Bir imza və bir şeir layihəsinin bugünkü qonağı gənc yazar Rəşad Nağı Mustafadır.
Xoş gördük, Rəşad bəy!
Xoş gördük, qiymətli sənətseverlər.
Bir sevgi şeiri necə oldu ki, müharibə şeiri adını qazandı?
Bu haqda danışacağıq. Hələlik isə günümüzü küsdürən müharibəyə baxaq.
Bəzən sənət müharibənin qanını həyatın damarlarında axıtdığı üçün yaşayır...
Heç şübhəsiz ki, bu qanlı düşüncənin içində ...gözəl söz... yaratmaq fikrindən uzağam. Nədən ki, min illərdir mədəniyyət insan şüurundakı bu ştrixlənmiş psixi döyüşü yuya bilmir. Biz həyatın var oluşunu, onun estetik libasını qorumağa çalışarkən, kimlik mübarizəsi uğrunda bir tikə işıq naminə canımızdan keçdiyimiz zamanlarda müharibə bir tərəfdən taleyimizi güllələyir.
Müharibə insanların kollektiv taleyidir. Yəni, bu elə bir yeganə əsarətdir ki, insanlıq qatili olsa belə, insan psixologiyasını o dərin, süst yuxudan oyadır. Dərk edirəm ki, müharibə fərdi psixologiya üçün bir ölüm nəğməsidir. Bu düşüncə toplumun ağlına dolanda, o, sülhün qoruyucu mələyi olur. Çünki müharibəni tamamilə yox saymaq, insan psixologiyasını nəzarətdən itirməkdir. Müharibənin bu qanlı reallığı bizi şüurumuzun yarada biləcəyi daha böyük, daha dağıdıcı metafizik müharibələrdən qoruyan son səddir.
Sənət müharibənin qanı üzərində öz rənglərinə nifrət edəndə mədəniyyət olur.
Bizim məqsədimiz də məhz bunu söyləməkdir.
Hərbi dildə desəm,
Bizim hədəfimiz, söz dünyamıza işğalçı kimi daxil olanlardır.
Biz o qələmlərə qarşıyıq ki, mətn adı altında mənasızlıq yayır, fikir adıyla insanı fikir əzabına salır. Biz heç bir imzaya, heç bir qələmə imkan verməyəcəyik ki, onlar bizim yazı ərazilərimizi işğal etsin.
Biz qafiyə səddinin dərin qatlarını yenib, estetik bəzəyin üzünü cırıb, onun dərinliklərinə qədər yarıb keçmişik. Orada gizlənmiş, söz sənətindən təkcə bir ...musiqi... kimi istifadə edən ahəngləri, o qondarma ritmləri aşkarlamış və ədəbi torpağımızdan təmizləyib çıxaracayıq...
Çünki biz inanırıq ki,
Böyük MƏTN harda dayanıbsa, orada söz azadlığı başlayır...
Elə isə keçək müəllifin şeirini oxuyaq,
Müharibə başlayıb... Nəbatat bağındayam
Hava yaman soyuqdu, özüm də bir az xəstə.
Heyif, evdən çıxanda papaq da qoymamışam
Anam elə bilir ki, ölüm ayağındayam.
Müharibə başlayıb... Nəbatat bağındayam...
Mən səni gözləyirəm....
Eləcə dayanmışam Eldar şamının altda
Gör e, adam adında ağaclar var həyatda
Ağacların üstündən yıxılan balacalar böyüyür,
igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.
Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən vətən səninçün nədi?
Bax, indi dediklərim hamısı bəhanədi:
Anamın olduğu yer, atamın yatdığı yer,
bir də sən hardasansa ora mənə vətəndi.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.
Mən atamdan bilirəm, ölüm bədahətəndi.
Mən də mütləq öləcəm, elə Eldar şamı da,
Bir əsgər anasının ümidi ölmür heç vaxt,
bir də əziz şəhidlər ölmür, başına dönüm
Məni bərk qucaqlama, axı atan deyiləm
Məndən barıt qoxusu gəlmir, başına dönüm.
Hər şeyə baxmayaraq
yenə də məni sevmək
çox xoşuna gəldisə,
dua et, ayrılmayaq,
duadan yaxşı nə var
ürəyin gözəldisə..
Əgər bu şeir müharibə şeiri olmaq istəyirsə,
Şeir müharibənin başlanması ilə özünə səngər qazır və müharibə, təbii ki, kollektiv bir faciədir. Bu kollektiv faciənin içində fərd öz psixoloji və individual həyatına boylanır. O, ümumi faciənin içində belə şəxsi varlığını qorumağa, öz daxili həyatını yaşamağa çalışır. Başqa sözlə, desəm, şeirdə müharibənin yaratdığı ümumi dramatik fonun içində insanın fərdi mövcudluğu ön plana keçmək istəyir və bu vəziyyət onu müəyyən ekzistensial düşüncələrə gətirib çıxarır.
Ya bu şeir müharibə xəbərini eşidən sevgi obrazını dindirməkdirsə,
Bu, əslində müharibənin gətirdiyi xaos qarşısında fərdin göstərdiyi passiv dirənişdir. Müəllif hadisəni Nəbatat bağında qarşılayaraq, oxucunu əhatəsi genişlənmiş-faciədən kiçik maddi problemlərə, soyuqlamaq, papaqsız çıxmaq yönəltməklə müharibənin ağırlığını qəsdən kiçildirmiş kimi özünü göstərir. Bu, bədii ölümün gözlərindən gözünü qaçırmaqdır.
Biz vətən haqqında yazılmış mətnləri oxuyanda, istər-istəməz müəllifin taleyinə də baxırıq. Yəni düşünürük, görəsən bu sözləri yazan adamın doğrudan da əlində silah olubmu, müharibə görübmü? Bu baxış müəyyən mənada klassik təfəkkürdən gəlsə də və Azərbaycanın ana laylası, ana yaylığı olan bayrağın kölgəsində həyat tapır. Sevdiyimiz bir şairin həyatı ilə şeiri arasında uyğunsuzluq görəndə onu tez qınamağa meyilli bədii balta düzəltmək fikirindən uzağam. Mənim məqsədim bu mətndən çıxardığım mühakiməni bir qədər sənətsal və məsələyə yalnız bədii mətnin düşüncələri ilə yanaşmaqdır. Şeirdə danışan səs ilə müəllifin real şəxsiyyəti həmişə eyni olmaya bilər. Müəllif müharibə görməyə bilər, amma yazdığı şeir yenə də bədii baxımdan güclü ola bilər.
Şeirə müharibə pəncərəsindən baxanda, görürük ki, bu şeirin misralarında və ya bəndlərində poetik mənzərə çox rəngsizdir. Müharibəni yaşamayan bir müəllifin müharibəni qan görmüş bir əsgər kimi dərk etməsi mümkünsüzlüyü aydın görünür. Şeirin başlanğıcı belə bunu göstərir. Müharibəni görən və ya görməyən müəllifin sənət yolunda yazdıqları onun müharibə iştirakçısı olub-olmaması meyar deyildir, mən bunları onunçün qeyd edirəm ki, müəllif birdən gəlib, deyər ki, mən bu düşüncələrimi "silaha" söykənib yazmışam. Bu mətndə özünü müdafiə xarakteri daşımır, psixoloji möhkəmliyin betonlarını sındırmağa yol açır.
...Müharibə başlayıb, nəbatat bağındayam.
Hava yaman soyuqdu, özüm də bir az xəstə,
Heyif, evdən çıxanda papaq da qoymamışam,
Anam elə bilir ki, ölüm ayağındayam…
Yaralanmış bir müharibə vətəndaşının düşüncələrinə boylansam, burada ciddi poetik təsvir və ya bədii mənzərə görməyəcəm. İfadə forması sadədir və şeiri gücləndirən element daha çox danışıq tonudur. Sanki bu hadisəni yaşamır, eləcə yazığı gəlir. Bu daha çox hisslərin simuliyasıyasıdır. Müəllifin müharibədən uzaq bir insan kimi hadisəni danışması, nəzərə çarpır, ekzistensial gərginliyi isə daha çox daxili etiraf libasında geynilib. Mətnin bu hissəsindəki ...papaq və soyuqlamaq... detalları, əslində müharibənin gətirdiyi ...ölüm... qorxusunun maddi varlıq səviyyəsinə endirilməsidir. Müəllif real müharibənin barıt qoxusunu, psixoloji lirikanı qabartmaq əvəzinə, payızın soyuğunu şişirdir ki, bu da təsvirin kəsərini azaldır.
...Mən səni gözləyirəm, eləcə dayanmışam Eldar şamının altda,
Gör e, adam adında ağaclar var həyatda…
Belə bir müharibənin kənarında dayanmış bir yetkinin qəlbinin təsirləndiyinə baxsam, burada insan və ağac arasında müəyyən simvolik əlaqə yaranmağa çalışır, ancaq ideya inkişaf etdirilmir. ...Eldar şamı... tarixi bir ağacdır və adın poetikləşdirilməsi cəhdləri uğurlu alınmır. Niyəki, mistik bir xatirənin arxtepi ola bilmir Ardınca gələn misra...bu ağacın adaşı Şuşada şəhid olur... burada əlaqə daha çox qafiyə və söz uyğunluğu üzərində qurulub. Müharibə, ağac və şəhid arasındakı daxili poetik əlaqə zəifdir və estetik təsir gücü aşağıdır. Müəllif şəhid obrazına söykənərək emosional zəfər yaratmağa çalışır, bu da mətn daxilində poetik dərinlik qazanır deyə bilmirik.
...Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən vətən səninçün nədi,
bax indi dediklərim hamısı bəhanədi....
Yenə də vətən anlayışı şəxsi həyatın kölgəsindədir. Obraz üçün fərdi həyat və şəxsi hisslər, kollektiv faciədən və vətən ağrısından daha önəmlidir. Vətən ideyası, böyük sözlərlə ifadə olunsa da, mətn daxilində ikinci plandadır. Və müəllif bunu qəsdən və yaxud bilməyərək ələ verir
...Anamın olduğu yer, atamın yatdığı yer, bir də sən hardasansa ora mənə vətəndi...
Bu fikirlər bəddi ədəbiyyatda çox işlənmiş bir fikrin təkrar formasıdır. Sözlərin düzülüşü dəyişsə də, poetik tapıntı itir Sonrakı misra...Mən atamdan bilirəm, ölüm bədahətəndi... burada “bədahətən” sözünün işlənməsi daha çox qafiyə zərurətindən qaynaqlanır.
...Bədahətən... ifadəsi poetik ruhsallıqla üst-üstə düşmür. Ölüm təbii və ya qaçılmaz bir sonluq olsa da ...hazırlıqsız söylənilən söz kimi təsnif edilməsi mətndə fəlsəfi qırıqlıq yaradır. Bu, qafiyənin mənanı üstələdiyi pilləkəndir.
...Bir də əziz şəhidlər ölmür, başına dönüm... misrası göstərir ki, müəllif şeirin emosional gücünü şəhid anlayışına söykəyir.
Ancaq bu obraz mətnin daxili ağrısını ifadə etmək əvəzinə, hazır emosional fonun kölgəsinə sığınır. Müəllif fərdi ekzistensial ağrısını poetik şəkildə görmür, şəhid anlayışının yaratdığı müqəddəslik altında gizləyir.
...Məndən barıt qoxusu gəlmir... misrası şeirin ən dürüst məqamı olsa da, müəllif bu dürüstlükdən doğan boşluğu şəhidlərin müqəddəsliyi ilə doldurmağa çalışır. Bu isə poetik manipulyasiyadır.
Mən bu barədə müəllifin fikirlərini və ya mətni təhlil edərkən ənənəvi ədəbiyyatşünaslığın təzyiqini hiss etmirəm. Mən üz-üzə qaldığım mətni necə görürəmsə, onu göstərirəm. Əlimdə güzgü şeirin içində hey gəzib-dolaşıram.
Bütövlükdə şeir müharibə canlılığını bədii-estetik baxımdan sönük göstərir. Misralarda güclü poetik gərginlik, obrazlı təsvir və ya yenilik közərtidir. Surət xətti yalnız mətnin başlanğıcı və sonu arasında müəyyən ideyanı birləşdirir, daha yaxın desəm, müharibənin verdiyi fərdi ağrını göstərməyə canfəşanlıqdır... Şeirə bütövlükdə baxanda elə bil ekzistensial əzabı danışır. Amma bu təhlillərimə söykənib deyə bilərəm ki, bu şeir müharibə əzablarını göstərmir. Elə bil ki, müharibə fonundan istifadə edilib, amma əslində bu bir sevgi şeiridir. Necə yəni sevgi şeiridir?!
Yuxarıda qeyd etdiyim fikirlərin boşluğunu nahaq yerə qeyd etməmişəm, indi söyləyəcəyim fikirlərimi tamamlamaqdan ötrü yazmışam. Əgər bu şeiri biz hiss etsək, müəllifin adını çəkdiyi müharibə detalları bir metaforadır. Bəli, metaforadır. Və çox gözəl sevgi əzablarını müharibə diliylə bizə çatdırır. Bəzən metaforalar o qədər simvolik məna qatına malikdir ki, onu ancaq ədəbi gözün itiliyi seçə bilir!
Bəlkə də müəllifin bundan xəbəri yoxdur. Şeir daha çox fərdi etiraf və sevgiyə bənzəyir, müharibə isə yalnız kölgə kimi, şəkil olaraq mövcuddur. Müharibə hissiyyatı yox, yalnız adı çəkilir. Bu bir qadının qarşısında, şəxsi kişiliyini, bədii vətən obrazını sübuta yetirməkdir.
Bunu bir qədər də aydınlaşdırsam, mən metafora deyəndə bənzədilən varlığın mövcud varlıqdan daha köhnə olmasını əsas şərt kimi qəbul edirəm. Yəni biz deyə bilmərik ki ...səni gələcək kimi sevirəm... Çünki burada bənzədilən varlıq utopikdir, hələ mövcudluq qazanmayıb və görünmür. Nədən ki, metafora təcrübədə və yaddaşda mövcud olan bir varlığa söykənməlidir.
Bizim gətirdiyimiz nümunələrdə də göründüyü kimi, sevgi müharibədən daha qədim bir duyğudur. İnsan varoluşu prizmasından baxsaq, yəqin ki, yanılmarıq. Deməli, bu şeirdə danışdığımız metaforalar və metonimiyalar bənzədilən varlığın özünü göstərir, onun əksində dayanan müharibə faktını yox! Yəni ki... Sevginin özünü göstərir!
Əgər bir şeir bütün nəsildaşlarının sənət daşını qaldıra bilmirsə, o sənət olmaqdan yaxasını qurtarır.
Varlığınızı hiss etdiyim məkanlarda görüşək!
Müəllifə hörmətlə
Gələn görüşlərədək.
Cavid Fərzəli
