Müstəqillik Günündən Uşaqlar Gününə: Şəhid və qazi övladları üçün PsixoTur proqramlarına start verilib


28 May – Müstəqillik Günü və 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə Şahdağ və Samur-Yalama Milli Parklarında şəhid və qazi övladlarının iştirakı ilə “Mental sağlamlıq: yaşıl mühitdə şəxsi inkişaf” layihəsi çərçivəsində ilk PsixoTur proqramları həyata keçirilib.
Layihənin ilk proqramı 28 may tarixində Şahdağ Milli Parkında təşkil olunub. Müstəqillik Gününə həsr edilən tədbirdə Quba rayonundan olan şəhid və qazi övladları iştirak ediblər. Növbəti PsixoTur proqramı isə 1 iyun – Beynəlxalq Uşaqlar Günündə Samur-Yalama Milli Parkında keçirilib və Xaçmaz rayonundan olan şəhid və qazi övladlarını əhatə edib.
PsixoTur proqramlarının əsas məqsədi yeniyetmə yaşlı şəhid və qazi övladlarının psixoloji rifahını dəstəkləmək, onların təbiətlə emosional əlaqəsini gücləndirmək və biomüxtəlifliyin qorunmasına yönəlik ekoloji düşüncə formalaşdırmaqdır.
Milli parkların təbii mühitində keçirilən sessiyalar zamanı iştirakçılar yoqa, nəfəs texnikaları, “Forest Bathing” (Meşə vannası), “Silent Observation” (Səssiz müşahidə) və art terapiya fəaliyyətlərinə cəlb olunublar. Təbiət əsaslı bu metodlar vasitəsilə uşaqların emosional rahatlaması, diqqətlilik bacarıqları və özünüifadə imkanlarının inkişaf etdirilməsi hədəflənib.
Art terapiya sessiyalarında iştirakçılar “Mənim daxili gücüm” və “Mənim resurslarım” mövzularında kollajlar hazırlayaraq hiss və düşüncələrini yaradıcı formada ifadə ediblər. Sessiyalar zamanı uşaqlara milli parkların biomüxtəlifliyi, ekosistemləri və təbiətin insan psixologiyasına müsbət təsiri barədə də məlumat verilib.
Layihə rəhbəri Kamil Həmidov bildirib ki, PsixoTur proqramları uşaqların yalnız istirahəti üçün deyil, onların daxili emosional resurslarının gücləndirilməsi üçün hazırlanıb: “Biz istəyirik ki, uşaqlar təbiəti sadəcə izləməsinlər, onu hiss etsinlər. Təbiətlə təmas insanın həm emosional vəziyyətinə, həm də düşüncə tərzinə təsir göstərir. PsixoTur proqramları uşaqlar üçün təhlükəsiz emosional məkan yaratmaq və onların öz daxili güclərini hiss etmələrinə kömək etmək məqsədi daşıyır.”
Qeyd edək ki, layihə çərçivəsində növbəti PsixoTur proqramları 21 iyun – Atalar Günündə Qızılağac Milli Parkında və 26 iyun – Silahlı Qüvvələr Günündə Hirkan Milli Parkında təşkil olunacaq.
Layihə “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycanın əməkdaşlığı çərçivəsində keçirilən birgə qrant müsabiqəsi əsasında icra olunur.

1-ci tədbirin videoçarxı:

2-ci tədbirin videoçarxı:


MANŞET XƏBƏRLƏRİ