Məzun gününün formatı dəyişdi: Hədəf Liseyində papaqlar göyə atılmadı


Paytaxtda fəaliyyət göstərən “Hədəf” Liseyində keçirilən məzun günü mərasimi fərqli konsepti ilə diqqət çəkib. “Hədəfə aparan birlik” adlı tədbirdə milli dəyərlər ön plana çıxarılıb, ənənəvi məzun tədbirləri formatından fərqli yanaşma sərgilənib.

Mərasimdə məzunlar ənənəvi mantiya və məzun papaqlarından istifadə etməyərək milli ornamentlərlə bəzədilmiş bilgə geyimləri, eləcə də papaq və araqçınlarla çıxış ediblər. Tədbirin əsas ideyası milli kimliyin qorunması və gənc nəslə aşılanması olub.

“Milli kimliyə sahib çıxaq” devizi altında keçirilən proqram çərçivəsində məzunlar müxtəlif türk xalqlarının rəqslərindən ibarət “Hədəfə aparan birlik” adlı bədii kompozisiya təqdim ediblər. Türk dünyasının ortaq mədəniyyətini və birliyini əks etdirən səhnə nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Rəsmi hissədə 11-ci sinif şagirdləri “Hədəf andı”nı səsləndiriblər. Daha sonra liseydə ənənə halını almış bayraq dəyişdirmə mərasimi keçirilib. Tədbir boyunca səsləndirilən milli musiqilər mərasimə xüsusi rəng qatıb.

Məzun gününün ən yaddaqalan məqamlarından biri isə papaqatma ənənəsinin ləğv edilməsi olub. Dünyanın bir çox ölkələrində məzun mərasimlərinin ayrılmaz hissəsinə çevrilən papaqlar bu dəfə göyə atılmayıb. Təşkilatçılar bunu milli mənəvi dəyərlərə hörmət və bilgəliyin simvolu kimi izah ediblər. Papaq və araqçınlar məzunların başına qoyularaq onların yeni həyata qədəm qoymasının rəmzi kimi təqdim olunub.

Tədbirdə çıxış edən Hədəf Liseyinin qurucu direktoru Şamil Sadiq və filial rəhbərləri məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Qeyd olunub ki, builki məzunlar arasında həm buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən, həm də xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunan çoxsaylı şagirdlər var.

Mərasimdə fərqlənən məzunlardan biri də Rəşidə Əliyeva olub. Buraxılış imtahanında 267 bal toplayaraq fərqlənmə attestatına layiq görülən Rəşidə Əliyeva Kanadanın Brok Universiteti də daxil olmaqla Avropanın müxtəlif ali təhsil müəssisələrindən qəbul alıb. Buna görə ona liseyin xüsusi mükafatı olan “Bilgə papağı” təqdim edilib.

Tədbirdə rəsmi qonaq qismində iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və millət vəkilləri məzunları təbrik edərək onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, “Hədəfə aparan birlik” məzun günü proqramı milli dəyərlərin təbliği, türk dünyasının mədəni birliyinin nümayişi və gənclərin milli-mənəvi ruhda yetişdirilməsi istiqamətində fərqli yanaşması ilə iştirakçıların yaddaşında qalıb.


MANŞET XƏBƏRLƏRİ