Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Yəməndə hərbi əməliyyatların kəskinləşməsi nəticəsində mülki əhali arasında tələfatın artmasından dərin narahatlığını bildirib.

Turkustan.az “Euronews”a istinadən xəbər verir ki, BMT rəsmisi ölkənin genişmiqyaslı müharibəyə sürüşməsinin qarşısını almaq üçün bütün səyləri göstərməyə çağırıb.

Onun sözlərinə görə, Yəmən artıq Yaxın Şərqdə davam edən qarşıdurmaya cəlb olunmuş ölkələrin sırasına qoşulub:

“Bu, İran tərəfindən dəstəklənən husilər hərəkatının Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətlə 2022-ci ildə bağlanan atəşkəsi faktiki olaraq pozması və hökumətin nəzarətində olan ərazilərə zərbələri intensivləşdirməsindən sonra baş verib. Zorakılığın yeni dalğası Ərəbistan yarımadasında yerləşən kasıb ölkəni yenidən genişmiqyaslı hərbi əməliyyatlara sövq edə bilər”.

F. Türk tərəflərə müraciət edərək xəbərdarlıq edib:

“Yəmən xalqını növbəti əzab-əziyyətlərdən qorumaq üçün bütün tərəfləri gərginliyi azaltmağa çağırıram. İllərlə davam edən münaqişənin dağıdıcı nəticələri, insanların məcburi köçkün düşməsi və humanitar böhran nəzərə alındıqda, Yəmən xalqı zatən həddindən artıq məhrumiyyətlərə məruz qalıb. Bütün tərəfləri Yəməndə genişmiqyaslı münaqişənin bərpasına gətirib çıxara biləcək hər bir hərəkəti dərhal dayandırmağa qətiyyətlə çağırıram”. /Qafqazinfo/


MANŞET XƏBƏRLƏRİ