Türkçülük təliminin mahiyyəti: siyasi-ideoloji, yoxsa sosial-fəlsəfi cərəyan


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

VII yazı

Böyük Türk mütəfəkkir-filosofu Nizami Gəncəlidə türklükqüvvət qəh­­man­­lıq simvoludur. Rəsulzadə yazır: “Hər halda Türk məf­hu­muna, hisslərində, duyumlarında, fikir düşüncələrində bu qədər yüksək yer verən bir Azərbaycan evladına, gözəl ilə ucaya – “Türk”, gözəllik ucalığa – “Türklük”, gözəllik ucalıq diyarına – “Türküstan” deyən bir şairə, yalnız farsca yazdığı üçün Türk deməmək mümkündürmü? Əsla!!! Əsərlərini ərəbcə yazdıqları halda, Türklük haqqındakı duyğuları ilə Türk mədəniyyəti vətənpərvərliyi tarixində müstəsna yer tutan Kaşğarlı Mahmudlar, Ğurlu Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmudlar qədər türk­dür­lər­, Nizami onlar qədər türkdür”. [1]

Ümumiyyətlə, N.Gəncəvi əsərlərində Türk, Türklük anlayışları xüsusilə önə çəkmiş, digər əsərlərində olduğu kimi, “İs­kən­dərnamə” poemasında da Türk xalqlarının qədimliyini, Türk adət-ənənələrini böyük ustalıqla əks etdirmişdir. Bu əsərində Makedoniyalı İskəndərin Qıpçaq ellərinə səfə­rin­dən bəhs edən N.Gəncəvinin məqsədi türklərin yalnız Azərbaycanda deyil, Orta Asiya bütün Qafqaz ellərində qədim xalqlardan biri olduğunu sübuta yetirmək olmuşdu.[2] Ümumiyyətlə, N.Gəncəvinin bütün yaradıcılığı bizə onu deməyə əsas verir ki, o bir Türk ölkəsində-şəhərində dünyaya gəlmiş, Türk kimi böyümüş Türklük adına xidmət etmişdir.

Nizami Gəncəvi əsərlərində türklüklə farslığın, zərdüştlüklə islamlığın bir-birinə nə dərəcə də tərs mütənasib olmasını da göstərməyə çalışmışdır. Məsələn, “Xosrov Şirin” poemasında N.Gəncəvi açıq şəkildə yazırdı ki, türklərin köku bu millətin ulu əcdadı Alp Ər Tonqa, dini etiqadı isə Günəşə sitayişlə bağlıdır:

Əgəp o aydırsa, biz aftiabıq (GünəşF.Ə.),

O Keyxosrovdursa, bizsə Əfrasiyabıq.[3]

O, burada türklüklə farslığın bir-birindən necə fərqləndiyini göstərməyə çalışmışdır. Başqa sözlə, “Dərbənd dənizinin bir sahmanında”, “Arrandan başlamış Ərmənə qədər”[4] hökmdarlıq edən Məhin Banunun dilindən Nizami türklüyümüzün ­dim­liyini dəfələrlə ifadə etmişdir.[5] Deməli, Arran-Bərdə hökmdarı Məhin Banu özünü Əfrasiyabın (Alp Ər Tonqanın), yəni türklərin nəsilindən hesab etmişdi. N.Gəncəvi Məhin Banunun dilindən bu xalqın Türk inanclı olması türklərin Alp Ər Tonqa kimi hökm­darının olması ilə fəxr edir.

Hesab edirik ki, 20-ci əsrin əvvəllərində Türk dünyası üçün Əli bəy Hüseynzadənin Türklük, İslamlıq və Çağdaşlıq, Ziya Gökalpın Türkləşmək, İslamlaşmaq, Müasirləşmək ideyaları ilə yanaşı, İsmayıl bəy Qaspıralının “Dildə, İşdə, Fikirdə Birlik” tezisi də çox mühüm olmuşdur. İ.Qaspıralı “Türküstan üləması” əsərində yazırdı ki, İslam fəlsəfəsinin və elminin tarixi araşdırlarsa, bir çox alimlərin Türk və Türküstanlı olduqları görülər. Onun fikrincə, vaxtilə türk alimləri müsəlmanların-türklərin indi-indi alışdığı dünyəvi elm və təhsili tədris etmişlər: “Avropada dünyəvi elmlər az olan bir zamanda Türküstanda müstəqil əqli və nəqli elmlər olmuşdur”.[6] Bununla da, o, bir tərəfdən İslam dinin həyatında türklərin mühüm mövqe tutmasını, digər tərəfdən isə onların həmişə dünyəvi bir millət olmasını göstərmək istəmişdi. Başqa sözlə, Qaspıralının bu fikirləri Türkçülük adına yeni bir dönəmin əsasını qoymuşdur. Türkçülük şüarı “Ddildə, Fikirdə və İşdə birlik” olan Qaspıralı bu ideyalarını bütün türklərin ortaq qəzeti olan “Tərcüman”da ifadə etmişdi.[7] Onun mədəni türkçü­lüyü “Üsuli-cədid” adlı yeni tipli məktəblərin açılması ilə davam etdirilmişdi. Əslində bu məktəblər dünyəvi elmləri tə­dris edən ilk Türk məktəbləri idi.[8]

Beləliklə, Ə.Hüseynzadənin “Türklük, İslamlıq və Müasirlik” tezisi ilə Qaspıralının “Dildə, fikirdə və əməldə birlik” tezisini qarşılaşdırdıqda görürük ki, Türk xalqları üçün hər ikisinin önəmi mühümdür. Sadəcə, Qaspıralının tezisində yalnız Türk dilində, Türk fikrində və Türk əməlində birlikdən söhbət getdiyi halda, Hüseyn­zadənin tezisində isə İslamla və Qərb mədəniyyəti ilə bağlı Türkçülük məfkurəsi önə çıxır. Əlbəttə, Hüseynzadənin tezisində Türkçülüyün İslamlıq və müasir mədəniyyət anlamında Qərbçi­liklə uzlaşdırılması dövrün real şərtlərinin nəticəsi idi və bu gün də öz əhəmiyətini qoruyub saxlamaqdadır. Həmin dövrdə, indi də olduğu kimi, Türkçülüyü on (10) əsrdən çox iç-içə mövcud olmuş İslam dinindən uzaq tutmaq mümkün olmadığı kimi, eyni zamanda dövrün qabaqcıl mədəniyyəti hesab olunan Qərb mədəniyyətinə qarşı qoymaq da mümkün deyil idi. Bu anlamda Hüseynzadə, Rəsulzadə, Gökalp, Ağoğlu, Atatürk və başqaları ən yaxşı halda Türkçülüklə İslamlığın və Müasirləş­məyin sintezindən çıxış etməyi məqbul görmüşlər.

Ancaq Qaspıralı bir tərəfdən onlar kimi, İslamlığa və Müasirləş­məyə bağlı Türkçülük ideyasını müdafiə etməklə yanaşı, digər tərəf­dən sırf Türk Birliyini gerçəkləşdirməyə yönəlmiş ortaq Türk dili, ortaq Türk düşüncəsi, ortaq Türk əməlini də önə çəkmişdir. Hesab edirik ki, Qaspıralının sırf Türk birliyinə yönəlmiş bu tezisi Türk xalqları üçün daha gerçəkçi bir siyasi-fəlsəfi konsepsiya olmuşdur. Türkiyə tədqiqatçılarından Süleyman Dönməz “Gaspıralının “Dilde, Fikirde, İşte Birlik” İdealı ve Türk Devleti Felsefesi” makalesində yazır ki, Qaspıralı Rusiyanın işğalına məruz qalan Vətənində istiqlal, türkçülük ideyalarını təbliğ etmişdir: “Gaspıralının dilde, fikirde, işte birlik ilkesi, bağımsızlığın kalıcı olabilmesi için devlet felsefesi haline getirilmelidir. “Yeni Türkiye” olmaktan çok “büyük Türk milleti ve devleti” olmanın peşine düşülmelidir. Ne olacağımızdan daha çok, ne olduğumuzu fark edilmelidir. Dünün hayaliyle bugünü yanlış önermelerle inşaya kalkışmak, dünü de bugünü de doğru okuyamamak demektir”.[9]

Nihal Atsız və Alparslan Türkeş Türkiyənin, Türk dünyasının yetərincə güclü olmadığı, üstəlik də Türkçülüyə münasibətdə ziddiyyətli baxışların olduğu bir dövrdə Türkçülük, Turançılıq ideyasını müdafiə etməyə başlamışlardır. 1944-cü ildə A.Türkeşlə Nihal Atsızın başqa turançılarla birlikdə “İrqçılık-Turancılıq” ittihamıyla mühakimə olunması göstərir ki, onların düşüncəsində Türklük dar mənada başa düşülməmişdir. Özəlliklə, İkinci Dünya müharibəsinin son illərində (1944-1945) Sovetlər Birliyinin Türkiyə üzərində təzyiqlərinin artdığı bir dövrdə A.Türkeş, N.Atsız kimi turançıların həbsxanalara atılması təsadüfi olmamışdır.[10]

Nihal Atsız Türkçülük dünyagörüşündə iki məqam: 1) Türk milliyyətçiliyində Türklük inancının mütləqləşdirilməsi, 2) Türk milliyyətçiliyini bütün ideyalardan, ən sonda İslam dinindən də uzaq tutaraq bir təlim kimi dəyərləndirməsi, mühüm rol oynamışdır. Ömrünü Türkçülük davasına həsr edən Atsız, kommunizmə, mühafizəkarlığa qarşı mübarizədə yalnız Türklük inancını ortaya qoymuş, Türk-İslam sintezindən çıxış edən Alparslan Türkeşlə eyni cəbhədə yer almamışdır. Başqa sözlə, Atsız beynəlmiləl sosializmlə (kommunizmlə) İslam beynəlmiləlçiliyinin Türkçülüyə qarşı ideyalar olduğuna inanmışdır. [11] Onu faşist, nasist adlandıranlara cavab olaraq Atsız deyirdi ki, o, nə faşist, nə də demokratdır: “Mən, yabancı qaynaqlı heç bir fikri mənimsəməyə tənəzzül etməyəcək qədər milli şüur və qürura malik bir Türküm. Siyasi, ictimai məzhəbim Türkçülükdür”.[12]

O, “Türkçülük və siyasət” məqaləsində haqlı olaraq Türkçülüyü siyasətdən uzaq tutaraq, onun mənəvi-ruhu, əxlaqi, fəlsəfi yönlərini göstərməyə çalışmışdır. Atsız yazırdı ki, Türkçülük anlayışının mənfi yönə çəkilməsi bir tərəfdən Türk əleyhdarlarının təbliğatıdırsa, digər tərəfdən özümüz onun mahiyyətini dərindən dərk edə bilməmişik. [13] Atsız hesab edirdi ki, əslində Türklük də İslamlıq kimi eyni mahiyyət daşıyır: “Bugünkü Türkçülük nə isə dünənki İslamçılıq da o idi”.[14]

Onun fikrincə, Türkçülük Türk millətçiliyinin adıdır və sözün sonundakı əlavə, mənsubluq , sevgi, tərəfdarlıq göstərən bir əlavədir: “Türkçülk Türk sevgisi və tərəfdarlığı demək olduğuna görə, söz yerində işlədilmişdir. Başqa millətlərin Türk tərəfdarlığı və Türk sevgisi bu söz ilə ifadə oluna bilməz. Onsuz da başqa millətlərin türkü sevməsi də gerçək bir sevgiyə deyil, keçici nəzakətə, mənfəətlərə, siyasi gedişlərə işarətdir. Türkü Türkdən başqası sevə bilməz. Türkçülük bir ülküdür Ülkülər millətlərin mənəvi qidasıdır”.[15] Türkçülüyün xarici ölklərdən, o cümlədən Almaniyadan bir irqçilik kimi ixrac olunmasına cavab olaraq Atsız yazırdı ki, yalnız və yalnız Türkçülük Türk millətinin öz mahiyyətindən ortaya çıxmışdır: “Türk köklü tək fikir , tək ülkü yalnız və yalnız Türkçülükdür”.[16]

Beləlikllə, Nihal Atsız çox haqlı olaraq Türkçülüyü əxlaqla, ədalətliklə, böyüklüklə, saflıqla izah edib, onun bir fikir və inanc olduğuna inanırdı: “Türkçülük bir fikir olduğu qədər dəhəm də inancdır. İnanc olduğu üçün də mübahisəsiz qədbul edilir. Onun mübahisə ediləcək tərəfi təməli, əsas deyil, detallarıdır”.[17]

[1] Rəsulzadə, M. Ə. Azərbaycan şairi Nizami. Bakı, Çıraq, 2008, s.176

[2] Gəncəvi, N. İskəndərnamə. Bakı: Lider nəşr., 2004 , s.314

[3] Gəncəvi, N. Xosrov və Şirin. Bakı: Lider nəşr., 2004 , s.119

[4] Gəncəvi, N. Xosrov və Şirin. Bakı: Lider nəşr., 2004 , s.63

[5] Gəncəvi, N. Xosrov və Şirin. Bakı: Lider nəşr., 2004 , s.119

[6] Qaspıralı, İ. B. Türküstan üləması. Bakı, Örnək, 2001, s.5

[7] Qaspıralı, İ. B. Dildə, fikirdə, işdə birlik. İ.Qaspıralı 1851-1914. Bakı, Qartal, 2002, s.19-21

[8] Yenə orada, s.22-24

[9] Dönmez, S. “Dilde. Fikirde, İşte Birlik” İdealı ve Türk Devleti Felsefesi”, İstanbul, Şen Yıldız, 2015, s.73

[10] Ete, H., Taşdelen, H., Ersay, S. O. Ülküçülkten Tepkisel Milliyyetçilige. MHPnin ideolojisi ve seçmen eğlimleri. İstanbul, Turkuvaz Matbaacılık yayıncılık, 2014, s.20; Alpdoğan, Furkan Fatih. Hüseyin Nihal Atsız: “Bir entelektüelin portresi ve panzehir olarak Türkçülük”. Oğuz Türkçesi Araştırmalar Dergisi. Sayı 4, 2022, s.28

[11] Atsız, Hüseyin Nihal. Türk ülküsü. İstanbul, İrfan yayıncılık, 2016, s.53

[12] https://tr.m.wikpedia/org/wiki/NihalAtsiz.

[13] Atsız, N. Türkçülük ve Siyaset. “Ötüken” dergisi, Şubat, sayı 104, 1970, s.115

[14] https://tr.m.wikpedia/org/wiki/NihalAtsiz.

[15]Atsız, Nihal. Türk ülküsü. Bakı, 2017, s.12-13

[16]Atsız, Nihal. Türk ülküsü. Bakı, 2017, s.18

[17]Atsız, Nihal. Türk ülküsü. Bakı, 2017, s.19


MANŞET XƏBƏRLƏRİ