Azərbaycanın azadlıq mübarizəsində Mirzə Bala Məmmədzadə


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

Dövrünün tanınmış siyasi,ictimai xadimi Mirzə Bala Məmmədzadə 1898-ci il avqustun 13 –də Abşeronun Zirə kəndində,balıqçı ailəsində anadan olmuşdur.Mirzə Balanın atası ailəsini dolandırmaq üçün əsrin əvvəllərində Bakıya köçmüş və şəhərin Çəmbərəkənd adlanan hissəsində məskən salmışdır.Mirzə Bala 7-ci “Rus-tatar” məktəbinə daxil olmuş və 1914-cü ildə oranı bitirmişdir.Artıq bu zaman onun atası vəfat etmişdir.O,ədəbi yaradıcılığa hələ məktəbdə oxuyarkən başlamışdır. “Rus-tatar” məktəbini bitirdikdən sonra Mirzə Bala 3-cü ali ibtidai məktəbi də başa vurdu,sonra isə təhsilini Bakı texniki sənaye məktəbində (rus dilində) davam etdirdi.

1917-ci idə Rusiyada fevral burjua inqilabı baş verdi.Həmin ilin mart ayından bütün partiyalar açıq fəaliyyətə keçdilər.Mirzə Bala Məmmədzadə siyasi hadisələrə yaxından qoşuldu. O, bu dövrdə artıq açıq fəaliyyətə keçmiş müsəlman demokratik “Müsavat” partiyasının sıralarına daxil olmuşdu.Həmin dövrdə Məmməd Əmin Rəsulzadənin (1884-1955) rəhbərlik etdiyi “Müsavat” firqəsinin irəli sürdüyü “Azərbaycana muxtariyyat” şüarı altında Bakıda və qəzalarda geniş xalq hərəkatı başlanmışdı.Rus müstəmləkə zülmünə qarşı yönələn və milli azadlıq qayəsi daşıyan bu mübarizə tarixə milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.

Mirzə Bala Məmmədzadə həmin dövrdə “Açıq söz”,”Bəsirət” və sairə mətbuat orqanlarında həyat,yaşam, siyasi problemlər ilə bağlı xeyli məqalələr çap etdirmişdi.

Mirzə Bala Məmmədzadə 1918-ci ilin əvvəlində yaranmış Zaqafqaziya Seyminin fəaliyyəti dövründə artıq Gürcüstanın mərkəzində məskən salmışdır və siyasi-ictimai fəaliyyətini Tiflisdə davam etdirmişdi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.Həmin il iyulun 23-də “Gənclər yurdu”(əvvəlcə həftəlik,sonra isə ayda iki dəfə) jurnalı nəşr olunmağa başlandı.Jurnalın redaktorları T.F.Hacızadə və M.B.Məmmədzadə idi.”Müsavat” partiyasının nəzdində yaranmış “Gənclər cəmiyyəti”nin orqanı olan bu jurnal həmin il noyabrın 15-də bağlandı (bu vaxta qədər 35 nömrəsi çap edilmişdi).Həmin dövrdə Mirzə Balanın Tiflisdə “İki inqilab arasında” adlı risaləsi (traktat) çap olunmuşdu.Kitabçada 1905 və 1917-ci illər arasında olan dövrdə Azərbaycanda mətbuat,maarif,ədəbiyyat,teatr, ruhani və qadın məsələləri tarixinə ümumi bir nəzər salınmışdır.

1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan Məclis-i Məbusanında stenoqrafçı işləyən Mirzə Bala Məmmədzadə 1919-cu ilin noyabrında “Müsavat” partiyasının Bakı komitəsinə üzv seçilmişdi.Bir az bundan əvvəl,sentyabrın 16-da isə Azərbaycan Dövlət Teatrında onun “Bakı uğrunda mübarizə” pyesinin ilk tamaşası oldu.O,həmin dövrdə müxtəlif mətbuat orqanlarında xeyli publisist əsərlərini də çap etdirmişdi.

1920-ci il aprelin 27-də Azərbaycanın rusların XI Qızıl Ordu tərəfindən işğalı başlandı.Həmin ayın 28-də axşam Bakının dağlıq hissəsində yerləşən Cəfər Cabarlının evində (bu ev çoxdan sökülmüşdür) Azərbaycan Milli İstiqlal hərəkatının başçısı və “Türk ədəmi-mərkəziyyət partiyası Müsavat”ın Mərkəzi Komitəsinin sədri Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında rus istilaçılarına qarşı mübarizə aparmaq üçün gizli Müqavimət Komitəsi quruldu.Bu komitənin sədrliyinə Mirzə Bala Məmmədzadə təyin olunmuşdu.Katib vəzifəsini isə Cəfər Cabbarlı yerinə yetirmişdir.Bu müqavimət komitəsinin üzvləri bütün hazırlıq işlərini görərək,gizli mətbəə yaratmış və “İstiqlal” qəzetini nəşr etməyə başlamışdı.Bundan başqa,onlar istilaçıların göstərişi ilə yaranmış müstəmləkə üsul-idarəsinin rəhbərliyinə seçilən yerli satqınlar və vətən xainlərinə qarşı açıq mübarizəyə girişmişdilər.Mirzə Balanın Bakı Kommunasının 27 kommisarı Nəriman Nərimanovla, Səməd ağa Ağamalıoğlu,Vartazar ləqəbi ilə tanınan Əliheydər Qarayev,Çingiz İldırım və başqa şəxslərlə siyasi çəkişmələri xalq tərəfindən alqışlarla qarşılanmışdı.Azərbaycan Xalq Komissarları Şurası Qarabağ,Zəngəzur,Naxçıvan,Dilican,Göyçə mahallarını və Göyçə (ermənilər bu gölə Sevan deyirlər) gölünü Ermənistanın XI Qızıl Ordu tərəfindən işğalından üç gün sonra,yəni 1920-ci il dekabrın 1-də Rusiyanın bir əmri ilə ermənilərə verdilər.Yalnız Mirzə Bala Məmmədzadənin rəhbərliyi altında gizli fəaliyyət göstərən “Müsavat” partiya üzvlərinin fəal təbliğatından və yerli satqınlarla uzun çəkişmələrdən sonra Qarabağı əldə saxlamaq mümkün olmuşdu.Naxçıvan ərazisi də yerli əhalinin Nərimanovçulara kəskin müqaviməti nəticəsində və gizli fəaliyyət göstərən “Müsavat” partiyası rəhbərliyinin Mustafa Kamal Atatürkün Böyük Millət Məclisi hökuməti ilə diplomatik kanallar vasitəsi ilə əlaqəsindən sonra Naxçıvan 1921-ci il oktyabrın 13–də başlanmış Türkiyə-Rusiya müqaviləsi ilə Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlanılmışdı.Zəngəzur və Göyçə mahallarını geri qaytarmaq mümkün olmamışdı.

Mirzə Bala Məmmədzadə həmin dövrdə Azərbaycan xalq təsərrüfatı şurasında tərcüməçi və orta məktəbdə müəllim işləmişdir.O,mətbuatla da əlaqəsini üzməmiş “Yeni Yıldız” jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr çap etdirmişdir (1921-ci il,№1 və 1922-ci il,№2-3).Onu da qeyd edək ki,ana dilində “Azərbaycan tarixi” anlayışınının əsasını qoyan Mirzə Bala Məmmədzadədir.1922-ci ildə Bakıda onun “Azərbaycan türk mətbuatı” adlı kitabı nəşr olunmuşdur.

Milli münasibətlər sahəsində guya mövcud olmuş Lenin konsepsiyası isə bu adın ətrafında yaranmış və reallıqla heç bir əlaqəsi olmayan saysız-hesabsız miflərdən biridir.1922-ci ilə kimi Lenin sərt mərkəzləşdirilmiş rus unitar dövlətinin tərəfdarı olmuşdur ki,bu da faktiki olaraq dəyişmiş formada Rusiya imperiyasının saxlanması demək idi.Leninin hər cür milli-mədəni muxtariyyat prinsipinin qəti əleyhdarı olması və qeyri-rus xalqların assimilyasiyasını mütərəqqi hal hesab etməsi faktlarını da buraya əlavə etsək,aydın olar ki,o,mahiyyət etibarıilə böyük dövlətçilik və hakimiyyətçilik mövqeyində dururdu.Təsadüfi deyildir ki,1918-ci il yanvarın 10-da III Ümumrusiya Sovetlər qurultayı tərəfindən qəbul edilmiş “Zəhmətkeş və istismar olunan xalqın hüquq bəyannaməsi” keçmiş Rusiya imperiyasının müstəmləkə ucqarlarında yaranmış bütün milli hökumətləri qeyri-qanuni elan edərək,onları monarxistlər və dünya burjuaziyası ilə bir cərgəyə qoyurdu.Lenin tədricən bütün hakimiyyətini qəsb edən Stalinin “muxtariyyətləşmə” planını tənqid edərək federasiyaya tərəfdar çıxması faktına gəlincə isə, bu heç bir real əhəmiyyəti olmayan taktiki gedişdən başqa bir şey deyildir.1922-ci ilin sonunda yaradılmış SSRİ öz xarakterinə görə imperiya və Rusiya İmperiyasının (1721-1917) davamı idi.

Hələ XIX əsrdə Fridrix Engels yazırdı ki,monqol işğalından sonra yaranmış mərkəzləşdirilmiş rus dövlətinin yeganə bir siyasəti olmuşdur ki,bu da dünya ağalığı siyasətidir.Lenin tərəfindən irəli sürülmüş dünya inqilabı ideyası həmin dünya ağalığı siyasətinin dəyişmiş şəraitə uyğunlaşdırılmış yeni formasından başqa bir şey deyildi.Azərbaycanda 1918-ci ilin mart qırğınına gətirib çıxaran da məhz bolşeviklərin bu dünya ağalığı ideyası idi.

Bilindiyi kimi ,həmin hadisələr vaxtı təkcə Bakıda 15 mindən artıq dinc Azərbaycan türkü öldürülmüşdür.Düzdür,son vaxtlar həmin qırğını ayrı-ayrı şəxslərin və ilk növbədə Şaumyanın adı ilə bağlamaq üçün cəhdlər edilir.Lakin faktlar göstərir ki,minlərlə günahsız Azərbaycan türkünün həyatı bahasına başa gəlmiş mart hadisələrinin təşkilatçısı, rəhbəri və icraçısı bütövlükdə bolşeviklər partiyası olmuşdur.

Mart qırğınından sonra şübhəsiz ki, Azərbaycanın Rusiya tərkibində muxtariyyətindən söhbət gedə bilməzdi.Bu hadisələr “Müsavat”ın milli proqramının daha da radikallaşmasına səbəb oldu və partiya artıq Azərbaycanın tam dövlət müstəqilliyi xəttini yeritməyə başladı ki, bu da 1918-ci ilin mayın28-də Azərbaycanın istiqlaliyyətinin elan olunması və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.1920-ci ilin apel ayının 27-də Azərbaycan yenidən işğal olundu.

Gizli çap olunan “İstiqlal” qəzetinin mətbəəsinin yeri 1923-cü ilin iyul ayında yerli hökumət orqanları tərəfindən müəyyənləşdiriləndən sonra Müqavimət Komitəsinin üzvləri həbs olunmuşdu. Lakin Mirzə Bala Məmmədzadə imkan taparaq gizlənə bilmişdi.1924-cü ilin baharın axırına qədər gizli yaşayan Mirzə Bala Məmmədzadə may ayında Qacar Dövlətinin (1785-1925) Ənzəli şəhərinə mühacirət etmişdir.Bir müddət Təbrizdə yaşayan,sonra Sulduz şəhəri ətrafında şosse yolu çəkilişində mühəndis-texnik işləyən Mirzə Bala Məmmədzadə İstanbulda Məmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşr olunan “Yeni Qafqasiya” jurnalına məqalələr göndərir.1927-ci ildə o,İstanbula köçür. Elə həmin il İstanbulda onun “Azərbaycan missaki millisi:28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili” kitabını çap edilir.Yenə həmin ildə türk oxucuları Mirzə Balanın “Ermənilər və İran” kitabı ilə tanış olurlar.Mirzə Bala Məmmədzadə Məmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşr olunan “Azəri türk” (1928-1931) və “Odlu yurd”(1929-1931) jurnalları ilə yaxından əməkdaşlıq etmişdir.Bu jurnalların əsas yazarlarından olan Mirzə Balanın “Fətəli xan Xoyski,” “Doktor Həsən bəy” adlı məqalələri Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərini səciyyələndirmək baxımından çox qiymətlidir. Otuzuncu illərin əvvəllərində o,İstanbul universitetinin hüquq fakültəsini bitirir,tələbə olarkən “Azərbaycan yurd bilgisi” jurnalında da xeyli məqalələri çıxır.

1931-ci ildə Sovet İttifaqının tələbi və Türkiyə hökumətinin göstərişi nəticəsində Məmməd Əmin Rəsulzadə və silahdaşları İstanbulu tərk etməli oldular.Onlar Avropa ölkələrinə üz tutdular və Polşanın paytaxtı Varşavada yerləşdilər. Burada məqsəd xalqımızın yenidən öz istiqlalına qovuşmasına qədər rus imperializminə qarşı Azərbaycan davasını yürütmək idi.1932-ci ildən Mirzə Bala Məmmədzadə də Varşavaya köçdü.Onun bu dövrdə Berlində Məmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşr olunan “İstiqlal” (1932-1934) qəzetində və “Qurtuluş” (1934-1938) jurnalında Azərbaycan istiqlal probleminə həsr olunmuş xeyli məqalələri çap olunmuşdur.

1938-ci ildə Berlində “Qurtuluş” jurnalının mətbəəsində Mirzə Bala Məmmədzadənin “Milli Azərbaycan hərəkatı.Milli Azərbaycan “Müsavat” xalq firqəsinin tarixi” adlı tariximizi əks etdirən kitabı nəşr edilmişdir.Onu da qeyd edək ki,1936-cı ildə Varşavada keçirilmiş “Milli Azərbaycan “Müsavat” xalq firqəsi”nin üçüncü qurultayında Mirzə Bala Məmmədzadə yaxından iştirak etmişdir.Onun “Müsavat”partiyasının nəşr etdiyi bülletenlərdə rus müstəmləkə üsuli-idarəsini ifşa eləyən xeyli məqalələri çap olunmuşdur.

İkinci dünya müharibəsinin başlanması və Polşanın Hitler Almaniyası tərəfindən işğal olunması ilə əlaqədar olaraq Mirzə Bala Məmmədzadə də yenidən İstanbula köçməli olmuşdur.Onun bu dövrdən başlayaraq Türkiyədə nəşr edilən “Türk esiklopediyası” və “İslam ensiklopediyası”nda Azərbaycan tarixi ilə bağlı bir çox məqalələri çap edilmişdir.

1949-cu ildə Mirzə Bala Məmmədzadənin yaxından iştirakı ilə Ankarada “Azərbaycan Kültür Dərnəyi”nin əsası qoyulmuşdur. 1951-ci ildə həmin dərnəyin çap etdirdiyi Mirzə Bala Məmmədzadənin “Azərbaycan tarixində türk albaniyası” adlı əsəri xalqımızın keçmişini öyrənmək baxımından çox qiymətlidir.1952-ci ildən Ankarada “Azərbaycan Kültür Dərnəyi” tərəfindən buraxılan “Azərbaycan” jurnalında verilmiş tariximizlə bağlı bir çox məqalələri də bura əlavə etsək,Mirzə Bala Məmmədzadənin yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşır.O,1954-cü ildən etibarən Münhendə yerləşən SSRİ-ni öyrənən institutda çalışmış və Azərbaycan türkcəsində buraxılan siyasi jurnalın redaktoru olmuşdur.Bundan başqa,Mirzə Bala Məmmədzadə iki il institutda elmi şuranın sədri və iki il də sədr müavini vəzifəsini icra etmişdir.Onun Azərbaycan mühacir nəşrlərindən başqa, Türkiyənin bir çox qəzet və jurnallarında SSRİ-də mövcud olan totalitar rejimi tənqid atəşinə tutan xeyli məqalələri çap olunmuşdur. Ümumiyyətlə, Mirzə Bala Məmmədzadənin iki mindən çox məqaləsi çap olunmuşdur.O, yazılarında Mirzə Bala Nuhoğlu, A. Kut,M.M. Məmmədzadə, M.B. Daşdəmir və Əli Kutluk imzalarından istifadə etmişdir.Məmməd Əmin Rəsulzadənin vəfatından (1955) sonra “Müsavat” partiyasına və Azərbaycan Milli Mərkəzinə Mirzə Bala Məmmədzadə rəhbərlik etmişdir.Mirzə Bala Məmmədzadə Müsavat Partiyası başkanı 7 mart 1955 -8 mart 1959 olmuşdu.

Ömrünü xalqının milli istiqlalı yolunda fəda edən Mirzə Bala Məmmədzadə 1959-cu il martın 8-də İstanbulda ürək xəstəliyindən vəfat etmişdir.

Bir yazıçı,dramaturq,publicist,tənqidçi, tarixçi kimi Mirzə Bala Məmmədzadə Azərbaycan Milli İstiqlal hərəkatı tarixində tanınmış görkəmli şəxsiyyətlərdən biridir.


MANŞET XƏBƏRLƏRİ