Dubaya köçməyi planlaşdıran şəxslərin ən azı üç aylıq yaşayış xərclərini qarşılayacaq maliyyə ehtiyatına sahib olması tövsiyə edilir. İş müqaviləsi olmadan bu şəhərə köçmək isə daha böyük maliyyə riski yarada bilər.
Turkustan.az xəbər verir ki, ekspertlərin fikrincə, sosial şəbəkələrdə Dubaya köçmək və burada yeni həyata başlamaq asan görünsə də, reallıqda ilk aylar, xüsusilə iş tapılmadığı halda, kifayət qədər çətin keçə bilər.
Mütəxəssislər qənaətcil həyat tərzi sürən tək bir şəxsin minimum üç aylıq yaşayış xərcini əvvəlcədən toplamasını məsləhət görürlər. Daha təhlükəsiz variant isə dörd-altı aylıq maliyyə ehtiyatına sahib olmaqdır.
Öz mənzilini kirayələmək, avtomobil almaq və ya daha yüksək həyat səviyyəsi ilə yaşamaq istəyənlərin isə daha böyük büdcəyə ehtiyacı olacaq.
Ən böyük xərc mənzildir
Dubayda qısamüddətli mənzil kirayəsi uzunmüddətli kirayə ilə müqayisədə xeyli baha ola bilər. Buna görə bəzi şəxslər ilk mərhələdə otaq kirayələyir və ya başqa insanlarla birlikdə mənzildə yaşayırlar. Sabit gəlir əldə etdikdən sonra isə ayrıca mənzilə köçürlər.
İlk ayın xərcləri yalnız kirayə haqqı ilə məhdudlaşmır. Aviabilet, yaşayış, qida, nəqliyyat, mobil rabitə, viza ilə bağlı mümkün ödənişlər, iş axtarışı zamanı çəkilən xərclər və digər gündəlik ödənişlər də büdcədə nəzərə alınmalıdır.
Nəqliyyatda qənaət etmək mümkündür
Dubayın metro və avtobus sistemi şəhərin bir çox ərazisini əhatə edir. Standart nəqliyyat kartı ilə bir zona daxilində gediş haqqı 3 dirhəmdən başlayır.
30 günlük ictimai nəqliyyat kartının qiyməti isə istifadə olunan zonaların sayından asılı olaraq 140, 230 və ya 350 dirhəm təşkil edir.
Ekspertlər gündəlik xərclərlə yanaşı, gözlənilməz hallar üçün ayrıca ehtiyat fondunun olmasını da vacib hesab edirlər. İşə başlama tarixinin gecikməsi, işə qəbul edilməmək, əlavə mənzil xərclərinin yaranması və ya təcili şəkildə ölkəyə qayıtmaq zərurəti büdcəyə ciddi təsir göstərə bilər.
Dubaya köçmək üçün nə qədər pul lazımdır?
İş müqaviləsi olmayan və qənaətcil həyat sürən tək bir şəxsin təxminən 13.500-26000 manat həcmində maliyyə ehtiyatı ilə Dubaya köçməsi tövsiyə olunur.
Öz mənzilini kirayələmək, avtomobil almaq və bir neçə ay ərzində iş axtarmağı planlaşdıran şəxslər üçün tələb olunan məbləğ daha yüksək ola bilər.
Əgər şəxs Dubaya əvvəlcədən əldə etdiyi iş müqaviləsi ilə gedirsə, vəziyyət fərqli ola bilər. Bəzi işəgötürənlər əməkdaşlarına yaşayış yeri və digər güzəştlər təqdim edirlər.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərində müəyyən şərtlərə cavab verən işçilərə məhdud müddət ərzində maliyyə dəstəyi göstərən işsizlikdən sığorta sistemi də mövcuddur./lent.az