Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ailə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyi tərəfindən "Uşaqların zərərli vərdişlərdən qorunması" layihəsinin icrasına başlanılır.
Layihə 1 avqust–31 oktyabr 2026-cı il tarixlərini əhatə edəcək və uşaqların zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təşviqi, risk amillərinin erkən müəyyən edilməsi və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsini hədəfləyir.
Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin sədri Elnurə Abuşova bildirib ki, layihə çərçivəsində məktəblilər, valideynlər, müəllimlər və gənclərlə işləyən mütəxəssislər üçün maarifləndirici tədbirlər, təlimlər, görüşlər və ictimai məlumatlandırma kampaniyaları keçiriləcək. Tədbirlər zamanı uşaqlar arasında siqaret, elektron siqaret (veyp), alkoqol, narkotik vasitələr, psixoaktiv maddələr, qumar, internet, oyun asılılığı və kibertəhlükəsizlik kimi zərərli vərdişlərin fəsadları, onların qarşısının alınması yolları və erkən müdaxilə mexanizmləri barədə iştirakçılara ətraflı məlumat veriləcək.
Layihənin əsas məqsədi uşaqlarda sağlam həyat tərzinin formalaşdırılması, onların zərərli vərdişlərdən qorunmasına yönəlmiş preventiv tədbirlərin genişləndirilməsi, valideyn və pedaqoqların bu sahədə bilik və bacarıqlarının artırılması, eləcə də dövlət qurumları və ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsidir.
Layihənin icrasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, regional təhsil idarələri, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Masallı, Salyan və Neftçala rayon İcra Hakimiyyətləri, Gənclər Evləri və Mərkəzləri, Yaradıcılıq Mərkəzləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının regional nümayəndəliyi, eləcə də yerli polis idarə və şöbələrin tərəfdaş qismində iştirakı nəzərdə tutulub.
Layihə nəticəsində müxtəlif regionlarda yüzlərlə uşaq, valideyn və mütəxəssis zərərli vərdişlərin profilaktikası istiqamətində maarifləndiriləcək, sağlam və təhlükəsiz həyat tərzinin təşviqinə xidmət edən davamlı əməkdaşlıq platforması formalaşdırılacaq.
"Ailə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyi hesab edir ki, uşaqların zərərli vərdişlərdən qorunması yalnız ailə və məktəbin deyil, bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir. Bu baxımdan layihə uşaqların sağlam inkişafı və təhlükəsiz gələcəyinin təmin edilməsinə mühüm töhfə verəcək.