Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
VI Yazı
Həsən bəy Məlikovun Zərdabinin dəfni
1907-ci il noyabrın 28-də vəfat etmiş Həsən bəy Məlikovun dəfn mərasimi oldu.
Ənənələr və mərhuma böyük ehtiram daha üstün gəldi və cəmiyyət onun sakit, səssiz-küysüz təntənəsiz dəfn olunması haqqındakı vəsiyyətinə əməl edə bilmədi.
Saat 10-a yaxın milli mənsubiyyətindən asılı olmayaraq bütün yerli ziyalılar mərhumun mənzilinə toplaşmışdılar.Evə yaxın küçələrin hamısı müxtəlif millətlərdən olan adamlarla,əlaxsus da müsəlmanlarla dolu idi.
Məscidə qədər olan küçə boyu müəllimləri başda olmaqla rus-Azərbaycan məktəblərinin şagirdləri və direktor İ.V.Depferin rəhbərliyi ilə real məktəbin müsəlman şagirdləri cərgə ilə düzülmüşdülər.
Mərhumun tabutu üzərinə əklillər deyil,müsəlman adətincə matəm lentli bahalı şallar salınmışdı.Bu lentlərin üstündəki yazılardan onların hansı şəxslər, ictimai təşkilatlar, tədris müəssisələri və sairə tərəfindən gətirildiyi biliniirdi.
Müsəlman müəllimlər mərhumun tərcümeyi-halı yazılmış gümüş büvar (kağız yığmaq üçün qovluq),müsəlman dram truppası gümüş lirə, “İrşad” redaksiyası Zaqafqaziyada ilk türk qəzeti “Əkinçi” nin qızılı çərçivəyə salınmış birinci nömrəsini, müsəlman ginazistlər Həsən bəyin matəm haşiyəsinə salınmış böyük portretini sairəni gətirmişdilər.
Düz saat 10 tamamda ali müsəlman ruhanilərinin ölü namazından sonra sonra müsəlman ziyalıları mərhumun cənazəsini çiyinlərinə götürdülər və dəfnə toplaşan böyük kütlə məscidə tərəf yol aldlı.Burada da onları xeyli adam gözləyirdi.
Mərhumun nəşini məscidin içərisinə apardılar.Bakı quberniya qazısı yerli müsəlman ruhaniləri ilə birlikdə ölü namazına dayandı.
Sonra bütün millətlərdən və ictimai təbəqələrdən olan adamlarla dolu məscid həyətində hamının böyük maraqla dinlədiyi nitqlər söylənməyə başladı.
Birinci “İrşad” qəzetinin redaktoru Əhməd bəy Ağayev Azərbaycan türkcəsində nitq söylədi. Cənab Ağayev səmimiyyət və coşğunluqla mərhum Həsən bəyin təkcə Bakıda deyil,bütün Zaqafqaziya müsəlmanlarının müəllimi,düzgünlük və həqiqət carçısı, geridə qalmış xalqının ağ günə çıxarılması üçün heç nəyini əsirgəməyən təmənnasız ictimai xadim olduğunu söylədi.
Natiq müsəlmanlar qarşısında Həsən bəyin xidmətlərinin əvəzsizliyini qeyd etdi və dedi ki, mərhumun səpdiyi toxumlar artıq öz bəhrəsini verir və verəcəkdir.Cənab Ağayev özünün uzun və hərarətli nitqində mərhumu hamıya nümunə ola bilən ictimai xadim və jurnalist kimi səciyyələndirdi.
Doktor Qarabəy Qarabəyov rus dilində nitq söylədi və göstərdi ki, Bakı həyatının yaradıcı iş,ictimai fəaliyyət tələb edən elə bir sahəsi yoxdur ki, Həsən bəy bütün biliyini,bütün qüvvə və enerjisini həmin sahəyə sərf etməsin.
Elə bir müsəlman ziyalısı tapılmaz ki,- deyə natiq daha sonra sözünə davam etdi,-bizim ən qocaman müsəlman ziyalımız və həqiqi universitetimiz olan Həsən bəyə müraciət etməsin,ondan məsləhət almasın.O,qəflət yuxusuna dalmış müsəlmanların ilk oyadıcısı idi,o,ilk qəzeti yaratmışdı,o,ilk müsəlman teatr truppasını təşkil etmişdi,o,ilk rus-türk məktəblərinin açılmasına səy göstərmişdi,o, ilk dəfə müsəlman gəncliyini məktəblərə,marifə səsləmişdi.
Həsən bəyin ictimai fəaliyyəti senzuranın dar çərçivələrinə salındığı şəraitdə müsəlmanlar üçün gördüyü işlərin hamısını sadalamaq imkan xaricindədir-deyə natiq sözünə belə yekun vurdu:- Lap bu yaxınlarda bütün Gürcüstan qocaman publisist və ictimai xadim knyaz Çavçavadzeni itirdiyinə görə yasa qərq olmuşdu.Biz müsəlmanlar həmin dərdə şərik çıxmışdı.İndi eyni müsibət bizim - təcürbəli və müdrik ağsaqqalını itirmiş müsəlmanların da başına gəldi.
Şəhər bələdiyyə rəisi N.V.Rayevski bildirdi ki,burada təzə adam olmasına və mərhumu heç vaxt görməməsinə baxmayaraq onun haqqında çox oxuyub,çox eşidib,həmişə də Həsən bəyin tükənməz enerjisinə,düzlüyünə,sabitliyinə heyran qalıb. Mərhumun xarakterini açan ən gözəl cəhəd budur ki-deyə natiq sözünə davam etdi,-qırx il əvvəl Həsən bəy yoxsul adam kimi Bakıya gəldi,bu qırx il ərzində Bakı milyonerlər şəhərinə çevrildi,onun gözünün qabağında dünən bir tikə çörək tapmayanlar milyoner oldular.Həsən bəy isə hamıdan daha çox milyon qazanmaq imkanına baxmayaraq,bu dünyanı qırx il əvvəlki həmin yoxsul adam kimi tərk etdi.Onun nəyi vardısa,hamısını cəmiyyətə verdi.Həsən bəyin prinsipi belə idi: özüm üçün heç nə,cəmiyyət üçün hər şey!-deyə natiq sözünü tamamladı.
Sonra məşhur müsəlman publisisti Əli bəy Hüseynzadə, şəhər Dumasının qlasnısı,molla Əfəndiyev,tacirlərin nümayəndəsi İbrahim bəy Məlikov Azərbaycan türkcəsində nitq söylədilər.
Sonra yerli gürcü cəmiyyəti adından M. A. Nasidze gürcü dilində ehtiraslı və coşğun matəm nitqi söylədi.
Bu nitqlərdən sonra ziyalılar mərhumun cənazəsini çiyinlərində məsciddən çıxardılar və çoxminli kütlə Bazar küçəsi ilə “Kaspi” redaksiyasına tərəf yollandı.
“Kaspi” qəzetinin əməkdaşı A.Y.Olendski qısa nitqində mərhuma əvvəlki natiqlər tərəfindən verilən yüksək qiymətə tərəfdar çıxdı,səmimi ürək sözlərini kütləyə çatdırdı və redaksiya adından Bakının ən qocaman jurnalist və ağsaqqal mətbuat xadiminin, “Kaspi”nin ən sadiq əməkdaşı və yaşlı redaksiya heyəti üzvünün xatirəsi qarşısında təzim etdiyini bildirdi.
Sonra “Təzə həyat” qəzetinin redaktoru cənab H.Vəzirov çıxış etdi və mərhum Həsən bəyin müsəlman cəmiyyəti qarşısında xidmətlərini,onun yüksək ləyaqətini bir daha xatırlatdı.
Daha sonra “Kaspi” qəzetinin mürəttibi,mərhumun uzun müddət birgə çalışdığı cənab Kuinci mətbəə işçiləri adından çıxış edib hərarətli sözlər dedi.
Nitqlər qurtarandan sonra dəfn mərasimi Nikolay küçəsi ilə hərəkət edərək şəhər Dumasının binası qarşısında dayandı.
Burada yenə nitqlər başlandı.Azərbaycan türkcəsində birinci Dumanın yeni qlasnısı,müsəlmanların tərəqqisi sahəsində xeyirxah işləri ilə tanınan İsabəy Aşurbəyov çıxış etdi və mərhumun müsəlmanlar qarşısındakı xidmətlərini əvvəlki natiqlərdən də qabarıq şəkildə nəzərə çarpdırdı.
Sonra Dağıstan nümayəndəsi danışdı və dedi ki,mərhumu Bakıda olduğu kimi Dağıstanda da çox yaxşı tanıyırlar.
Real məktəbin şagirdi Vəzirov bildirdi ki, tərəqqi və maarif yolu ilə irəliləyən gənclik ilk növbədə öz qocaman müəllimi və rəhbəri Həsən bəy Məlikova borcludur.
“İrşad” qəzetinin əməkdaşı cənab Axundov əvvəlki nitqlərdə səslənən mövzulara bir də qayıdaraq “mərhum”un ünvanına ürəkdən gələn səmimi sözlər söylədi.
Axırda “Kaspi” qəzetinin əməkdaşı Q.S. Cinoridze çıxış edib dedi ki, böyük,ilahi məhəbbətlə sevdiyimiz Həsən bəyin cənazəsi gözlərmizin qabağında olduğu indiki məqamda onun maarif və ictimai tərəqqi sahəsindəki xidmətlərinin hamısını sadalamaq qeyri-mümkündür.Natiq daha sonra dedi: “Böyük ürək ağrısı ilə Həsən bəyi yola saldığımız və əsəblərimizin bu itkidən son dərəcə gərildiyi bir vaxtda biz hər şeyi təfərrüatı ilə nəzərdən keçirməyə,onun xidmətlərini layiqincə qiymətləndirməyə qadir deyilik.Həsən bəyin xidmətləri isə artıq öz real bəhrələrini verir,onun əkdiyi fidanlar günü-gündən bərkiyir və möhkəmlənir.Onun əsil qiymətini gələcək nəsillər verəcəklər.Əlvida, əziz dostumuz Həsən bəy,sən bu dünyanı tərk etdin,ancaq bil ki,ürəyin, ruhun həmişə bizimlədir...”
Sonra dəfn mərasimi Bibi-Heybətə,Şıx qəbristanlığına yol aldı və burada mərhumun cənazəsi torpağa tapşırıldı.
Dəfndə Bakı şəhəri bələdiyyə rəisi N.V. Rayevski başda olmaqla şəhər idarəsinin bütün üzvləri və Dumanın qlasnıları,erməni ruhaniləri, Bakıdakı Qacar dövləti konsulu, həkimlər, hüquqşünaslar, məmurlar, tacirlər və sairə iştirak edirdilər.
Müxtəlif millətlərdən olan, müxtəlif yaşlı, müxtəlif ictimai mənsubiyyətli adamlar unudulmaz Həsən bəyə son borclarını vermək üçün qəbistanlığa gəlmişdilər.
Dəfndə iştirak edənlərə Qafqazda ilk müsəlman qəzeti “Əkinçi”dən götürülmüş bir neçə sətir yazı ilə birlikdə mərhumun portretini paylayırdılar.Bu bir neçə sətrə görə mərhum Həsənbəy öz sevimli qəzetindən həmişəlik ayrılmalı olmuşdu.
Əlvida Həsən bəy! Allah sənə rəhmət eləsin,ey Zaqafqaziya müsəlmanlarını qəflət yuxusundan oyadan ilk şəxs!
“Kaspi”,1 dekabr 1907-ci il. N-266.
Midhət bəy Məlikov-Həsən bəy Zərdabinin oğlu
Midhət bəy Məlikov 1879-cu ildə Göyçay qəzasının Zərdab kəndində anadan olub.Bakı realnı məktəbini bitirdikdən sonra,1901-ci ildə Almaniyaya təhsil almağa yollanıb.Midhət dörd ildən artıq müddətdə Almaniyada yaşayıb,təhsil alaraq mühəndis ixtisasına yiyələnib. Bolşeviklərə də nifrət edib və söyləyib ki, vaxt gələcək onlar bu məxluqlar bir-birinin ardınca insanları kütləvi halda soyqırım edib öldürməyə başlayacaqlar və hər kəsi öldürməyə bu iblis varlıqlar bir səbəb tapacaqlar.
Midhət bəy bir müddət Kazan şəhərində yaşayıb 42 yaşında əslən Kazan tatarı olan Lidiya ilə evlənib və Fatimə adlı qızları dünyaya gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin ruslar tərəfindən işğalından təxminən 5 il sonra ailəsi ilə birlikdə Bakı şəhərinə qayıdıb.1925-ci ildə Yerli Təsərrüfat Baş İdarəsinin Elektrikləşmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.Şamaxıda, Lənkəranda,Xanbulaqçay üzərində su elektrik stansiyası qurmaq niyyətində olub.Bilindiyi kimi, Mingəçevir Su Elektrik Stansiyasını tikməyin ilk ideyasını Midhət bəy Məlikov vermişdir.
Midhət bəy 1937-ci ildə Lənkəranda həbs edilərək,qolları qandallı Bakıya aparılıb.Rusların və ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə güllələnmiş,1990-cı ildə isə bəraət almışdır.
Safvət bəy Məlikov –Həsən bəy Zərdabinin oğlu
Safvət bəy Məlikov 12 noyabr 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.O, Bakı real məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnistitutuna daxil olub.Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb.1917-ci ildə bolşeviklərin inqilabından sonra təhsilini yarımçıq qoyub Bakıya geri dönməyə məcbur olur.Buraya gəldikdən sonra cumhuriyyət quruculuğu prosesində iştirak edir.Əlimərdan bəy Topçubaşov Safvət bəyin yeznəsi idi və Əlimərdan bəy Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Safvət bəyi özünə köməkçi-qələm müdiri götürür. 1919-cu il martın 9-da Əlimərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə göndərdiyi məktubdan bəlli olur ki,Safvət bəy Parisə yola düşməmiş,İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti konsulluğunda çalışmışdır.Anası ilə yazışmalarından bəlli olur ki, Safvət bəy AXC-nin xaricə təqaüdlə oxumağa göndərdiyi 100 tələbədən biri olmağa çalışmış, lakin konsulluqda çalışdığına görə bu mümkün olmamışdı.1923-cü ildə onu Sovet Azərbaycanından Dadaş Bünyadzadənin imzası ilə Almaniyaya təhsil almağa göndərirlər.Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir.
1927-ci ildə Türkiyəyə gəlir və Əlimərdan bəy Topçubaşovun qohumu olmasına,Azərbaycandakı rus idari sisteminin Həsən bəy Zərdabiyə qarşı münasibətinin hələ tam bilinməməsinə görə Azərbaycana dönməkdən imtina edir və burada qalmağı qərara alır.Safvət bəy 1927-ci ildən davamlı olaraq Türkiyədə yerləşmişdir.Türkiyədə Nəsihə adlı bir xanımla ailə həyatı qurmuş və 1976-cı ildə vəfat etmişdir.
Son