Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyaya qarşı hücumların davam edəcəyi təqdirdə Ukraynadan kənardakı Britaniya hərbi obyektlərinin hədəfə alına biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Zaxarova Moskvada keçirdiyi həftəlik brifinqdə Fransa, Böyük Britaniya və Almaniyanı Ukrayna ilə bağlı gərginliyi artırmaqda ittiham edib.
O, London və Parisin Ukraynaya hərbi sistemlər verməklə Rusiyaya qarşı hücumlardakı məsuliyyətdən yayınmağa çalışdığını iddia edib.
“Bu, işə yaramayacaq. Paris, London, Berlin və digər ölkələr terror hücumlarına görə birbaşa məsuliyyət daşıyırlar”, – deyə, Zaxarova bildirib.
Rusiya rəsmisi Böyük Britaniyanın 2023-cü ildən Ukraynaya “Storm Shadow” qanadlı raketləri tədarük etdiyini və Londonun Kiyevə bu raketlərin istehsalı üçün texniki məlumatlar verməyi planlaşdırdığını da iddia edib.
Zaxarova əlavə edib ki, Rusiyanın mülki əhalisinə qarşı hücumlarda iştirak edən şəxslər və strukturlar “müvafiq şəkildə cəzalandırılacaqlar”.
Aytən Yaşar/ Turkustan.az