Radə Mərdan qızı ABBASOVA
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail: irada.abbasova61@gmail.com
Görkəmli macar yazıçısı Laslo Krasnahorkai (Laszlo Krasznahorkai) 2025-ci ildə Nobel mükafatına layiq görülməklə müasir dünya ədəbiyyatının mühüm simalarından biri olduğunu yüksək səviyyədə təsdiqlədi. O, bundan əvvəl 2015-ci ildə Beynəlxalq “Buker ədəbiyyat mükafatı”nı almışdı. Bundan başqa, 1993-cü ildə Almaniyada “İlin ən yaxşı kitabı”na, 2004-cü ildə Macarıstanda “Koşut adına mükafat”a, 2019-cu ildə Amerika Birləşmiş Ştatlarında “Milli kitab mükafatı”na layiq görülmüşdü. Bütün bu mükafatlar yazıçı və ssenarst L.Krasnahorkai yaradıcılığının zahiri-sosial tərəflərinin parıltılı ifadəsi olsa da, o, bir yazıçı kimi bu mükafatları, əslində, haqq edən sənətkarlardan biridir. Nobel mükafatlarının bəzən subyektiv səbəblərdən verildiyi də məlumdur: müəyyən hallarda ədəbi meyarlar yox, siyasi və s. səbəblərin də əsas götürülməsi reallıqdır. Ancaq L.Krasnahorkaiyə münasibətdə bu makafat istedada verilmiş qiymət kimi ədəbiyyatsevərlərin könlüncə oldu.
O, dünya ədəbiyyatına, sözün həqiqi anlamında, bədii dəyəri olan əsərlər bəxş etmişdir. Laslo Krasnahorkainin “Şeytan tanqosu” (1985), “Sonuncu mərhəmət” (1986), “Müqavimət melanxoliyası” (1989), “Urqa əsiri” (1992), “Müharibə və müharibə” (1999), “Şimaldan – dağ, cənubdan – göl, şərqdən – yol, qərbdən – çay” (2003), “Viranə və kədər” (2004), “Si-van-mu öz aramızdadır” (2008), “Axırıncı canavar” (2009), “Baron Venkhaymın qayıdışı” (2016), “Həmişəlik Homer” (2019), “Herscht 07769” (2021) və s. kimi dünyanın 40-dan çox dilinə tərcümə olunmuş romanları yazıçıya böyük şöhrət qazandırmışdır. Həmin əsərlərin, demək olar ki, hamısını birləşdirən ümumi poetik cəhət onların xarici aləmdən təcrid olunmuş, mənalı gələcək arzularından məhrum qalmış insanların qrotesk (mübaliğəli, gülünc, qeyri-adi tərzli) mövcudluqları haqqında antiutopik əsərlər olmasıdır. Şübhəsiz ki, yazıçının əsərlərini cazibəli edən cəhət onların ilk növbədə dərin həyati müşahidələrə əsaslanmasıdır. O, belə demək mümkünsə, “gerçək həyatın içindən” çıxmış, onun sosial-mənəvi reallıqlarını öz varlığında yaşamış (“təcrübədən keçirmiş”) yazıçıdır. Digər tərəfdən, dili və üslubunun sadəliyi, bədii gözəlliyi əsərlərinə oxucu marağını şərtləndirən amillərdəndir. Laslo Krasnahorkai müasir oxucuya onun cari maraqlarını təmin edən və müəllifi bir an işərisində məşhurlaşdıran utopiya yox, məhz antiutopiya – reallığın özünü təqdim edir. Bu da günümüzün oxucusuna özünükəşf və özünüdərk imkanı verir. Qrotesk təsvir üslubu isə oxucunu öz reallıqlarının ağrıları ilə yüklənməkdən xilas etməklə bərabər, onun bədii mətndən zövq almasına xidmət edir.
Heç şübhəsiz ki, hər bir yazıçı hansı janrda və hansı məzmunda yazmasından asılı olmayaraq, bütün hallarda özünü yazır: hətta fantastik reallıqlar belə hər zaman müəllifin özünün xəyal dünyasının fentezisi olmaqla yenə də onun özünü ifadə edir. Bu cəhətdən, Laslo Krasnahorkainin əsrələrinin bədii məziyyətləri onun yaşamış olduğu və hal-hazırda da yaşadığı dünyanın bioqrafik inikası olmaqla diqqətimizi yazıçının ömür yolunun mənalı məqamlarına yönəldir.
Laslo Krasnahorkai 1954-cü ildə Macarıstanın cənub-şərqində, Rumıniya sərhəddinin beş kilometrliyində yerləşən Dül şəhərində anadan olmuşdur. Atası vəkil Dörd Krasnahorkai yəhudu idi. 1931-ci ildə Laslonun babası ailənin Korin adlanan familiyasını yəhudilərə olan təzyiqlər ucbatından macardilli Krasnahorkai familiyasına dəyişmişdir. Laslonun anası Yuliya Palinkaş isə Sosial Müdafiə nazirliyində işləyirdi. Laslo Erkel Ferenç məktəbində oxumuş və burada latın dilini də öyrənmişdir.
Ali təhsilə gəlincə, Laslo Krasnahorkai əvvəlcə Segede şəhərində hüquqşünaslıq oxumuşdur. Lakin ədəbiyyata olan həvəsi, xüsusilə Kafka yaradıcılığına və ümumən kriminal psixologiyaya olan marağı ona bu universitetdə çox qalmağa imkan verməmiş, gələcək yazıçı tez bir zamanda buranı tərk etmiş və 1978-ci ilə Budapeşt Universitetinin Humanitar Elmlər Fakültəsinə daxil olmuşdur. O, burada macar dili və ədəbiyyatını, fəlsəfəni öyrənmişdir. 1983-cü ildə universiteti bitirən Laslo Krasnahorkainin diplom işi Şandor Marainin mühacirət dövrü yaradıcılığına həsr olunmuşdur. O, sonralar macar dili və ədəbiyyatı üzrə alimlik dərəcəsi də almışdır.
Yazıçının ilk əsəri 1977-ci ildə Budapeştdə nəşr olunan “Mozqo Vilac” jurnalında çap olunmuşdur. Bu əsər “Mən sənə inanırdım” adlı hekayə idi. Gənc Laslo Budapeşt Universitetində oxuyarkən “Kondolat Konyvkiado” adlı nəşriyyatda da işləmişdir.
Maraqlı məqam ondan ibarətdir ki, gələcək yazıçı ilk hekayəsini çap etdirsə də, ümumiyyətlə, yazıçı olmaq arzusunda deyildi. O, müsahibələrinin birində deyir ki, “mən yazıçı olmaq istəmirdim. Məqsədim yalnız bir kitab yazmaq və bundan sonra ancaq musiqi ilə məşğul olmaq idi. Belə düşünürdüm ki, əsil həyat ən kasıb adamlarla bir yerdə yaşamaq deməkdir. Ona görə də çox kasıb kəndlərdə yaşayır və həmişə pis işlərdə işləyirdim”.
Yazıçının bu sözləri bizi düşünməyə, həmin sözlərdən sənətkarın yaradıcılığına boylanmağa, onların poetik cazibəsinin sirrini anlamağa sövq edir.
Yuxarıda qeyd etdik ki, Laslo Krasnahorkai “gerçək həyatın içindən” çıxmış, onun ağrı-acılarını öz varlığında yaşamış, həyatı, bir növ, öz üzərində məqsədli şəkildə “təcrübədən keçirmiş” yazıçıdır. Gəncliyində yaşadığı bu həyat tərzi ona, sözün həqiqi mənasında, həyatı öyrətmiş, yazıçı keçimini təmin etmək uğrunda çarpışan sadə və kasıb insanların arasında həyat təcrübəsi qazanmışdır. Bu həyat təcrübəsi gələcək yazıçıya həmin sadə insanların psixologiyasının dərinliklərinə boylanmağa, onların ənənəvi düşüncələrinə bələd olmağa imkan vermişdir. Laslo Krasnahorkai kəndlərdə yaşayarkən insanların mənəviyyat dünyasının folklor üzərində təşəkkül tapdığına şahid olmuşdur. Kəndlərdə olarkən gənc Laslo, əslində, həm də folklor həyatı yaşamış, sadə insanların mifoloji inancları ilə tanış olmuş, mənəvi zövqünü həmin incanlarla birlikdə canlı folklor nümunələri ilə təmin etmişdir. Ruhunda ədəbiyyat və musiqi gəzdirən Laslo Krasnahorkai folklor musiqisi və ədəbiyyatı ilə insan düşüncəsinin təhtəlşüur və kollektiv yaddaşla müəyyənləşən dəyərləri ilə ünsiyyət etmək imkanında olmuş, mifik düşüncənin sadə, təmiz, insan və təbiət sevgisi ilə süslənmiş arxetipləri onun yaddaşına hopmuş, mənəviyyat dünyasının, mədəni-humanitar kimliyinin hörgü daşlarına çevrilmişdir. Bu cəhətdən, vurğulamaq istərdik ki, Laslo Krasnahorkainin yaratdığı mətnlərin poetik cazibə yaradan bədii naxışlarının mahiyyəti, mayası folklor və mifologiyanın enerjisi ilə qidalanmış və bu, indi də davam etməkdədir.
Lakin yaradıcılığının ilk dövründə yazıçı hələ bütün bunlardan uzaq idi. Çünki kiriminal psixologiyaya olan marağı var idi və bu maraq onun yaradıcılığının ilk dövrünə aid olan əsərlərdə özünün bədii ifadəsini tapırdı. Maraqlıdır ki, bu cəhət onun gisli polislə müəyyən probleminin olmasına səbəb olmuşdur. İlk əsərləri çap olunandan sonra macar polisi onun əsrlərinin siyasi mətnaltı qatının (antikommunist əhval-ruhiyyənin) olub-olmaması ilə maraqlanmışdır. Lakin Laslo Krasnahorkai bunu birmənalı şəkildə inkar etmişdir. Polis sorğuları bir müddətdən sonra onu əsəbləşdirmiş və yazıçı bezərək, onlara “Siz doğrudan da ağlınıza gətirisiniz ki, mən sizin kimi insanlar haqqında əsər yazaram” cavabını vermişdir. Bu isə ona çox baha başa gəlmişdir.
Sosialist Macarıstanının gizli polisi onun pasportunu əlindən müsadirə etmişdir. Yazıçı bu hadisədən sonra 1987-ci ilə qədər pasportsuz qalmış, şaxtaçı, mədəniyyət evinin direktoru, gecə gözətçisi kimi işlərdə çalışmışdır. Lakin, harada olursa-olsun, yazmaq həvəsi və ehtiyacı onu tərk etməmiş və müəllif aramsız olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. Nəhayət, 1985-ci ildə çap olunmuş “Şeytan tanqosu” əsəri ona böyük şöhrət gətirmişdir.
Yazıçının bu əsərinin mənası və məzmunu onun adında işarələnmişdir. “Şeytan” əsərdə təsvir olunan hadisələrin şeytani məzmununa, “tanqo” isə bədii mətn dinamikasının ritminə işarədir.
Əsər sosializm dövrü Macarıstanının son dövrlərini təsvir edir. SSRİ-də kolxoz təsərrüfatları dağıdıldığı kimi, Macarıstanda da kənd kooperativləri sıradan çıxmışdır. İş yerlərindən məhrum olmuş kəndlilər maliyyə qaynaqlarıni itirmiş, yoxsullaşmış, maddi məhrumiyyət və işsizlikdən (bekarçılıqdan) içkiyə qurşanmışlar. Məşğuliyyətləri dedi-qodu, qeybət, mənasız-məzmunsuz söhbət və laqqırtılar, arzuları isə kapitalist dünyasının maddi rifahına qoşulmaq idi. Bu zaman onlar açıq səmada parlayan ildırım effekti (şoku) kimi bir xəbər alırlar: ölmüş hesab etdikləri bir həmkəndliləri evə qayıdır. Bu adam kəndlilərə yeni, xoş, cazibədar həyat vədini verir. Bu ümidin əsasında isə İsa Məsih arxetipi dururdu.
Gəncliyində Kafkanın vurğunu olan Laslo Krasnahorkai öz müsahibələrindən birində qeyd edir ki, onun yaradıcılığına bir sıra müəlliflərlə bərabər, Fyodor Dostayevskinin əsərləri də təsir edib. Yazıçı deyir: “Ağ gecələr”in müəllifi yaddınızdadırmı? Onun baş qəhrəmanı bir qədər Dostayevskinin “İdiot” romanındakı Mışkinə oxşayır. Mən bu müəllifin və daha sonra Mışkinin fanatikcəsinə pərəstişkarıyam. Mələk kimi obrazdır. Yazdığım hər bir romanda belə surətə – “Şeytan tanqosu”nda Estik obrazına, yaxud “Melanxoliya”da dünyanın qəlbinə yara vurduğu Valuşka obrazına rast gələ bilərsiniz”.
Laslo Krasnahorkainin F.Dostoyevski ilə bağlı bu etirafı, ilk növbədə, səmimiyyəti ilə diqqəti cəlb edir. Adətən, tənqidçilərin müşahidə etdikləri belə “təsirlənmələri” bəzi yazıçılar inkar edir, onları özlərinin yaratdığı iddiasında olurlar. Lakin müəllifin bu etirafı onun bir yazıçı kimi səmimiyyətini ortaya qoymaqla, şəxsiyyətinə olan oxucu marağının da əsasında durur.
Yazıçının “Müqavimət melanxoliyası” əsəri də ona böyük şöhrət qazandırmışdır. Hətta bir Amerika tənqidçisi bu əsərə görə Laslo Krasnahorkaini müasir dünya ədəbiyyatında “apokalipsisin ustadı” adlandırmışdır.
“Apokalipsis” – axır zaman, dünyanın sonu, qiyamət və s. mənalarda olan sözdür. Yazıçının öz əsərini “müqavimətin bədbinliyi, məyusluğu” adlandırması çox böyük məna daşımaqla müasir dünyamızın acı həqiqətlərini ifadə edir. Əsərdə söhbət ümumən “həyatın sönməsindən”, mənasızlaşmasından, ideal hesab edilən, insanların həyatını mənalandıran dəyərlərin “dəyərzsizləşməsindən” gedir. Laslo Krasnahorkai, fikrimizi məcazi mənada ifadə etmək istəsək, bu əsərlə sanki mənəvi dünyanın ölməsinin, itməsinin, bizdən əbədi olaraq uzaqlaşmasının, atrofiyaya uğramasının, eybəcərləşməsinin, antiinsani dəyərlərə çevrilməsinin yasını saxlayır.
72 yaşlı sənətkar hələ də öz əsərləri ilə dünya oxucunun ən mühüm cazibə mərkəzlərindən bir kimi qalmaqda davam dir. O, aktiv həyat yaşayır, müxtəlif universitetlərdə mühazirələr deyir, çox vaxt səyahətlərdə olur. Bu da onun yaradıcılığına xas olan “qorxulu, qorxulu qədər də komik və komik olduğu qədər də gözəl səhnələr qurmaq” bacarığını daha məhsuldar edir.