Kiyevdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) hərbçiləri ilə Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları arasında silahlı insidentlə bağlı iki nəfərə şübhəli şəxs qismində ittiham elan edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko məlumat yayıb.
Onun sözlərinə görə, atəş açılması faktı ilə bağlı Təhlükəsizlik Xidmətinin əməkdaşı vəzifə əlahiyyətlərini aşmaqda, Baş Kəşfiyyat İdarəsinin hərbçisi isə hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd etməkdə şübhəli bilinir.
Hazırda hadisə ilə bağlı bir sıra ekspertizalar təyin olunub. Araşdırma zamanı atəş izlərinin mənşəyi və hadisə yerindən götürülən sübutlar, eləcə də silahdan istifadə ilə bağlı bütün hallar müəyyənləşdiriləcək.
Baş prokuror həmçinin “Rusiya Könüllülər Korpusu”nun (RDK) komandir müavini Stepan Kaplunovun yoxa çıxması ilə bağlı ayrıca cinayət işi açıldığını bildirib.
Xatırladaq ki, sentyabrın 2-də Kiyevdə Yuri Şumski küçəsində Baş Kəşfiyyat İdarəsi hərbçiləri ilə Təhlükəsizlik Xidməti əməkdaşları arasında silahlı qarşıdurma baş verib və nəticədə xəsarət alanlar olub. İnsidentin Kaplunovun yoxa çıxmasından sonra baş verdiyi bildirilir. Versiyalardan birinə görə, o, Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən “oğurlanıb”.
Xidmət əməkdaşları isə hadisə ilə bağlı fərqli mövqe ortaya qoyub. Xidmətin məlumatına görə, Kaplunov məhz terror aktının hazırlanmasında şübhəli bilinib./Globalinfo.az