Yəməndə yüksək vəzifəli husi lideri öldürüldü


Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı Milli Müqavimət Qüvvələri qərbi Taiz əyalətində keçirdikləri əməliyyatlar zamanı yüksək vəzifəli Husi liderinin öldürüldüyünü və iki kamikadze dronunun vurulduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Milli Müqavimət Qüvvələrinin Hərbi Mediası və ona bağlı “2 Dekabr” xəbər agentliyinin yaydığı məlumatda bildirilib ki, Taizin qərbindəki Kadha bölgəsində yüksək səviyyəli Husi lideri, “Əbu Əli əl-Mədəni” kod adı ilə tanınan Kamal Xəlil Nasir əl-Vəzir çoxsaylı mühafizəçiləri ilə birlikdə öldürülüb.

Açıqlamada həmçinin Taizin qərbində yerləşən Əl-Bərah bölgəsində 51-ci Piyada Briqadasının bölmələrinin hərbi mövqelərə yaxınlaşmağa çalışan iki hücum dronunu aşkarlayaraq vurduğu qeyd edilib. Vurulan dronların qalıqlarının görüntüləri də yayımlanıb. Həmin dronların “Hizbullah” tərəfindən istifadə olunan modellərə bənzədiyi iddia edilib.

Qərbi Taizdə hökumət qüvvələri ilə Husilər arasında son dövrlərdə, o cümlədən ballistik raket və dron hücumları ilə müşayiət olunan qarşıdurmaların şiddətləndiyi bildirilir.

BMT-nin 2022-ci ildə əldə olunan atəşkəs razılaşmasından sonra bölgədəki bu gərginlik Yəməndə ən ciddi hərbi eskalasiyalardan biri kimi qiymətləndirilir. BMT rəsmiləri döyüşlərin yenidən ölkə daxilində genişmiqyaslı müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ