Elşad Eyvazlı
Tez-tez eşidirdik, dünya dəyişəcək, hamımız gülüb keçirdik. Deyirdilər, dünya əvvəlki dünya olmayacaq, inanmırdıq. Danışırdılar ki, insanlıq başqa bir mərhələyə adlayır, kimsə bunun nə demək olduğunu tam anlamırdı.
Yavaş-yavaş və məcburən anlamağa başlamışıq.
Dünya dəyişdi. Amma biz dünyanın dəyişəcəyini başqa cür təsəvvür etmişdik. Elə bilirdik texnologiya inkişaf edəcək, insanlar daha ağıllı olacaq, dövlətlər daha ədalətli davranacaq, müharibələr azalacaq, sərhədlər yumşalacaq. Qurd quzu ilə yaşayacaq. Sən saydığını say, gör fələk nə sayır. Sən demə, dünyanın dəyişməsi insan dəyişməsi imiş. İndi baxırsan, texnologiya sürətləndi, bu sürət vicdanı əlimizdən aldı. Silahlar ağıllandı, insanın ağlını sellərə verdi.

Dövlətlərin imkanları böyüdü, qarşılığında bir-birinə etimad kiçildi. İndi qarşıya çıxan ən böyük problem, kimin kim olduğunu bilməməyimizdir.
Hansı ölkə hansının dostudur, düşmənidir, müttəfiqidir, bilinmir. Dünən bir-birinə düşmən deyənlər bu gün eyni masada oturur. Bu gün eyni masada oturanlar sabah bir-birinə qarşı sanksiya elan edir.
Səhər “strateji tərəfdaş” olan ölkə axşam “təhlükə” elan edilir. Dünən qucaqlaşanlar bu gün bir-birini hədələyir. Dünən əl sıxanlar bu gün biri-birinə silah sıxır. Dostluğun da, düşmənliyin də son istifadə tarixi var. Dəhşətdi...
ABŞ Prezidenti Donald Trampın İranla bağlı bir-birinə zidd görünən mesajları bunun ən bariz nümunələrindəndir. Bir gün dialoqdan, anlaşmadan, münasibətlərin yaxşılaşmasından danışılır. Başqa bir gün hərbi əməliyyat, təhdid və bombalar gündəmə gəlir.
Siyasətin də dili dəyişib. Əvvəllər sözün ardınca onu tutmaq gəlirdi, indi sözün ardında ona əməl etməmək həyat tərzidr. Rusiya-Ukrayna müharibəsi dünyanın necə dəyişdiyini daha ağır şəkildə göstərdi. Vladimir Putin dəfələrlə ruslarla ukraynalıların tarixi və mədəni yaxınlığından, hətta eyni xalq anlayışından danışır. Eyni zamanda Ukraynada müharibə davam edir, insanlar ölür, şəhərlər dağıdılır, evlər viran qalır.

Modern dünyanın ən böyük paradoksu bilirsiniz nədir, insan haqqında danışan siyasət insanın özünü qoruya bilmir.
Dünyanın ən maraqlı səhnələri göz önünə gəlir, dövlət başçıları görüşür, gülümsəyir, əl sıxır, şəkil çəkdirirlər.
Görüş bitir, təyyarələr havaya qalxır, vəssalam... Hər şey unudulur. Həmin rəhbərlər bir-birinə sanksiyalar, təhdidlər, diplomatik notalar, bombalar göndərir. Buna nə deyəsən, kamera qarşısında diplomatiya, kamera arxasında geosiyasətmi, riyakarlqımı, zamanla ayaqlaşnaqmı... İnsan bu iki dünyanın arasında qalır.
Sadə insan müharibə istəmir, amma müharibədə oğlunu itirir, evindən olur.
Siyasətdə əbədi dostluqdan çox milli maraq danışılır. Amma problem milli marağın mövcudluğunda görünmür, milli maraq bəzən bütün mənəvi sərhədləri silmək üçün bəhanəyə çevrilir. Maraqlar dəyişir, münasibətlər dəyişir, ölən insan geri qayıtmır.
Bu gün dünyanın siyasi sistemi getdikcə daha çox transaksion münasibətlər üzərində qurulur. Kim nə verir, kim nə alır, kim nə qədər qazandırır, kim nə qədər itiriri, kim kimin üçün lazımdır?

Kim haqlıdır sualı aktullağını çoxdan itirib. İnsan dəyişib. Küçəyə çıxırsan, baxırsan, restorana gedirsən, baxırsan. Bir masada kim kiminlə oturub, anlamaq olmur. Kim kimin dostudur bilinmir. Kim kimin düşmənidir kəsdirə bilmirsən. Kim kimin sevgilisidir, başa düşmürsən, hətta kim kimin həyat yoldaşıdır, sualının qarşısında aciz qalırsan.
Birinin sevgilisi başqasının qolundadır. Birinin “ömürlük” dediyi insan sabah başqasının yanında görünür.
Əvvəlki münasibətlərin adı qalıb, özü çoxdan ölüb. Dostluq var, onun atributu olan sədaqət yoxdur. Sevgi var, vəfa, etibar ərşə çəkilib. İnsanlar bir-birinin həyatına girir, çıxır, yenidən qayıdır. Heç nə olmamış kimi davranırlar.
Bax, belə dünyaya gəldik. İndi heç kim heç nəyə təəccüblənmir. Utanmaq hissi əbədiyyətə qovuşub.
Əvvəllər insan bir addım atanda öncə düşünürdü, sonra hərəkət edirdi. İndi addımı atandan sonra düşünürlər. Əvvəllər ayıb insanı durdururdu, indi hətta ayıb da kontentə çevrilib. Əvvəllər insanın sirri vardı, indi o sirri elə insan özü yayımlayır. Əvvəllər şəxsi həyat şəxsi idi, indi şəxsi həyatın özü nümayiş predmetidir. Kədərlisi odur ki, insan görünmək üçün özündən itir.

Vallah, at izi it izinə qarışıb. Nəyin doğru, nəyin yanlış olduğunu ayırmaq çətinləşib. Kimin səmimi, kimin rol oynadığını anlamaq müşkülə çevrilib. Kimin dostluğunun arxasında sevgi, kimin dostluğunun arxasında maraq dayandığını bilmək olmur. Kimin “səni sevirəm” sözünün arxasında ürək, kimin sözünün arxasında oyun olduğunu bilmək adamı məyusluğa salır.
Biz artıq qarışıqlığa öyrəşmişik. Məsələnin ən ağrılı tərəfi bududur. İstisnalar normaya çevrilir. Əvvəllər insanı utandıran hadisə indi müzakirə olunmur. Bir insanın adına ləkə olan şey bu gün onun “şəxsi seçimi” adı ilə müdafiə olunur. Bəlkə də buna görə köhnə adamlar “Tərbiyə qalmadı”, “İnsanlıq dəyişdi”, “Bizim vaxtımızda belə deyildi”, deyə şikayət edirlər. Yeni adamların isə tükü də tərpənmir, onların “normal” anlayışı başqadır. Hiss olunur ki, gücün qarşısında prinsip, marağın qarşısında vicdan geri çəkilir.
Dünya böyük bir bazara bənzəməyə başlayıb. Bu bazarda etibar, sədaqət, dostluq, sevgi, insan satılır. Hər bir halda insan kim olduğunu itiriməkdən qorxmalıdır. İnsan öz dostunu tanımaya, düşmənini səhv sala, sevgilisini dəyişə bilər. Amma özünü itirəndə artıq itirdiyi şeyin adını belə tapa bilməyəcək.