ABŞ Prezidenti Donald Tramp Suriyanın Hörmüz boğazına alternativ marşrut kimi təqdim olunması ilə bağlı xəbərə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında “The Washington Post” qəzetində dərc olunan təhlil məqaləsindən sitat paylaşaraq Suriyanın özünü enerji və malların daşınması üçün nisbətən sabit quru dəhlizi və Hörmüz boğazına alternativ kimi təqdim etdiyini vurğulayıb. ABŞ prezidenti bu yanaşmanı “Bu, əladır” sözləri ilə şərh edib.
“The Washington Post”un yazdığına görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Hörmüz boğazında gəmiçilikdə yaranan problemlər Suriyanın regional tranzit mərkəzinə çevrilmək imkanlarını artırıb. Dəməşq isə Aralıq dənizinə çıxışı və mövcud quru yollarından istifadə etməklə Yaxın Şərqdə enerji və yük daşımaları üçün alternativ marşrut yaratmağa çalışır.
Məqalədə bildirilir ki, İraqın cənubundakı neft yataqlarından Suriyanın Bəniyas limanına qədər uzanacaq yeni boru kəməri layihəsi də bu strategiyanın mühüm hissəsidir. Layihənin uzunmüddətli perspektivdə enerji ixracı üçün Hörmüz boğazından asılılığı azaltmaq məqsədi daşıdığı qeyd olunur.
Aytən Yaşar/ Turkustan.az