İran son həftələrdə silah dərəcəsinə yaxın zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsinin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirib.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyat məlumatları ilə tanış olan beş mənbəyə istinadən CNN məlumat yayıb.
Mənbələrin sözlərinə görə, təxminən yarım ton yüksək dərəcədə zənginləşdirilmiş uranın ələ keçirilməsi prosesi bir ay əvvəlkindən daha mürəkkəb, təhlükəli və vaxt aparan xarakter alıb. Bildirilir ki, bu dəyişiklik ABŞ Prezidenti Donald Trampın həmin materialların ələ keçirilməsi üçün orduya göstəriş verə biləcəyini açıq şəkildə bəyan etməsindən sonra baş verib.
Tramp dəfələrlə vurğulayıb ki, müharibənin başa çatdırılması ilə bağlı aparılan danışıqlarda zənginləşdirilmiş uranın çıxarılması Vaşinqton üçün əsas prioritetlərdən biridir. ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, tərəflər İranın zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməsini nəzərdə tutan razılaşmaya yaxınlaşıblar.
Məlumata əsasən, uran əvvəlcə yerində zərərsizləşdiriləcək, daha sonra isə ölkə ərazisindən çıxarılacaq.
Bununla belə, mənbələr qeyd edirlər ki, zənginləşdirilmiş materialın çıxarılması artıq hətta İranın özü üçün də çətin və riskli əməliyyata çevrilib. Bu proses ağır qazıntı texnikasının cəlb edilməsini və ərazinin mina təmizlənməsini tələb edir ki, bu da əməliyyatın mürəkkəbliyini daha da artırır.
Aytən Yaşar/ Turkustan.az