Keçmiş dövlət müşaviri Arif Hacılı Facebook hesabında diqqətçəkən paylaşım edib. O, bildirib ki, Türkiyənin birinci Qarabağ müharibəsi dövründə Kəlbəcərdə mühasirəyə düşən mülki əhalinin çıxarılması üçün helikopter verməkdən imtina etməsi ilə bağlı çoxlu yanlışlıqlar və təhriflər var:
“Kəlbəcərin süqutu ilə yanaşı burada Xocalı faciəsinin daha böyük miqyasda təkrar olunması təhlükəsi yarandı. Pənah Hüseyn (Elçibəy iqtidarında dövlət katibi, sonra isə Baş nazir vəzifələrində çalışıb-red.) Kəlbəcərdən mənə zəng vurub mülki əhalinin xilas edilməsi üçün Kəlbəcərə vertolyotların göndərilməsinin vacib olduğunu dedi. O dövrdə ordumuzda yetərincə olmasa da bu tapşırığı yerinə yetirəcək sayda helikopterlərimiz var idi. Helikopter Yevlax rayonu ərazisindəki aeroportda yerləşirdi. Müvafiq qurumlara dərhal helikopterlərin havaya qaldırılması və Kəlbəcər Rayon İcra Hakimiyyəti vasitəsi ilə dəqiqləşdirdiyimiz koordinat üzrə mülki əhalinin təxliyə edilməsi barədə göstəriş verdim. Qısa müddət sonra uçuşun təhlükəli olduğu, həmin günlərdə o ərazidə bir helikopterimizin vurulduğu üçün pilotların uçuşdan imtina etmələri barədə məlumat verildi. Yaranmış vəziyyət barədə məruzə etmək və qəti qərarlarla bağlı səlahiyyət almaq üçün prezident Elçibəyin yanına getdim. Vəziyyətin nə qədər kritik olduğu barədə məlumat verdim. Qısa müzakirədən sonra mülki əhalinin Kəlbəcərdən çıxarılması üçün Türkiyədən yardım istəmək qərarına gəldik. Əbülfəz Elçibəy Süleyman Dəmirələ zəng vurdu. Dəmirəl çoxsaylı sualları ilə vəziyyəti tam öyrəndikdən sonra Azərbaycana helikopterlər göndərmək barədə qərarın qəbul edilməsi üçün vacib olan prosedurlardan danışdı. Bunun xeyli zaman tələb etdiyini bildirdi.

Arif Hacılı
Arif Hacılı bildirib ki, belə olan halda o, Prezident Elçibəyin tapşırığı ilə Çeçenistan prezidenti Dudayevə zəng vurub. Amma o helikopterlərinin məhdud sayda olduğunu, amma Azərbaycanda olan helikopterlər üçün Çeçenistandan pilotlar göndərə biləcəyini deyib:
“Bu təklif, həm çox vaxt tələb etdiyindən, həm də bəzi başqa nüanslara görə məqbul sayılmadı. Elçibəy daha gözləməyə vaxtımız olmadığı üçün bir yolunu tapıb öz helikopterlərimizi Kəlbəcərə göndərməyim barədə göstəriş verdi. Yevlax və ətraf rayonların icra hakimiyyəti başçılarına helikopter aerportuna getmək, pilotlara uçuş əmrini çatdırmaq və hərbi dövrün qanunlarına uyğun olaraq hərəkət etmələri, bu helokopterlərlə Kəlbəcərə uçaraq əmrin yerinə yeyetirilməsinə birbaşa nəzarət etmələri barədə göstəriş verdim. Yalnız bundan sonra helikopterlərlə xilas əməliyyatı başladı və yerinə yetirildi. Yalnız bir helikopterimiz yolda qəzaya uğradı. Xoşbəxtlikdən itkilərimiz çox olmadı”.
Arif Hacılının bu paylaşımı sosial şəbəkələrdə ciddi maraq doğurub. Hətta bu paylaşıma jurnalistlərdən şərh yazanlar olub. Bu jurnalistlərdən biri Zülfüqar Savaş ona cavab verib:

“Hörmətli Arif bəy yazır ki, özümüzdə də helikopter varmış, amma bundan əvvəl bir vertolyotumuz qəzaya düşdüyündən pilotlar Kəlbəcərə uçmaqdan imtina ediblər. Və bizim hökümət (?) də qərara gəlib ki, pilotun xətrinə niyə dəyək ki, ən yaxşısı Süleyman Dəmirəldən helikopter, bu da alınmasa, pilot istəyək. Nə bilim, vallah. Belə hökumətmi olar? Bir pilota söz keçirə bilmir, durub………nəysə… Pilotun birini yerindəcə güllələyərdim, görüm o birilər uçurdu ya uçmurdu? Süleyman Dəmirəl düz edib helikopter verməyib”.
Bu mövzuda indiyə kimi mərhum Əbülfəz Elçibəy, sabiq baş nazir Pənah Hüseyn mətbuata, telekanallara müsahibələrində detallı açıqlamalar veriblər.
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rayon 2020-ci il noyabr ayının 25-də Rusiya-Azərbaycan-Ermənistan arasında imzalanan 10 noyabr sazişinin tələblərinə uyğun olaraq işğaldan azad olunub. /globalinfo.az/