İşıqlı Atalı
İnam Atanın (Asif Atanın) Ocaq ilsırası ilə 1 Günəş ayı 48-ci il (01.03.2026) Yeni ilin ilk günüdür. Qutlu olsun. İnam Ata (Asif Ata) “İnsanlaşın, İnsanlaşdırın!” harayına əsaslanır. Bəşərin indiki yüksək texnologiyalı çağında bu haraya hava-su kimi gərək var. Atanın “Ocaq məramı”nı qısaldılmış biçimdə sunuram.
İNAM ATA
OCAQ MƏRAMI
Dünyada, Həyatda, Xalqımızda Əsilliyə, Mənəvi Kamilliyə, Ruhani Zənginliyə sonsuz Ehtiras yaşayır.
Ocaq həmin Ehtirasdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Süniliyə, Bəsitliyə, Yalana sonsuz Nifrət yaşayır.
Ocaq həmin Nifrətdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda ölməz Ənənələrə, Ali Mənəvi sərvətlərə sönməz Məhəbbət yaşayır.
Ocaq həmin Məhəbbətdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Müqəddəsliyə alovlu bir Pərəstiş yaşayır.
Ocaq həmin Pərəstişdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Bütöv, Parlaq, Gözəl İnsan Şəxsiyyətinə Çağırış yaşayır.
Ocaq həmin Çağırışdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Hərarətli və Dərin, Əzəmətli və Zərif, Ehtizazlı və Müqəddəs Şərq Ruhuna atəşli Meyl yaşayır.
Ocaq həmin Meyldən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Qeyrət ilə Alçaqlıq, Ləyaqət ilə Qəbahət, Cəngavərlik ilə Mənəvi Zəlillik, Vətənpərvərlik ilə Vətənsizlik döyüşür.
Ocaq bu Döyüşün ön sırasındadır!
Dünyada, Həyatda, Xalqımızda Yanar Zəkanın Övladı olan, Dünya Fikrinin Mahiyyətini özündə təcəssüm etdirən, Bədiyyatla nəfəs alan, Mənəviyyatı Həqiqət Odunda təmizləyən Qanadlı, Hissiyyatlı, Cəsarətli İdraka zəruri Ehtiyac yaşayır.
Ocaq həmin Ehtiyacdan yaranmışdır!
İnsan hər bir mühitdə İnsan olaraq qala bilər. O, hər bir şəraitdə öz zəifliyi üzərində qələbə çala bilər.
İnsan özünü daim təkmilləşdirməlidir. Bu, onun özü qarşısında ən böyük borcudur.
Bütün çirkinlikləri daxildən silib atmaq olar. Pisliyin bəraət imkanı yoxdur…
Ocaq İnsana İnam ideyasına əsaslanır, Kamil İnsan yaratmağı öz Məqsədi sayır.
Dünyada, Həyatda, Xalqımızda – yenilik pərdəsi altında əxlaqsızlıq, yırtıcılıq, bədbinlik, eybəcərlik təbliğ edən “sənət”ə qarşı ikrah hissi yaşayır. Ocaq pozğun, çirkin, bayağı qeyri-sənətlə döyüşündə ardıcıl, amansız olacaqdır.
…Biz gələcəyə keçmişimizin meyiti üzərindən adlayıb keçmirik.
Biz gələcəyə Müqəddəs keçmişimizin geniş Yollarıyla gedirik.
Biz Qərb solçuları kimi gələcəklə keçmiş arasında uçurum görmürük, “ya gələcək, ya da keçmiş” demirik.
Biz belə hesab edirik ki, müasir İnsanın Qəlbində Məcnun Alovlu yaşamalıdır, Nəsimi Ənəlhəqqi səslənməlidir, Zərdüşt İşığı parlamalıdır, Muğam Hikməti, Saz Əzəməti səslənməlidir.
Biz mədəni bədbinlərin “İnsan məhv olur” hay-küyünə inanmırıq.
İnsan öz böyüklüyünə qayıda bilər, qayıtmalıdır və Ocaq bu ümumbəşəri tarixi vəzifəyə xidmət edir.
Biz geriyə yox, irəliyə gedirik. Fəqət biz irəliyə keçmişimizlə bərabər gedirik.
Biz Bəşərin Ülvi Ruhunu Ürəyimizdə gəzdiririk. Həmin Ruh bizi Müqəddəsləşdirir və biz bu Müqəddəsliyi Dünyaya, Həyata, Xalqa qaytarırıq.
Dünya gözəlləşir, İnsan paklaşır, Əzəmət, Ülviyyət gəlir Həyata, Mehr, Məhəbbət bəzəyir Dünyanı, Qeyrət, Namus cilalayır Mənəviyyatı, Fikrə Ənginlik, Duyğuya təravət bəxş olunur.
İnsan öz üzərində çaldığı qələbəni bayram edir.
Şərq mədəniyyətinə qovuşmuşuq, onun Ruhuna Ruhumuzu calamışıq. İtirməmişik – Böyümüşük, Yüksəlmişik, həm də Yüksəltmişik.
Şərqin ikinci Füzulisi yoxdur. Muğamları da ən kamil şəkildə biz qoruyub saxlamışıq və ifa etmişik.
Biz həm də Qərbdən bəhrələnmişik. Ancaq heç vaxt Qərbçi olmamışıq. Sənətimizdə, Fəlsəfi Fikrimizdə, Musiqimizdə təsdiq olunan Ruh – Hərarətli, Müdrik Şərq Ruhudur.
…Bizim Mənəviyyatımızda ümumi Şərq Mahiyyəti çox güclüdür. Adət-Ənənələrimiz, Cəngavərliyimiz hamıya bəllidir.
Belə bir xalq özünəməxsus mənəviyyat Fəlsəfəsi yaratmalıdır. Tarix onun qarşısında bu vəzifəni qoyub.
Ocaq həmin Zəruriyyətdən yaranıb!
Füzulilərin, Nəsimilərin, Muğamatın, Sazın, Şərq Ruhunun, ümumən Dünya İdrakının davamı olan Mənəviyyat Fəlsəfəsini Ocaq mütləq yaradacaq!
Biz Dünyanı və İnsanı daha Gözəl və Kamil görmək istəyirik.
Dünyanın Aqibəti İnsanın əlindədir. Gözəl İnsanlar Gözəl Dünya yaratmağa qadirdirlər.
Azərbaycanın sinəsində yanan bu Ocaq Xalis, Qeyrətli, Pak İnsanlar yetişdirəcək, Gözəl İnsan yaratmaqla, Gözəl Dünyaya xidmət edəcək. Qoy bir an da Qəlbimizdə Ülviyyət Odu azalmasın! Qoy bir an da Gözlərimizdə Heyrət İşığı azalmasın! Əzmimiz, Gücümüz, Cəsarətimiz, Fədakarlığımız – Məqsədimizə bərabər olsun! Ocağın Müqəddəs Ruhu sönməzdir.
(1980)