ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün ölkəsinin kifayət qədər sursata malik olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında ABŞ ordusunun sursat ehtiyatlarının tükənməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. O, bu məlumatları yayan jurnalistləri “xain” adlandıraraq ABŞ-ın orta və yüksək keyfiyyətli sursat ehtiyatlarının demək olar ki, limitsiz olduğunu vurğulayıb.
“Bizdə bu əməliyyat və ya hər hansı digər müharibə üçün istifadə edə biləcəyimizdən daha çox orta və yüksək keyfiyyətli sursat var”, – Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin ordu üçün yeni silah və sursat istehsalının intensiv şəkildə davam etdiyini bildirib. O, ölkənin silah-sursat ehtiyatları ilə bağlı hər hansı problemin olmadığını iddia edib.
Trampın açıqlamaları ABŞ-ın İran müharibəsi fonunda bəzi mühüm raket və sursat ehtiyatlarının azalması ilə bağlı xəbərlərin yayıldığı bir vaxtda səslənib.
Aytən Yaşar/ Turkustan.az