Pensiya yaşı azaldılacaq? – Vacib AÇIQLAMA


Vaxtaşırı pensiya yaşının azaldılması ilə bağlı müzakirələr aparılır. Başqa ölkələrin təcrübəsinə istinad edilərək, bunun vacib olduğu deyilir. Üstəlik bir sıra amillər misal gətirilir, deyilir ki, yaş məsələsinə mütləq yenidən baxılmalıdır.

Hökumət isə birmənalı şəkildə bu məsələdə əvvəlki mövqedə qalır. Aidiyyatı dövlət qurumları arqumnet gətirərək pensiya yaşının dəyişməyəcəyini bildirir.

Hətta bəzən bir neçə il öncəyə aid çıxış və təkliflər yenidən aktuallaşır. Sosial şəbəkələrdə həmin çıxışlar təkrar yayılır. Belə nümunələrdən biri də Tahir Kərimlinin Milli Məclisdə deputat olduğu dövrdə etdiyi çıxışdır. Onun pensiya yaşının kişilər üçün 62, qadınlar üçün isə 59 yaş müəyyən edilməsini təklifi bu ünlərdə təkrar yayılıb.

Azərbaycanda pensiya yaşının və iş stajı tələbinin azaldılması mümkündürmü? Çoxuşaqlı qadınlar üçün xüsusi güzəştlərin tətbiqinə ehtiyac varmı?

Turkustan.az-a danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədov deyib ki, pensiya yaşının azaldılması ilə bağlı müzakirələr uzun müddətdir Milli Məclisdə davam edir və bu gün də bəzi deputatlar məsələ ilə bağlı çıxışlar edirlər:

“Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi hesab edir ki, hazırkı pensiya yaşı normaldır. Onların arqumentinə görə, 65 yaşdan sonra insanların orta hesabla daha 12 il yaşaması nəzərdə tutulur və bu da təxminən 77 yaşa qədər olan ömür müddətinə uyğun gəlir. Mən isə bu yanaşma ilə tam razı deyiləm. Çünki elə insanlar var ki, pensiya yaşına çatmadan dünyasını dəyişir və nəticədə uzun illər işləmələrinə baxmayaraq pensiya hüququndan tam yararlana bilmirlər. Bu baxımdan pensiya yaşının azaldılması vacib məsələdir”.

vahid ehmedov 99

Vahid Əhmədov

Vahid Əhmədovun fikrincə, həm qadın, həm də kişilər üçün pensiya yaşının artırılması müəyyən problemlər yaradır:

“Pensiya kapitalı ilə bağlı məsələyə də baxılmalıdır. İnsanlar işlədikləri müddətdə kifayət qədər pensiya kapitalı toplayırlar. Elə insan var ki, pensiya kapitalına 100-150 min manat, hətta daha yüksək məbləğdə pul yığılır. Amma onlar pensiyaya çıxdıqdan sonra o vəsait orada qalır. Həmin kapitaldan vətəndaş özü istifadə etməlidir! Müəyyən işlərini görə bilmək üçün o kapitala onların ehtiyacları var. Heç olmasa 30-40 faizini qaytarsınlar ki, insanlar yığılan puldan istifadə edə bilsinlər. Mövcud qaydalar müəyyən sosial problemlər yaradır və bu məsələlərin yenidən müzakirə olunmasına ehtiyac var”.

Vahid Əhmədov çoxuşaqlı ailələrlə bağlı məsələyə toxunub:

“Vaxtilə beş və daha çox uşağı olan ailələr üçün nəzərdə tutulan güzəştlərin üç uşaqlı ailələrə də şamil olunması ilə bağlı təkliflər irəli sürülmüşdü. Çünki əvvəllər çoxuşaqlı ailələrin sayı daha çox idi. Bu gün isə demoqrafik vəziyyət dəyişib və üç uşaqlı ailələrin sayı kifayət qədər azalıb. Əksər ailələr bir və ya iki uşaqla kifayətlənirlər. Buna görə də hesab edirəm ki, dövlət dəstəyinin əhatə dairəsi genişləndirilməli, üç uşaqlı ailələrə də müvafiq sosial və maliyyə güzəştləri verilməlidir. Bu kimi məsələlər cəmiyyət üçün əhəmiyyətlidir və millət vəkilləri səviyyəsində geniş şəkildə müzakirə olunmalıdır”.


MANŞET XƏBƏRLƏRİ