BVF Ukraynaya daha 690 milyon dollar ayırmağa razılıq verdi


Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna ilə həyata keçirilən kredit proqramının növbəti icmalını tamamlayaraq təxminən 690 milyon dollar həcmində yeni maliyyələşdirmənin ayrılması üçün işçi heyəti səviyyəsində razılıq əldə edib.

Turkustan.az xəbər verir ki, BVF-nin yaydığı açıqlamada bildirilib ki, Fondun və Ukraynanın nümayəndələri 8,1 milyard dollarlıq, dörd illik Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi (EFF) proqramının ilk icmalı üzrə razılığa gəliblər.

Qeyd olunub ki, razılaşma BVF-nin İcraiyyə Şurası tərəfindən təsdiqləndiyi təqdirdə, Ukrayna təxminən 690 milyon dollar məbləğində əlavə maliyyələşdirməyə çıxış əldə edəcək.

Açıqlamaya əsasən, sözügedən tranş təsdiqlənərsə, proqram çərçivəsində Ukraynaya ayrılan vəsaitin ümumi həcmi 2,2 milyard dollara çatacaq.

BVF həmçinin vurğulayıb ki, proqram çərçivəsində müəyyən edilmiş bütün kəmiyyət göstəriciləri və hədəflər yerinə yetirilib. Bununla belə, birinci rüb üçün nəzərdə tutulan struktur islahat göstəricilərindən ikisi gecikmə ilə icra olunub, bir göstərici isə hələ də yerinə yetirilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ