Qidalanma və pəhriz üzrə mütəxəssis Çisem Gündüz yay aylarında maye ehtiyacının su əvəzinə çay və qəhvə ilə qarşılandığını düşünməyin yanlış olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, kifayət qədər su qəbul etməmək, ağır qidalara üstünlük vermək, meyvələri nəzarətsiz şəkildə istehlak etmək və düzgün olmayan içki seçimləri həm çəki nəzarətini çətinləşdirə, həm də müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Havaların istiləşməsi ilə qida zəhərlənməsi hallarının artdığına diqqət çəkən Gündüz qeyd edib ki, isti yay günlərində su əvəzinə çay və ya qəhvə istehlakı orqanizmə mənfi təsir göstərir.
Acıbadem Adana Xəstəxanasının mütəxəssisi bildirib ki, yay aylarında tərləmənin artması nəticəsində bədən daha çox maye və elektrolit itirir:
“Temperatur yüksəldikcə orqanizmin suya olan ehtiyacı da artır. İtirilən mayenin bərpası üçün müntəzəm su qəbul etmək vacibdir. İnsanların etdiyi ən böyük səhvlərdən biri su əvəzinə çay və qəhvə içməkdir. Bu içkilər suyun yerini vermir, əksinə, bədənin maye ehtiyacını daha da artıra bilər”.
Gündüz yay mövsümündə qidalanma vərdişlərinin də dəyişdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, qızardılmış və yağlı yeməklər əvəzinə zeytun yağlı tərəvəz yeməkləri, soyuq şorbalar və taxıl əsaslı salatlara üstünlük verilməlidir.
“İsti havalarda ağır yeməklərin qəbulu həzm sisteminə əlavə yük yaradır və bəzi ürək-damar problemlərinin yaranma riskini artıra bilər”, – deyə mütəxəssis əlavə edib.
Aytən Yaşar/ Turkustan.az