Milli Müdafiə Nazirliyi, İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyini açıqladı.
Turkustan.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, sözügedən sursat Türkiyə hava məkanına daxil olduqdan sonra NATO-nun bölgədə yerləşdirilən müdafiə sistemləri tərəfindən aşkar edilərək ələ keçirilib. Beləliklə, ballistik raket zərərsizləşdirilib və heç bir mənfi nəticə baş verməyib.
Bu hadisədən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları yenidən gündəmə gəldi. Qaziantepdə raketin vurulmasından sonra danışan Ərdoğan İrana yönəlmiş diqqətəlayiq açıqlamalar verdi . Ərdoğan açıqlamasında xəbərdarlıq etdi: " İran min illik qonşuluq münasibətlərimizə kölgə salacaq hərəkətlərə yol verməməlidir. İran səhvlərində israr etməməlidir."
Məlumata görə, bu, ABŞ-İsrail ittifaqı ilə İran arasında Yaxın Şərqdə davam edən münaqişənin başlanğıcından bəri Türkiyə ərazisini hədəf alan üçüncü raket hücumudur. Son hadisə Türkiyənin bu cür pozuntulara qarşı diplomatik və hərbi reaksiyası ilə bağlı suallar doğurur.
Aytən Yaşar/ Turkustan.az