İşıqlı Atalı
Xocalı qırğını – erməninin örnəyində insan yırtıcılığıdır.
Xocalı qırğını – ulusumuzun örnəyində bəşərin faciəsidir.
Xocalı faciəsində erməninin qaniçənliyi, amansızlığı, ulusumuza qarşı sonsuz nifrəti üzə çıxdı, erməniliyin nədən ibarət olduğunu bütünlüklə göstərdi.
Əgər bəşəriyyət insanlaşsa - Xocalı faciəsi erməninin başına qaxınc, insanlaşmasa, yeni bəşəri faciələr üçün örnək olacaq. Ancaq bu, onun üçün heç vaxt bəraət imkanı olmayan dəhşətli üzqaralığı, bəşəri cinayətdir.
***
Tarixən böyük ulusal özünütəsdiqlərimizlə yanaşı, arxayınlıqlarımız da çox olub. Yaratdıqlarımızı yaşada, artıra bilməmişik. “Azadlığın təməli - məsuliyyətdir” (İnam Ata - Asif Ata). Yəni azad olmaq istəyirsənsə, məsuliyyətli olmalısan. Arxayınlıq - məsuliyyətsizlikdən yaranır. Məsuliyyətsizlik isə fərdin örnəyində ulusun məqsədsizliyi, var olmaq istəməməsi, bu haqda düşünməməsidir. Məsuliyyət fərddən başlayır, ulusda təsdiqini tapır, bəşəriliyə layiq olur.
***
Faciələrimizi təəssüf ki, ənənələşdirmişik; sanki faciəsiz yaşamağı təsəvvür edə bilmirik. Məqsəd isə faciədən çıxmaq olmalıdır. Faciədən çıxmaq - fərdin və ulusun özünə məsul olmasından başlayır. Ulusun əbədi ulusal ideya əsasında qurulması, doğruçu, güzəştsiz yaşaması, ardıcıl ulus olmaq, ruhən zənginləşmək borcunu unutmamasıdır.
***
Ruhən güclü olmağımız hər sahədə təsdiqini tapmalıdır. Dərdi dərindən duymaq, idrakla yaşamaq gərək. Gərək dərdinlə bir olasan ki, dərd belini əyməyə.
Xocalı faciəsi də 20 Yanvar faciəsi kimi dərs götürüləsi faciədir. Ağlamaq, sızlamaq yox, faciəni ötmək gərək.
***
Pislik etmək asandır, həyata uyğundur, dəyişkənlikdir, yaxşılıq etmək çətindir, həyatdan ötədir. Adamların çoxu asanlığı seçir, həyata oxşayır, çətinlikdən keçir, bu səbəbdən də özü olmur.
Özü olmaq İnsan mahiyyətinə uyğunluqdur - dəyişməz.
***
Ötən ilin yazında Güney Azərbaycandan olan Çingiz Mehdipurun konsertinə qatıldım. Peşəkar, ardıcıl yaradıcı ruhlu, özünəməxsus maneralarıyla yadda qalan, əsasən az qala unudulmuş, ya da populyar olmayan ulusal havacatların oranjimanı, oxunması yaddaqalan idi; demək olar, bütün ifaların ritmik sürətli olması qulağa yaxşı gəlirdi, ancaq məncə, uyğunlaşanını ənənəvi biçimdə ifa etmək olardı.
Çingiz bəyin ifasında bənzərsiz “Ruhani” havasının ifası ləngərli, həm də odlu, yəni ruhluydu... Həm çılğın, həm də ləngərli, çılğınlığında ləngərli, ləngərliyində çılğın, ümidli, yenilməz əhval ifadəçisi...
Yeni nəfəs verilmiş havacatların müğənnilərin ifasında səslənməsi yaxşı alındı. Gələcəkdə bu yöndə yeni axtarışlar şübhəsiz, olacaq. Bütün hallarda isə ulusal kökdən ayrı düşməməliyik.
Konsertdə Kalvalı Əli Dədənin “Səlvəri” havası üstə də oxuma oldu.
Çingiz bəyi qutlayır, ona, habelə ansamblının üzvlərinə yeni yaradıcılıq uğurları diləyirəm.