Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Məzlum Əbdi avqustun 25-də təşkilatın ləğv edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, razılaşmaya əsasən, SDQ-nin silahlı qüvvələrinin Suriya ordusuna, bölgədəki mülki və inzibati qurumların isə mərkəzi hökumətə tabe olması nəzərdə tutulur.
Razılaşma Suriyanın şimal-şərqində SDQ-nin illərdir mövcud olan muxtar idarəçilik strukturunun sona çatmasını nəzərdə tutur.
Razılaşmaya əsasən, 5 mindən çox SDQ üzvü Hasekə bölgəsindəki Suriya ordusunun dörd briqadasına inteqrasiya ediləcək. YPG-nin qadın qanadı YPJ-nin isə Daxili İşlər Nazirliyinin tabeliyində olan təhlükəsizlik qüvvələrinə qoşulacağı və antiterror əməliyyatlarında iştirak edəcəyi bildirilir.
Siyasi razılaşma çərçivəsində SDQ lideri Məzlum Əbdinin Suriya Prezidenti Əhməd əş-Şaranın müşaviri olması, kürd siyasətçi İlham Əhmədin isə parlamentdə təmsil olunması nəzərdə tutulur.
Suriya hakimiyyəti həmçinin kürdləri ölkənin ayrılmaz hissəsi kimi tanıyıb, Novruzu rəsmi bayram elan edib və kürd dilinə milli dil statusu verib. SANA-nın məlumatına görə, 2026–2027-ci tədris ilindən kürd dili məktəblərdə həftədə iki saat seçmə fənn kimi tədris olunacaq.
Kürd tərəfi isə kürd dilinin konstitusiyada yalnız seçmə fənn kimi deyil, rəsmi və tədris dili kimi tanınmasını tələb edir.
Türkiyə və ABŞ razılaşmanı müsbət qarşılayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə razılaşmanın müsbət olduğunu, lakin əsas məsələnin onun praktikada həyata keçirilməsi olduğunu bildirib.
Brukinqs İnstitutunun Türkiyə Layihəsinin direktoru Aslı Aydıntaşbaşın sözlərinə görə, SDQ-nin Suriya dövlətinə inteqrasiyası Türkiyənin təhlükəsizlik narahatlıqlarını əhəmiyyətli dərəcədə azalda bilər.
Aytən Yaşar/ Turkustan.az