Qətli 31 il sonra canlı yayımda etiraf edən Elşad Əliyevi nə gözləyir? – Açıqlama


Elşad Əliyev adlı şəxsin 1995-ci ildə Sədərək döyüşlərinin iştirakçısı Yusif Orucovun qətlində iştirak etdiyini deməsi diqqət çəkib. O, “Səs TV”nin canlı yayımında şəxsi zəmində Yusif Orucovun qətlə yetirilməsində rol aldığını bildirib. E.Əliyev cəzasını çəkməyə hazır olduğunu qeyd edib.

Maraqlıdır, 30 il əvvəl törədildiyi bildirilən bu cinayətlə bağlı həmin şəxsin indi məsuliyyətə cəlb olunması mümkündürmü?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, bu etiraf hüquqi baxımdan ayrıca qiymətləndirilməlidir:

“Şəxsin canlı efirdə cinayəti etiraf etməsi avtomatik olaraq onun həbs ediləcəyi anlamına gəlmir. Burada əsas məsələ cinayətin hüquqi tövsifi, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsi və həmin müddətin hesablanmasına təsir edən halların olub-olmamasıdır”.

mehman muradli
Mehman Muradlı

Mehman Muradlı qeyd edib ki, şəxsin kimliyi əvvəldən müəyyən edilməyibsə və sonradan onun cinayətdə iştirakı barədə məlumat ortaya çıxıbsa, hüquq-mühafizə orqanları bu məlumatı araşdırmalı və digər sübutlarla birlikdə qiymətləndirməlidir:

“30 ilin keçməsi də, etirafın səsləndirilməsi də özlüyündə şəxsin məsuliyyətə cəlb olunması və ya məsuliyyətdən azad edilməsi barədə qəti nəticə çıxarmağa əsas vermir. Azərbaycan qanunvericiliyinə görə, cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayətin ağırlıq dərəcəsindən asılı olaraq 2, 7, 12 və 20 il təşkil edir. Lakin şəxs istintaqdan və ya məhkəmədən gizlənibsə, müddətin axımı dayanır. Şəxs tutulduqda və ya könüllü gəlib təqsirini etiraf etdikdə müddətin axımı yenidən davam edir. Bu səbəbdən cinayətin üstündən 30 il keçməsi avtomatik olaraq şəxsin məsuliyyətdən azad olunması demək deyil. Konkret nəticə cinayətin növündən, hüquqi tövsifindən və şəxsin həmin müddətdə istintaqdan və ya məhkəmədən gizlənib-gizlənməməsindən asılıdır”.


MANŞET XƏBƏRLƏRİ