Şairlər ölmür, Allahın yanına qalxırlar...


Seymur Verdizadə

Əvvəl Qabilin şeir kitablarını görmüşəm. Sonra şeirlərini əzbərləmişəm. Əzbərləməyə də elə böyük çətinlik çəkməmişəm. Çünki dili şirindir. Axıcıdır, doğmadır, adamı yormur. Azərbaycan dilinin bütün zənginliklərindən, incəliklərindən, sözün dadından-duzundan ustalıqla istifadə edir. Oxuyursan, bir misra o birini çağırır, sonra görürsən ki, şeir artıq yaddaşına hopub. Sanki onu əzbərləməmisən, sadəcə illərdir tanıdığın bir sözü, bir hissi yenidən xatırlamısan.

Qabilin şeirlərində bir başqa doğmalıq var. Onun sözləri uzaqdan gəlmir, elə yanından keçir, sənə toxunur, gündəlik həyatın içindən çıxıb gəlib ürəyində yer tutur. Bəzən bir misrasında gülümsəyirsən, bəzən düşünürsən, bəzən də özünü həmin misranın içində tapırsan. Bəlkə də Qabil poeziyasının ən böyük gücü elə bu sadə görünən doğmalığındadır.

Çox sonralar isə Qabilin oğlu Mahir Qabiloğlu ilə tanış olmuşam. Mənə, qələm dostlarıma Qabili bir az da Mahir tanıdıb. Onun duzlu-məzəli söhbətləri, acılı-şirinli xatirələri atasını bizə yalnız Xalq şairi kimi deyil, canlı, özünəməxsus, zarafatcıl, prinsipial və son dərəcə ziyalı bir insan kimi tanımağa imkan verib. Mahirin atasından danışdığı yazılarda Qabilin həm şair, həm ata, həm də dost tərəfləri görünür. Orada böyük şair obrazının arxasında adi həyatın içində yaşayan, sevinən, əsəbiləşən, zarafat edən, düşünən bir insan da var. Hər dəfə Mahirin atasından bəhs edən yazılarını oxuyanda sanki Qabili yenidən kəşf edirəm.

Bu gün - 12 avqustda Qabilin 100 yaşı tamam olur.

Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda doğulub. Onun ilk şeiri - “Gəl, baharım” 1944-cü ildə çap olunub. 1950-ci ildə isə ilk kitabı - “Səhər açılır” işıq üzü görüb. Sonralar “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Qoy danışsın təbiət”, “Vətəndaş sərnişinlər” və başqa kitabları ilə Azərbaycan poeziyasının yaddaşında özünəməxsus yer tutub.

“Səhv düşəndə yerimiz”, “Çörək”, “Təmizlik”, “Qarışdırma”, “Azərbaycan torpağı”, “Bakılı” kimi şeirləri dillər əzbərinə çevrilib. Bu şeirlərdə Qabilin həyata baxışı, insanlara münasibəti, cəmiyyətə və doğma dilə sevgisi aydın görünür. O, sözün həm gözəlliyini, həm də məsuliyyətini bilirdi. Söz onun üçün yalnız şeir qurmaq vasitəsi deyildi; söz həm də yaddaş, vicdan və vətəndaşlıq məsuliyyəti idi.

“Nəsimi” poeması isə onun yaradıcılığının zirvələrindən biri olub və 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. Qabil 1992-ci ildə Xalq şairi fəxri adını alıb, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Qabil 2007-ci il aprelin 4-də dünyasını dəyişdi. Amma onun sözləri qaldı. Şeirləri qaldı. Gülüşü, zarafatları, sərtliyi, səmimiyyəti, dilimizə münasibəti qaldı. Ən əsası isə onun yaratdığı poetik dünya qaldı. İllər keçdikcə həmin dünyanın qapısını açanların sayı azalmır, əksinə artır.

O, təpədən-dırnağa ziyalı idi. O, sözlə nəfəs alırdı. O, şair idi. Şair doğulmuşdu, şair kimi yaşadı, şair kimi də öldü. Amma deyirlər, şairlər ölmür, Allahın yanına qalxırlar.

Bəli, Qabil indi o UCAlıqdan bizə baxır. Gərək biz də özümüzə, qələmimizə, sözümüzə, sözümüzün çəkisinə diqqətlə baxaq.

Axı USTADın gözləri üstümüzdədir...


MANŞET XƏBƏRLƏRİ