbiqini təşviq etmək olub.
Xəstəxananın direktoru Zamin Fərziyev giriş sözündə hemofiliya xəstələrinin keyfiyyətli və fasiləsiz tibbi xidmətlə təmin olunmasında peşəkar əməkdaşlığın və maarifləndirici tədbirlərin rolunu vurğulayıb. O, regionlarda yaşayan pasiyentlərin zəruri dərman preparatları ilə təminatının və müasir müalicə imkanlarına əlçatanlığının artırılmasının əhəmiyyətini də diqqətə çatdırıb.
Elmi-praktik Seminarda aşağıdakı mütəxəssislər təqdimatlarla çıxış ediblər:
- Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov – “Beynəlxalq təcrübəyə əsaslanan evdə müalicənin tətbiqi və faydası”
- Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim-hematoloqu Aytac Novruzova – “Hemofiliyanın multidissiplinar müalicə modeli”
- Sumqayıt Hospitalının baş tibb bacısı Mirvarid Siracova – “Hemofiliyanın müalicəsində tibb bacısının rolu”
- MediClub Təcili və Təxirəsalınmaz Tibbi Yardımın həkim-terapevti Məhəmməd Kərimli – “Xarici və daxili qanaxmalar zamanı təcili tibbi yardım”
Tədbirin yekununda qanaxmalar zamanı ilkin müdaxilə ilə bağlı praktiki nümayiş keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Layihənin əsas məqsədi hemofiliyanın ev şəraitində müalicə və profilaktikası modelini təşviq etmək, pasiyentlərin həyat keyfiyyətini yüksəltmək, həmçinin uşaqların fiziki məhdudiyyət və əlillik yaranmadan sağlam böyüməsinə töhfə verməkdir.





