Şeir nədir?


Cavid Fərzəli

İbtidai inanclara baxanda, daşın üstünə yazılmış simvolların bir mənaya gəldiyini eşitdiyimiz səslərdə doğulub şeir. Səsi sözə keçirdiyimiz kəşfin adı şeirdir. Şeir hələ danışmamış dil faciəsidir. Bu yaşantılar üçün yer üzündə ən çox şairlər qan töküb. İstəyirəm, özümü inandırım ki, ilk dəfə Tanrı sözü şairlərin dilində yaradıb, hələ ağacdan kağız düzəlməyənə qədər. Şeir pəltək dildir. O tam danışmağa başlayanda estetikliyini itirir, nəsrə dönür, hərəkətsiz olur. Şeir elə dilimizin topuqluğu idi. Kağızdan sonra isə şeir insanı mənalandırmağa başladı. İlk yazılmış məktubları dinlər şəklində oxuduq və oxuyuruq. Ruhumuzu tapanda, biz ona sufilik libası biçəndə, şeir bizim ruhumuzun pozuntularını sözlərlə ovutmağa başlamışdı.
Hisslərimizə qayıdanda, onu bir qadın kimi kəşf etməyimizə və onun həyatımızda mədəniyyətin bir hissəsi olduğunu tanıdığımız gün oldu. Və bu, həm də ilahi cütlüyün yaranışın nizamı idi. İnsan təbiətdən mədəniyyətə həmin şeirlə keçdi. Düşüncələrimizi şəkilləndirəndə biz ona sənət adı verdik, varoluş adı verdik. O, nəsri uzun çay adlandırmaqla öz simgəsini tapır. Necə ki, yazıçı sahib olduğu çox sözlərlə məna qıtlığından möhkəm yapışır, sanki o məlumatı əlindən almaq, söz mənliyini əlindən almağa bərabərdir. Onun üçün həqiqət yalnız gördüyü və bildiyi qədərdir, bu dar çərçivənin xaricindəki hər şey yad və təhlükəlidir. Şeir heç vaxt həyatında şeir oxumayan bir məsumun peşmanlıq metaforasıdır. Bunu yazıçı qədər danışa bilmərik, biz. O bunun anlamsız olduğunu düşündüyü zamanların ardıcıllığını nizama sala bilməyəndə daha da anlamsızlığını anlayır. Sonra fərdi əzablarımızın şəklinə baxmaq istədik və kollektiv şüurumuzun arxetipini tapdıq.
Şeir haqqında danışarkən onu bir anlayışa sığışdırmaq mümkünlüyü azdır. O, çoxbucaqlı bir varlıqdır və hər baxış bucağında başqa cür görünür. İnsan maddədir, şeir bu maddənin metafizik halıdır. Əgər desək ki, şeir hissdir, onda o, duyğularımızın son sərhədidir, sözün səsə, səsin isə səssizliyə toxunduğu dərgahdır. Əgər desək ki, şeir kədərdir, onda o, ilk göz yaşımızdır, adını bilmədiyimiz ağrının formaya düşmüş halıdır. Əgər desək ki, şeir estetik zövqdür, onda o, natural dünyanın yaşamadığımız qatlarını bizə dadızdıran bir vasitədir.
Şeir fərdi psixologiyanın dərin qatlarında gizlənən imgələri obrazların dili ilə üzə çıxaran estetik maşındır. O, şüurun alt qatında susan enerjini metaforaya daşıyır. Şeir küçənin zibilliyə atdığı kağızın üstündə yenidən yandırılıb kül halında göylərə üfürülür. Əgər desək ki, şeir ruhun pozuntusudur, bunu xəstəlik kimi başa düşərlər, qorxumuzdan buna normanın çatlaması kimi anlamalıyıq. Ruh öz sərhədini aşanda şeir doğulur, burdan dəlixanaya bir addım yol var, bax elə bu ifadənin özü ruhun hansı vəziyyətdə olduğunu şeir dilində çatdırır. Bu ruhun ilahi cazibə qarşısında daşmasıdır.
Əgər desək ki, şeir fizikadır, onda o, enerjidir, maddənin görünməyən titrəyişi, forma dəyişdirən daxili impulsudur. Gərək həm də deyək ki, bu enerji sözlərdə günəşin pəncərəmdə qaralmasıdır. Yəni enerji halımın getməsidir, həyatın sonudur. Gördüyümüz kimi bir metonomiya bizi ölümü bildiyimiz halda necə həyata bağlayır. Əgər desək ki, şeir riyaziyyatdır, onda o, harmoniyadır, ədədlərin gizli nizamı kimi sözlərin də daxili ritmi vardır. Onda gərək klassik hesablamalara da ölçü adı verək, yəni şeirin bu növü də var.
Şeir həm də dilin mövcudluğudur. O, bizi qrammatik dildən çıxarıb estetik dilə aparır. Qaydanı dağıtmır, qaydanın içində yeni nəfəs açır. Və şeir kollektiv şüurun və kollektiv yaddaşın məzmunudur. O, arxetipdir, ilkin obrazın yenidən danışmasıdır. Şair yazır, amma onun içində danışan bəzən minilliklərin yaddaşıdır. Amma yer üzündəki bütün insanların qan qohumu olduğu nəzəriyyəsinə inansaq, qohumluq anlayışının bizim üçün sadəcə yaxın və uzaq yaddaşla bağlı olduğunu görərik. Məsələn, düşüncə tərzi yalnız şəxsi təcrübəsi ilə məhdudlaşan bir yetkin üçün qardaşlıq yalnız eyni bətin və eyni beldən gəlməkdir. Bu zəncirdən bir az uzaqlaşdıqda, yaddaş dumanlanır və qohumluq hissi itir. Deməli, insan yaddaşı və bağlılıq hissi yalnız xatirələrlə bütövləşir.
Məhz bu məqamda şeir xatirənin bir var oluş olduğunu bizə göstərir, o itmiş, dumanlanmış kollektiv yaddaşı bizə qaytarmaq üçün ən doğma vasitədir. O, zamanın və məkanın ayırdığı qəlblər arasında körpü qurur, min illik əcdadın ağrısını bu günün misrasına döndərir. Şeir insanın o dar ...mənliyini... dağıdır və bizə xatırladır ki, əslində hamımız eyni poemanın parçalarıyıq. Fərdi tənhalığı, unudulmuş düşüncə qardaşlığını və düşüncə laqeyidliyini yenidən xatırlamaqdır.
Qanı axmış sözləri, ifadəsinin içində həyat tapmağa çalışan insan bu cümlənin nə etdiyini fikirləşməyə başlayacağı ən təməl anlayışdır. İnsanlıq yaddaşının bütün hadisələrini metaforalara baxanda tapa bilərik. Məsələn, ağ göyərçinlərin sülhü ifadə etdiyi simvolizm bizə iki söz arasında, uzaq bir məsafədə yaxın bir mənalandırma qazandırmadımı? Yarandığımız günü torpağa metonomiya etmək elə şeirin gücü deyildimi? Yaşam ışığına gözümüzü tikdiyimiz həyat tərzlərini yamsılayanda, zamanı kölgə ilə qurmaq məgər metafora olub sonra yaşam tapmadımı?
Dilin susuz səhralarda yağışa əl açdığı vaxtlarda millətlər öz kimliklərini şeirlərdə oxuyurdular, qəhqəhə ilə. Müharibələrin dinlərdən doğduğunu bu günümüzə bənzətməkdə tarixin belə bir həqiqəti inkar etdiyini bilə-bilə şeirə inanmışdıq axı. Ruhun qaranlıq sərhədlərini müəyyən edərək, yuxulardakı insanın dərin qatlarındakı yaşamadığı həqiqətləri görmək istəsən, sən də şeiri görəcəksən.
Hisslərimizi zibilliyə atan bir toplumun etdiyi günahları silaha təhvil vermək, onlarla birlikdə sözlərlə döyüş ordusu qurmaq, hisslərimizin saflığını müdafiə etmək buna sübut olmadımı? İnsanı heyvansal varlıqdan qurtarmağa çalışmaqdan ötrü şeir dünyanı rənglədi. Ekzistensial qaranlıqda baş çıxarmağa həvəs tapıb yaşamağa kömək dilədiyim sözün şəkili şeirdir. O, bizim şəxsi mənliyimizi vicdan metaforası ilə doyuzdurdu. İnsan psixologiyasının milyon şəkildən ibarət olduğunu, onun bu psixi vəziyyətlərdə nələr etdiyini görməkdən ötrü simgələr yaranmadımı?
Və biz bu psixoloji obrazlarda yaşayacayıq!


MANŞET XƏBƏRLƏRİ