Əkbər QOŞALI
(Yığcam bilgilər)
Türk mədəniyyəti bir etnosun yaşayış tərzi ilə yanaşı, zaman və məkan içində formalaşan çoxqatlı ruhi dünyanı da təcalla etdirir. Bu mədəniyyət təkamül etdikcə də, dirəniş göstərdikcə də öz mahiyyətini qorumağı bacaran nadir hadisələrdən biri olub. İmperiyaların çöküşü, ideoloji dəyişikliklər, sürgünlər və əritmə, yoxetmə cəhdləri qarşısında türk mədəniyyəti həmişə özünü xatırladan bir kimlik modeli olub; çünki o, özü dövlətlər, imperiyalar quran yaxud quruculuq içində özünü göstərən böyük hadisədir. Həm də elə bir hadisə ki, zaman-zaman məhsul, şəkil, xeyirxahlıq və b. sonuclarından yararlanan yadlar-yabançılar adını “unudub”, sanını çəkməyib…
(“Füyuzat” dərgisinin 146-cı sayında yayınlanmış və burada kiçik qısaltma ilə verilən yazıda kulturoloji yanaşma ilə türk mədəniyyətinin tarixi inkişaf trayektoriyası araşdırılır; keçdiyi mərhələlər, qarşılaşdığı təsirlər, əldə etdiyi dəyərlər, göstərdiyi dirəniş gücü və çağdaş dönəmdəki perspektivləri incələnir. Yazı, eyni zamanda, Türk dünyasının bu günkü intellektual birliyinə konseptual töhfə vermə iddiasını daşıyır).
I. QƏDİM DÖNƏMLƏRDƏ TÜRK MƏDƏNİYYƏTİ: RUHUN DOĞUŞU
Türk mədəniyyətinin əsas qatlarını etnoqrafik və filoloji araşdırmalarla birgə, mifoloji düşüncənin kulturoloji incələnməsi ilə də anlamaq mümkündür. Hər bir sivilizasiyanın bir “mifosferası” (“mif üzü”) – ilkin düşüncə və davranış fəzası olur. Türk mifosferasının başlanğıcı isə Göy və Yer dualizmi, at kultu, qadın ruhaniyyəti və qutsal məkan anlayışı üzərində qurulub.
VIII yüzildə daşlara həkk olunmuş, abidə statusu qazanmış yazılar türk dövlətçilik düşüncəsinin yanında, mədəni özünüdərk şüurunun da ifadəsidir. Bilgə Tonyukuk və Kül Tigin kimi tarixi şəxsiyyətlərin adı ilə bağlı olan mətnlərdə türkün dünyaya baxışı, varlıqla münasibəti və necə deyərlər, kollektiv kimliyi aydın ifadə olunur – yəni “Türk budununu elindən ayırmayın”!
Türk mədəniyyətinin ilkin mərhələlərində kainata dair dərin fəlsəfi sistemlər formalaşıb. Tenqri (Tanrı) Göyün sonsuzluğu ilə eyniləşdirilir, Şaman isə həm mənəvi başçı, həm də sosial Yolgöstərən kimi çıxış edir. Şamanın cezva (trans) halındakı “uçuş”u təkcə dini ayin olmayıb, mədəni kodun canlandırılmasıdır – bu gün də aşıq-ozan sənətində həmin izləri görmək mümkündür.
Oğuz Kağan, Dədəm Qorqud, Alpamış, Manas və Koroğlu kimi dastanlar, söyləmələr ədəbi örnəklər olmaqla yanaşı, bütöv bir mədəniyyətin dildən-dilə ötürülən yaddaşıdır. Bu dastanlarda qəhrəmanlıqla birgə ailə modeli, qadının mövqeyi, torpaqla bağlılıq və ən əsası – sözün qutsallığı anlayışı möhkəmlənib. Qopuzun, dombıranın, sazın ifasında təcəssüm edən musiqi türk ruhunun səsini ifadə edən arxaik kod kimi günümüzə qədər gəlib çatıb.
Türk mifosunda Umay Ana – qoruyucu ana ruhudur. Erlik Xan – yeraltı aləmin yiyəsi kimi şər və sınaq rəmzidir. Bunlar, toplumun dualist düşüncə sistemini və kollektiv etik şüurunu yönləndirən obrazlar kimi çıxış edir.
II. TARİXİ TƏSİRLƏR VƏ MƏDƏNİ QARŞILIQLI TƏSİRLƏR
Türk mədəniyyəti tarix boyunca heç vaxt tam təcrid edilmiş bir quruluşda olmayıb. Türküstandan (Orta Asiyadan) Anadoluya və daha uzaqlara qədər uzanan geniş coğrafiyada türk toplumları fərqli sivilizasiyalarla qarşılaşıb, savaşıb, ticarət bağları qurub, bəzən də həmin mədəniyyətlərə başçılıq (öncüllük) edib. Bu qarşılıqlı təsirlər əridilmə (assimilə) riski də yaradıb, yeni mədəni sintezlər üçün zəmin də formalaşdırıb. Tarixi-kulturoloji müstəvidə türk mədəniyyətinin təsirləndiyi əsas mədəni ocaqlar üç yöndə toplanır:
Türk tarixində (öyrənilən) ilk böyük mədəni qarşılaşmalar (indiki adı ilə desək) İran və Çin sivilizasiyaları ilə baş verib. Çin örnəyində dövlət təşkilatlanması və təqvim sistemi, İran örnəyində isə bədii-estetik düşüncə və metafizik fəlsəfə türk mədəniyyətinə sirayət edib. Özəlliklə Sasanilər dönəmində formalaşan saray mədəniyyəti sonralar Səlcuq və Səfəvi mədəni mühitlərində yenidən təzahür edib.
Çin təsiri – memarlıqda simmetriya prinsipi, göy mərkəzli kosmoloji baxış və rituallarda göyə yönəlik ayinlərdə təzahür edib.
İran təsiri – fars dili vasitəsilə poetik təhkiyənin inkişafı, miniatür sənətində üslubi fərqlər və təsəvvüf düşüncəsinin yayılması ilə əks olunub.
Bizans təsiri – Anadoluya keçiddən sonra inzibati təşkilatlanma, hüquq və şəhərsalma modelləri üzərindən türk idarəçilik mədəniyyətinə təsir göstərib.
VIII yüzildən etibarən İslamı qəbul edən türk toplumları bu dini qəbul etməklə yetinməyib, onu öz mədəni kodları ilə vəhdətə gətirərək orijinal bir Türk–İslam sintezi yaradıb. İslam artıq yalnız dini sistem olmaqdan çıxıb, yazı dili, ədəbi motiv, incəsənət, hüquqi norma və gündəlik həyat praktikası halına gəlib.
Ərəb əlifbası və “Quran” terminologiyası mədəni yaddaşa hopub.
Təsəvvüf Əhməd Yəsəvi və Yunus Əmrə kimi şəxsiyyətlər vasitəsilə türk mədəniyyətində sevgi, təmkin və təvazökarlıq mərkəzli mənəvi-əxlaqi model yaradıb. Ayrıca, Mövlanə, Hacı Vəli Bektaşi və b. fikir nəhəngləri də öz yerində-öz göyündə…
Bu mərhələdə xalq kodları ilə (örnəyi, epik qəhrəmanlıq obrazları) mistik meyllər arasında bəzi gərginliklər yaşansa da, zamanla ahəngli və harmonik bir birlik formalaşıb.
XX yüzildə Türküstan (Orta Asiya) və Qafqazda, habelə Balkanlarda yaşayan türk xalqları Sovet (sosialist) rejiminin ideoloji və mədəni təzyiqlərinə məruz qalıb. Bu dönəmdə gələnəksəl türk mədəniyyəti ciddi sıxışdırılma təhlükəsi ilə üz-üzə qalıb, bəzən yeraltı məkana çəkilib, bəzən də forma və məzmun baxımından dəyişərək yaşamağa çalışıb.
Əlifba dəyişiklikləri (ərəb – latın – kiril) mədəni yaddaşın qırılmasına yaxud öləziməsinə səbəb olub.
Folklor, xalq musiqisi və ədəbiyyat “sistem içində xalqçılıq” adı altında yenidən kodlaşdırılıb, orijinal kimliyindən uzaqlaşdırılıb. Bəzən folklorun yerini saxta mətnlər - “feyklor” alıb.
Buna baxmayaraq, mədəni dirəniş formalaşıb, ailəiçi ötürmələr, milli bayramlar, ozan-aşıq sənəti, ağız ədəbiyyatı kimi yollarla mədəniyyət yaşadılıb. Ən başlıcası, ozan-aşıq-akın-baxşı-manasçı-şeşen yaradıcılığı milli ruhun yaşamasında əsas dayaqlardan olub. Görünür, xalqın ruhi-mənəvi içliyi (“sterjin”i) və ya “özündəşeylər” – şair demiş – içimizdəki gücə dayanmamızı təmin edib.
XX yüzilin ikinci yarısından etibarən Günbatar ölkələri ilə artan, sıxlaşan təmaslar türk mədəniyyətində ikili dinamika doğurub: bir tərəfdə çağdaşlaşma və texnoloji uyğunlaşma, digər tərəfdə isə kimlik itirmə qorxusu…
Populyar mədəniyyət, fərdiyyətçilik və rəqəmsallaşma özəlliklə şəhərli və təhsilli təbəqədə geniş yayılıb.
Ailə modeli, icma mərkəzli yaşam, qadın rolu kimi gələnəksəl dəyərlər bu yeni meyllər qarşısında bəzən zəifləməyə başlayıb.
Eyni zamanda, bu qarşılaşma kulturoloji oyanışa da səbəb olub, köklərə dönüş istəyi ilə yeni mədəni layihələr və konseptlər yaranıb.
Türk mədəniyyəti tarix boyu özünü təsirlərə qapadan mədəniyyət olmayıb; əksinə, qarşılıqlı təsirdə mövqeyini qoruyaraq şəxsiyyətini möhkəmləndirən mədəniyyət örnəyi olub. O, təkcə təsirlənməyib, həm də qarşısındakı mədəniyyətləri yoğuraraq yeni keyfiyyətlər doğurub.
III. QAZANIMLAR: DİL, SƏNƏT VƏ RİTUALLAR
Türk mədəniyyəti tarix boyu müxtəlif təsirlərlə qarşılaşsa da, bu təsirlərdən həm də bir mədəni irəliləyişlə çıxmağı bacarıb. Türk mədəniyyətinin tarixi, eyni zamanda tərcümənin, uyğunlaşmanın, sintez və yaradıcılığın tarixidir. Türk mədəniyyətinin günümüzədək formalaşdırdığı əsas qazanımlara – dil, sənət və ritual təcrübələrinə yığcam kulturoloji baxış yetirək. –
Türk dili həm də kulturoloji yaddaşın və kimliyin daşıyıcısıdır. Hər bir əlifba dəyişməsi (öz əlifbamız – ərəb – latın – kiril və yenidən latın) mədəni yaddaşa birbaşa təsir edib, lakin türk dili hər dəfə özünü yenidən yaratma gücü (deyərdim, hünəri!) göstərib.
Şifahi mədəniyyət (dastan, bayatı, mani, hoyrat, tapmaca və s.) yüzillər boyu xalqın düşüncə dünyasını qoruyub, bu gün isə yazılı və rəqəmsal ədəbiyyat vasitəsilə davam etdirilir.
“Kut”, “yurt”, “dör”, “toy”, “tigin”, “budun”, dügər(li)” kimi sözlər bu gün həm Türküstanda (Orta Asiyada), həm də Anadoluda anlayış kimi yaşamaqdadır.
Son illər Türk dünyasında ortaq terminologiya və yazı sistemləri üzərində aparılan işlər mədəni yaxınlaşmanı sürətləndirib, dilin gələcəyi üçün yeni üfüqlər açmaqdadır.
Türk sənəti – sözlə səsin, forma ilə ritmin, inamla estetik duyumun qovuşduğu yaradıcı bir sahədir. Onun bir çox bölməsində həm köçəri yaşamın, həm də saray mədəniyyətinin izləri hiss olunur. Bu sintez Türk dünyasının həm xalq, həm də yüksək sənət formalarını yaşatma gücünü təmin edib.
Musiqi: qopuzdan dombra və saza, sazdan balabana qədər türk musiqisi insanla təbiət arasındakı bağı səs vasitəsilə ifadə edib. Özəlliklə muğam, aşıq musiqisi, baxşı və manasçı gələnəyi kulturoloji kodların əsas daşıyıcılarıdır.
Minatür və bəzək sənəti: İslam təsiri ilə zənginləşib, lakin qeyri-fiqürativ, geometrik və kosmoqonik simvollarla türk metafizikasını əks etdirən orijinal üslub qazanıb.
Xalq ədəbiyyatı və teatr: Qaragöz-Hacivat, məddah, aşıq məclisləri (dastan axşamları) kimi şifahi ifa, tanıtım və ya nümayişlər əyləncə ilə təlimi birləşdirərək mədəni ötürməni təmin edib
Rituallar bir toplumun vaxt və ölüm qarşısındakı mənəvi dirənişini əks etdirən – görünən ifadə formalarıdır. Türk mədəniyyətində doğum, evlilik, ölüm kimi yaşam çevrəsinə aid törənlər həm inancı, həm də gələnəyi birləşdirərək, bu günə gəlib çıxıb.
Toy-düyün, Yenigün (Novruz) kimi kollektiv törənlər ictimai birliyi və tarixlə bağları diri saxlayan praktikalardır.
Ailə içindəki adətlər (böyüyə sayğı, əl öpmək, qurban paylama, dua etmə və s.) mədəniyyətin nəsildən-nəslə ötürülməsində təsirli vasitələrdəndir.
Ziyarət mədəniyyəti və qutsal məkanlar (türbələr, ocaqlar, Manas, Dədə Qorqud, Yəsəvi, Əmrə, Köroğlu və b. ilə bağlı yerlər) məkana bağlı mədəni yaddaşın qorunmasını təmin edib.
Bu üç əsas sütun – dil, sənət və ritual – bir araya gəldikdə, türk mədəniyyətinin bu gün və gələcəyini formalaşdıracaq potensiala malik olduğu aydın görünür. Onlar ortaq türk kimliyinin zehni, estetik və sosial əsaslarıdır.
IV. DİRƏNİŞ GÜCÜ: MƏDƏNİ ÖZÜNÜQORUMA MEXANİZMLƏRİ
Tarix boyunca bir çox xalq böyük mədəniyyətlərlə təmas qurub, lakin bu təmaslar sonucunda çox zaman öz mədəni varlığını itirib. Türk topluluqları isə min illər boyu fərqli coğrafiyalarda çoxçeşidli siyasi və ideoloji təzyiqlərə baxmayaraq, kimliklərini, mədəni yaddaşlarını qorumağı bacarıb. Bu isə həm fiziki, həm də mədəni dirəniş sisteminin güclü olması ilə bağlıdır.
Türk mədəniyyətinin dirəniş gücünün əsas qaynaqlarından biri möhkəm ailə modeli və kollektiv yaşayışa əsaslanan icma anlayışıdır. Özəlliklə kənd yerlərində nəsildən-nəslə ötürülən dəyərlər çağdaşlığın mərkəzləşdirici təzyiqlərinə qarşı güclü müdafiə xətti formalaşdırıb. Bu sözlərin yazarı özü ölkə paytaxtından ~450 km uzaqda, dəniz düzeyindən ~1551 m. yüksəklərdə, Tovuzun dağ kəndində doğulub, boya-başa çatıb; o kəndin etnoyaddaşı, gələnək-görənəkləri (necə deyərlər) sonralar akademik nəşrlərdən öyrənilən uyğun mövzuların gündəlik, açıq, cana hopan, səmimi və xeyirxah dərsləri kimiydi…
Ailə içindəki tərbiyə və şifahi ötürmə, yazılı mədəniyyətin sıxışdırıldığı dönəmlərdə belə gələnəyin canlı qalmasını təmin edib.
Yəni soy, oba və şennik mədəniyyəti insanın yalnız fərd olaraq yox, bir kökün, bir yurdun və bir sözün daşıyıcısı kimi yetişməsinə münbit ortam yaradıb.
Dil – mədəniyyətin daşıyıcısı olmaqla birgə, həm də onun sınır keşikçisidir. Bəli, türk xalqları əlifba dəyişikliklərinə baxmayaraq, dili qorumağı bacarıb, şivələr, deyimlər və xalq şeiri vasitəsilə kimlik şüurunu yaşadıb.
Aşıqlar, ozanlar öz sənətkarlıqları ilə mədəniyyətin keşikçisi olub.
Nağıllar, tapmacalar, atalar sözləri uşaqlıqdan başlayaraq şüuraltı müdafiə divarı rolunu oynayıb...
Türk mədəniyyətində simvollar və nişanələr həm maddi, həm mənəvi yaddaşın əsas dayaqlarıdır. Bayraq, xalça naxışları, qopuz səsi, bozqurd işarəsi, ocaq, toy, qurbangah… – bunlar bir əşya və ya ayin olmaqda qalmayıb – eyni zamanda, içsəl kimliyin rəmzidir.
Ritualın təkrarı: Novruzun hər il keçirilməsi, ellikcə alxışlar, qutlu doğum törənləri və bu kimi digər tədbirlər gələnəyin daimi olaraq yenidən ürətilməsinə münbit ortam yaradır.
Məkan yaddaşı: dağlara, çaylara, qəbristanlıqlara və qutsal məkanlara verilən anlamlar sayəsində mədəniyyət təkcə dildə qalmayıb, daşda və torpaqda da qorunub.
Sürgünlər, köçlər və məcburi ayrılıqlar türk toplumlarının mədəni yaddaşında həm bir yaraya, həm də bağa çevrilib. Axıska, Krım, Uyğur, Kərkük və Güney Azərbaycanın milli bilgiləri bu “sürgün yaddaşı”nı mədəniyyətin daşıyıcısına çevirməyi bacarıb.
Sürgün ədəbiyyatı və nostalgiya, məcburi ayrılığın həm də yenidən doğuluş qaynağı ola biləcəyini göstərib.
Ana dilində dualar, damaq yaddaşını oyadan yeməklər, ruha üz tutan musiqilər yeni nəsillərə kimlik ötürməsinin şifrələrini təqdim edib…
Bugünkü dünyada mədəni dirəniş yalnız gələnəksəl vasitələrlə olmur; o, həm də rəqəmsal platformlar, təhsil, mədəni diplomatiya kimi çağdaş üsullarla davam etdirilə bilir.
Ortaq əlifba və terminologiya üzrə aparılan işlər kulturoloji yaxınlaşmamızı sürətləndirir və şüurlu gələcək planlamasını mümkün qılır.
TÜRKSOY (Ankara), Türk Akademiyası (Astana), Türk Mədəniyyəti və İrsi Fondu (Bakı), TÜRKPA (Bakı), Türk Yatırım Fondu (İstanbul), Türk Dövlətləri Təşkilatı Daimi katibliyi (İstanbul), habelə qardaş Türkiyənin müvafiq qurumları - Yunus Əmrə İnstitutu, TİKA, YTB və diaspor qurumları sayəsində türk mədəniyyəti artıq öz təsir dairəsi olan bir mədəniyyətə çevrilməkdədir.
Dirəniş yalnız silahla olmaz – bəli; bəli, mədəniyyəti qorumaq da ruhi savaş növüdür. Türk mədəniyyəti öz çevrəsinə – sözlə, səslə, simvolla yaşamaq və yaşatmaq kimi – bir mədəni şüur modeli olaraq təsir edir.
V. PERSPEKTİV: MƏDƏNİYYƏTİN GƏLƏCƏYİ VƏ STRATEJİ AÇILIMLAR
Mədəniyyət yalnız keçmişin yadigarıdırmı? – Əlbəttə, xeyr; o, əlbəttə, gələcəyə uzanan iradə, yön, varlıq strategiyası kimi də xarakterizə olunmalıdır. Türk mədəniyyəti yüz illər boyunca dözümlü və daşıyıcı gücünü sübut etmiş sistemdir. İndi isə (haqlı olaraq) bu zəngin mədəni sərvətin yeni nəsillərə ötürülməsi, rəqəmsal dönəmin tələblərinə uyğunlaşdırılması və qlobal mədəniyyətlər arasında möhkəm mövqe tutması gündəmdədir.
Bu gün Türk dünyası etnik bağların yanında, siyasi, iqtisadi və mədəni strukturlar baxımından da yaxınlaşma mərhələsindədir. Bu yaxınlaşma ortaq mədəniyyət strategiyalarının işlənməsini və koordinasiyalı mədəni siyasətlərin həyata keçirilməsini zəruri edir.
Türk Dövlətləri Təşkilatı (TDT) və digər ortaq türk platformaları işbirliyinin institusional bazasını yaratsa da, praktik sahəyə düşən gerçək təsiri artırmaq vacibdir.
Ortaq mədəniyyət təqvimi, tədris proqramlarının uyğunlaşdırılması, mədəni turizm layihələri, birgə rəqəmsal platformlar bu inteqrasiyanı sürətləndirə bilər.
Rəqəmsallaşma, mədəniyyətlərin yayılmasında həm böyük fürsət, həm də ciddi təhlükə daşıyır. Türk mədəniyyəti üçün bu çağ, özünü yenidən izah etmə, vizuallaşdırma və əlçatan etmə dönəmidir.
Rəqəmsal arxivlər, virtual muzeylər, ortaq “e-kitab” platformları ilə mədəniyyətin qorunması və gənc nəslə çatdırılması mümkündür.
Rəqəmsal folklor konsepti – “TikTok”, “Instagram”, “YouTube” kimi platformlarda milli musiqi, söz, dil və simvolların paylaşılması – çağdaş mədəniyyət savaşında önəmli alətə çevrilməkdədir.
Süni intellekt vasitəsilə xalq nağıllarının, musiqi motivlərinin, dil strukturlarının emalı – mədəniyyətin həm elmi, həm strateji baxımdan dərinliyini artıra bilər.
Mədəniyyət bir iç məsələ olmaqdan çoxdan çıxaraq beynəlxalq münasibətlərin əsas alətlərindən birinə çevrilib. Türk mədəniyyəti bu baxımdan “yumşaq güc” elementi kimi daha şüurlu və sistemli istifadə olunmalıdır.
Birgə film istehsalları, musiqi festivalları, ədəbiyyat günləri və mədəniyyət attaşelikləri vasitəsilə Türk mədəniyyəti qitələr arasında cazibə mərkəzinə çevrilə bilər.
Özəlliklə Avropa, Balkanlar və Uzaq Gündoğarda türk mədəni diplomatiyasına məxsus brendlər yaradılmalı, Dədə Qorqud, Manas, Yunus Əmrə, Köroğlu kimi şəxsiyyətlər ətrafında qlobal mədəni təhkiyələr qurulmalıdır.
Mədəniyyətin davamlılığı üçün onun təhsil sisteminə inteqrasiyası da vacibdir. Texniki bacarıqlar öz yerində, bununla birgə, yeni nəsillər mədəni kimlik və estetik şüurla da yetişdirilməlidir.
Örnəyi, məktəblərdə türk mədəniyyəti dərsləri, xalq ədəbiyyatı və aşıq sənəti atelyeləri, ana dili və tarix dərslərinin milli məzmunla zənginləşdirilməsi təklif olunmalıdır.
Gənclər arasında mədəniyyət mentorları (yolgöstərənləri), rəqəmsal dastançılar və dil elçiləri formalaşdırılmalıdır.
Türk mədəniyyəti yalnız bir etnosun yox, bəşəriyyətin ortaq mədəni sərvətinə töhfə verən böyük bir sivilizasiya daşıyıcısıdır. Bu səbəbdən onun perspektivləri yalnız “qorumaq” ilə sınırlanmayıb, yaratmaq, tanıtmaq və dəyişmək üzərində qurulmalıdır.
Ekofəlsəfi elementlər, doğa ilə ahəngdar yaşam (bu yerdə “Çölçü”nün qurucu-başqanı Eltən Törəçinin “Çöldə yaşam öyüdləri”, “Çölçü Obası” yada düşür) prinsipləri, at–ov–doğa üçlüyü kimi arxaik temalar çağdaş ekoloji fəlsəfə ilə birləşdirilə bilər.
Türk mədəniyyətindəki icma dayanışması, qonaqpərvərlik, söz etikası kimi dəyərlər bugünkü parçalanmış, fərdiyyətçi dünyaya alternativ model kimi təqdim oluna bilər.
Türk mədəniyyəti zəngin irs olmaqla yanaşı həm də gələcəyin mədəniyyətidir. – Bax, ortaya qoyulmalı olan yeni təhkiyə budur.
Gələcəyə yönəlik mədəniyyət təkcə özünü qorumaqla yetinmir; o həm də yenilənir, yenidən yaradılır və digər mədəniyyətlərlə dialoq quraraq yaşamağa davam edir. Türk mədəniyyəti bu anlamda həm birləşdirici yaddaş, həm də gələcəyi quran güc kimi mövqelənməlidir.
Mədəniyyət bayrağımız uca olsun!