Baharda doğulanlar -  (Cəfər Cabbarlı, İsmayıl Şıxlı, Salam Qədirzadə, Ənvər Əlibəyli)



Turan Uğur
AYB-nin üzvü, yazıçı

(əvvəli BU LİNKDƏ)

Qeyd: Bu esseni vaxtilə Mədəniyyət Tv-də yayımlanan, müəllifi olduğum “Sətirlər” verilişinin, “Baharda doğulanlar” rubrikasının ssenariləri əsasında yazmışam.

Bir bayram günündə insana nə hədiyyə edərlər əcəba?.Mübarək Novruz, Bahar bayramımızı nəzərdə tuturam.Nə bəxşiş edərlər insana? Evdə bişirilən şirniyyatından, qoğalından, şəkərburasından, paxlavasından,
qovurğasından xonça düzəldib pay verərlər qonu-qonşuya, tanış-bilişə, qohum-əqrabaya.Bir Tanrı hədiyyəsi isə bunlarla kafi olmaz.20 mart 1899-cu ildə bizə - xalqımıza əta edilən bəxşişin, hədiyyənin adı Cəfər Cabbarlıdır.Bu həddiyyəyə ehtiyacımız hər zaman var.

Cəfər Cabbarlı kimi ədəbi dühaların gücü və qüvvəsi bəs edər ki, bizi sevməyənlərin gün-güzəranı xəcil olsun.19-cu əsrin son təqvim ilində, fəsli-zimistana vida söyləyən Xızı dağlarının xəcalətli yox, əksinə rəşadətli və bir qədər də özündən müştəbeh görünməsinin səbəbi Cəfər Cabbarlıyla bağlı imiş. Sən demə, köhnə ildən qalan təbiət, təzə ili qarşılamaq naminə Cəfərin pişvazına çıxacaq, öncə onun bayramını qutlayacaq, mübarək elimizə sonra təşrif buyuracaqmış.Qos-qoca Xızı dağları yüz illərin bayatısını sinəsində sən demə Cəfər üçün bəsləyırmiş.Bu pərvərişlə Xızı dağlarıyla bir məqama yetişən ulu misralarımız gələcəyin ünlü sənət adamı üçün bu sayaq söylənməzmi?

Bu dağlar ozan yeri,
Aşığın azan yeri.
İlan ollam, öpərəm,
Ayağın gəzən yeri.

deməzmiydi Cəfərinə?

127 il öncə Xızıda - Qafar kişinin ocağında, daha konkret desək, daxmasında doğulmuşdu.Meşədən odun qırıb satan, külfətini halal zəhmətiylə dolandıran kasıb bir insanın var-dövləti dünyaya gəlmişdi.Körpənin dünyaya təşrifinin bəşarətçisi Qafarın bacısı, Cəfərin bibisi Zərnişan idi.Ard-arda körpələrini itirən Cəfərin anası Şahbikə üçün bu xəbər yaralarına məlhəm olmuş, bala acısını qismən də olsa soluxdurmuş, övladlarıyla bağlı ümid alovunu bir daha körükləmişdi.Ailənin sağ qalan
dördüncü övladının bəxti əməlli başlı kəc gətirmiş, atasızlığın tamını 3 yaşında dadmışdı balaca Cəfər.

Bayatı ay bayatı,
Gəz bu eli-elatı...
-deyibən yaz təvəllüdlü ədiblərimizi zəngin folklorumuzun nümunələri ilə çağırsaq, bizdən küsən də tapılmaz.Qorx o kəslərdən ki, çağıra bilmirlər, dad o adamların əlindən ki, lal-pitik olmaqdır peşələri.

“Şücaətim”,”Eşidənlərə”adlı ilk şeirləri “Həqiqəti-əfkar” qəzetində nəşr olunanda hələ 1911-ci il idi.Müxtəlif təxəllüslərlə çıxış edir, “Cabbarzadə” soyadı ilə hekayələr nəşr etdirirdi.”Vəfalı Səriyyə”,”Solğun çiçəklər”,”Nəsrəddin şah”,”Ədirnə fəthi” yeniyetmə çağlarının nəsr nümunələridir.Hələ Gülüşlər, Sevillər, Balaşlar, Almazlar qarşıdakı dayancaqda intizarla ədibi gözləyirlər.Tədricən, aram-aram püxtələşən Cəfər Cabbarlının pyes qəhrəmanları olmaq üçün növbəyə, sıraya düzülmüşlər sanki.”Karvanı malı ilə, sarvanı şalı ilə yeyən” Dilbər xanımların, yəni Edilyaların işvəli baxışları Balaşın ahını alacaqmış, müflis edib onu naçar duruma salacaqmış ki, Balaşın qarasıyca ”Nə coraba yumaqdır, nə yırtığa yamaq” - deyənlər tapılsın.“Gör nə günlərə qaldın, öz cəzandı çək Balaş” - deyəcək, beləcə bir ədabazın taleyini qarğıyıb, azarladığı günləri hələ ona dərs olacaqmış.Sevilin timsalında qadın azadlığı yox, şəxsiyyət azadlığının təntənəsi gənc ədibin ruhuna sızmış, istiqlalçılıq, hürriyyət, müasirlik ideyası ürəyini fəth etmişdi. Yurdumuzu sevməyənlərə, istilaçılara haqq səsini hayqıraraq - “Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım”- deyibən Azərbaycan bayrağını qəlbinə sıxmağı, köksünə pərçim etməyi də varmış gənc Cəfər Cabbarlının.

Milli bayram günümüzdə - 20 mart tarixində doğulan yazıçımızın dünyadan köçən günü 31 dekabrdır.Bir çox xalq təqvim ilinin son gününü qeyd etdiyində Cəfər Cabbarlı haqqa qovuşdu.Millilikdən bəşəriliyə gedən yolun koordinatlarını ədibimiz necə də sərrast və dürüst şəkildə cızmış.Milli olan qədər bəşəri olan Cabbarlıya da bu yaraşardı.

İsmi-əzəm şairimizin təkcə ismi yox, həm də şəxsiyyəti, yaradıcılığı əzəmətli və sanballıdır.Bu, hər zaman belə olmuşdu. Cəfər Cabbarlı yaşadığı bütün ictimai formasiyalarda, bütün mühitlərdə ikonaya çevrilən şəxs idi. Həm çar hökuməti zamanı, həm Cümhuriyyət dönəmində, həm də Sovet işğalından sonra.Nədir bu sirr? Bəlkə bunu izah etmək lazım deyil, fenomenal şəxslər barəsində düstur və formulalar aramaq, onların cazibəsini izah etmək nə qədər gülünc, nə qədər bayağı görünür, deyilmi?! Amma həqiqi görünən odur ki, yazıçının sevdiyi, tapındığı məmləkətin adı Azərbaycandır.
Ey Cəfər, tapdıqlarına və tapındıqlarına mərhaba!

Baharda doğulan, el-obamıza gəlişindən sonsuz dərəcədə müşərrəf olduğumuz ədiblərimizdən biri də Xalq yazıçısı İsmayıl Şıxlıdır.Ərz edim ki, İsmayıl Şıxlı sevgisini təhtəlşüurumuzda mürgüyə qalmış mental kodlarımızda aramalıyıq. Sovet ideologiyasının ənənələrimizi qamçıladığı zamanda, Novruz bayramını ədəbiyyatımıza gətirən kişi idi İsmayıl müəllim.Ədəbiyyatımıza, sonra da kinomuza.”Dəli Kürdən” söhbət gedir.Bayram şölənlərinin, göstərilərinin, adətlərinin təbii, sanballı, koloritli çıxması üçün Novruz səhnələrinin çəkilişində yazıçı özü şəxsən iştirak etmiş, “baca-baca gəzmək”, “xurcun atmaq” kimi təzahüratlara diqqət kəslib, necə deyərlər, hər şeyi seçib-sonalamışdı İsmayıl Şıxlı.

Ancaq tələsməyək, İsmayıl Şıxlının “Dəli Kürə” gedən yolu 1919-cu ilin martın 22-indən başlayırdı.Novruz günlərində xalqımıza ərməğan olunan sevgili yazıçımızın doğuldu yer Qazağın İkinci Şıxlı kəndidir.Şəcərəsi, nəsli Şıxlinskilərin mübarək soy və boyu ilə qovuşurdu.Hərb tariximizin nəhəng siması olan, artilleriya generalı Əliağa Şıxlinskinin yaxın qohumu idi.Qazaxda dünyaya gəlmək, zatən biixtiyar şəkildə saza və sözə doğuluşdan könül verməkdir.Belə də tərif verə bilərik: “Bəbəlikdən babalığa gedən yolda sazı çiyində, sözü dildə görənlərə”- Qazax elində doğulanlar deyirlər.Bir də lap çağa yaşından qamçılanmaq vardı taleyində. Bəy nəslinin nümayəndəsi kimi atası Qəhrəmanı və qohumlarının qanını it qanına döndərən Sovet başbilənləri cəfalı günlər yazdılar Şıxlinskilərin taleyinə.

Aşıq naşı əlindən,
Ağlar naşı əlindən
Yastıq şikayət eylər
Gözüm yaşı əlindən.

Aşıq yamana gələ,
Dərdin yamana gələ.
Yaxşı yaxşıya gedə
Yaman yamana gələ.

Dağlarda qar qalandı,
Yağdıqca qar qalandı
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.

Tariximizin belə dözülməz anlarında xalqın sinəsi bu cür bayatılarımızla qövr etməzmi?! Bu yanğılı misralarımız Şıxlı nəslinin könlünü dağlayanları hədəf alsın.Alsın da, yağıların əlləri daim qoynunda, gözləri müdam yollarda olsun!
Yeniyetmə çağlarında İsmayıl Şıxlıya “xoş gördük”- deyən ilk növbədə qonşu Kosalar kəndinin camaatı oldu, müəllimləri-Mirqasımın, Əlinin timsalında savadlı, dünyagörüşlü, həyatı bilən kişilər gənc İsmayıla yol göstərdilər.O da bu öyüdləri cavabsız qoymadan, ”Yol tutan bal tutar” - deyibən yola çıxdı; elm, poeziya və nəsr yoluna.Çox sualın cavabını hələ gənc çağlarından əxz etmişdi, görüb-götürmüş, cavan yaşlarında hörmət, ehtiram qazanmışdı. “Bezi söz, qeybəti söhbət yerinə” satanların ahını almışdı İsmayıl Şıxlı.”Nəsihətlə gülə-gülə gəlməyənləri, müsibətlə döyə-döyə gətirərlər” devizini rəhbər tutanlardan idi.Amma cəsarət və rəşadət nümunəsi kimi yaşamağı öz həyat kredosu bildi ömrü boyunca.Qorxunu kişiliyə yaraşdırmadı.1941-ci ilin iyununda dava başlayarkən, Pedaqoji İnstitutda dövlət imtahanı verməyə macal tapmamışdı.Nosun ki...Əvəzində başqa imtahan gözləyirdi onu:
“hərb imtahanı”.Hələ cəbhəyə yollanıb müsəlləh əsgər kimi vətənin keşiyində duranda vur-tut 22-23 yaşı vardı.
”Kerç sahillərində”, ”Səhəri gözləyirik”, ”Konserv qutuları”, ”Haralısan ay oğlan?” cəbhə illərindən oxucular üçün ərməğan edilən gündəliklərdir.

“Gecə-gündüz alman tanklarının əleyhinə xəndəklər qazır, dəmir dirəklər basdırır, tikanlı məftillər çəkirdik.Biz imkan vermirdik ki, almanlar Mozdokdan bu yana Dərbəndə irəliləsinlər.Biz Xəzər sahilindən Qara dəniz sahilinə, Tuapse tərəfə, oradan Krasnodar şəhərinə doğru irəlilədik.İrəlilədik demək düz deyil, əslində biz bu yolları dizin-dizin süründük, qarış-qarış keçdik” (Cəbhə gündəlikləri)

Bütün bunlara insanı tit-tir titrədən, dəli kimi silkələyən, içdən təbii şəkildə silkinib çıxmış məhrəm yazıçı xatirələri də deyə bilərik.
”Ayrılan yollar” a qədər uzanan kəşfiyyat xarakterli yazıları, yeni üslub arayışları idi bütün bunlar.Axı ədəbi cameədə müəllim bildiyi Mehdi Hüseyn ona “konkret müşahidələrini qələmə al” demişdi.Deməli, yazıçı müşahidələri və konkret yazıçı yaşantıları adlandıracağımız bir roman da var-”Ayrılan yollar”.
1954-55-ci illərdə yazılan “Ayrılan yollar” bir növ 1950-ci illərə qədər yaranan, kolxozçu, pambıqçı könlünə məlhəm sayılan, indi hardasa gülüş doğuracaq qədər bəsit səslənən:
“Qol çırmayıb sən tarlaya çıxanda,
Səs yayılır hər mahala Sürəyya
Ağ pambığı becərəndə, yığanda,
Gəlməyəsən heç zavala, Sürəyya”

kimi mətnlərin qəhrəmanları “əməyin azad, diləyin azad”- deyib meydan sulayırdılar. Biz ona görə İsmayıl Şıxlı, İsa Muğanna, bir qədər sonra Anar, Elçin, Mövlud Süleymanlı, Fərman Kərimzadə kimi yazıçılara minnətdar duyğular bəsləyirik ki, prozamızı pambıq tarlaları təki ayaqaltı olmaqdan xilas etdilər.Onların önündə İsmayıl Şıxlı gedirdi ki, monumental əsərləri ilə, pafosdan, bər-bəzəkli, bəzək-düzəkli sətirlərdən qaçıb, özündən sonra gələnlərə də işıq tutdu.Və bu işığı elə saçdı ki, arxada gələnlərin gözləri qamaşmadı.


Çətin məqamlarda isə bir an belə durmadı, duruxmadı, sinəsini önə verib, “Azərbaycan” jurnalının redaktoru kimi yeni nəsil yazıçıların əsərlərinə yol açırdı.Yazıçı Anarın “Anlamaq dərdi” və “Şəhərin yay günləri” yazılarını nəşr etdirən məhz İsmayıl Şıxlı olub. O, bir çox mənfi streotopləri, müşkül sayılan ənənələri “Dəli Kür” romanı ilə sındıra bilib. Əsərin 1957-1967-ci illərdə -10 il müddətinə yazıldığı qeyd edilsə də, yazıçının övladı Elçin bəylə söhbət zamanı romanın deyildiyi vaxtdan bir qədər əvvəl; yəni il yarım, iki il tez bitdiyi qənaətinə gələ bildik.Lakin istənilən halda böyük zəhmət və vaxt hesabına ərsəyə gələn “Dəli Kür” “İlklər romanı” sayılır.İsmayıl Şıxlı romanda öz nəslinin, öz mahalının tərcümeyi-halını dəqiqliklə, dürüstlüklə və bədii priyomlarla verə bilib.Bu əsər “hadisə”- deyə biləcəyimiz əsərlərdəndir və bu cəhətdən tək-tük romanlardandır.İsmayıl müəllim üç müəllim nəslinin tarixçəsini verərkən, Kürü “dəli” çağırmasının tarixini keçmişimizin qanlı-qadalı, dərdli-bəlalı olması kimi izah edib.Görəsən Ana Kürü, Dəli Kür kimi görməkdə yazıçının hansı səbəbləri vardı? İsmayıl Şıxlı bu nüansı əsər boyu gizli xətlə cızmış-deyə düşünürəm.Başı bəlalar, günü məlalar çəkmiş tariximizin, yurdumuzun hayqırtısını Dəli Kürün dəliliyində, bağırtisında, iniltisində vermiş ədibimiz.Ey dəli Kürüm, dəliqanlı Kürüm, sənə deyəcəklərim var! Çoxları bilməz, sən axı tanıqsan, tanıqsan ki, filmdə görüntüyə alınan ehtişamlı, məğrur Kür çayının görüntüləri İsmayıl Şıxlının özünə məxsusdur.Özü seçmişdi o mənzərələri İsmayıl müəllim, şəxsən özü bulmuş, özü çəkmişdi. “Dəli Kür” romanını xalqımızın eposları ilə yanaşı tutmaqda əsaslar var.Bütov bir dövrü:
19-cu əsrin sonu 20-ci əsrin əvvəllərinin bütün ictimai-sosial, mədəni mənzərələrini ortaya qoyur bu əsər.Miqyası, nəhəngliyi ilə seçkin bir nümunədir.Ən əsası millidir, xalqa yaxındır.Hadisələr, epizodlar yox, xarakterlər yığnağıdır bu roman.Cahandar ağa, Şahnigar, Mələk, Şamxal, Əşrəf, Allahyar, Molla Sadıx və.s.Hə, bir də ki Rus Əhməd.Kmisinə görə bu, “firəng Əhməd” ləqəbli Əhməd bəy Ağaoğlunun, kiminə görə
“Rus Əhməd” ayamalı Əhməd bəy Cavanşirin prototipidir.”Dəli Kür”ün Rus Əhmədini belə də çağırmaq olar-ziyalı, maarifpərvər, yurdsevər birisi.
Sayğıdəyər ziyalımız Elçin Şıxlı ilə söhbət zamanı bu nüansı da öyrənmiş olduq ki, sən demə, “Rus Əhməd” Qazaxda məşhur ziyalı nəsli kimi tanınan Seyidovların nümayəndəsidir- Molla Seyidin nəvəsi, Yusif kişinin oğlu, ruhunu sayğı ilə andığımız pedaqoq, ziyalı Əhməd Seyidovun prototipidir.
Əslində, “hər bir elm fədaisindən, maarifçi soydaşımızdan bu obrazda pay var”-desək qətiyyən səhv etmərik. Bəs yazıçı “Dəli Kür”- filmini necə görürdü? Ədibin böyük oğlu Elçin Şıxlı ilə bu haqda xeyli söhbət etmək imkanı bulurkən, həm də yeni-yeni faktlar öyrənə bildik. Əslində, filmin romanla müqayisədəki sönük durmasının səbəbləri çox idi. Yəqin ki, çuğulların, danos yazanların “əməkləri” olmasaydı,
2 seriyalı, rəngli və tam şəkildə monumental bir ekran əsəri görə bilərdik.Cinni Cəfər qoşunu kimi ortalığa doluşan, hər vəchlə yuxarılara qarayaxmalar yazıb, yarınmağa çalışan, “Dəli Kür”-ün önünə keçmək istəyənlər, belə əcaib sonluğa malik film görməkdən məmnun olmuşlarmı?!
-Olmuşlar, fəqət İsmayıl Şıxlıya olan sevginin önünə keçə bilməmişlər.Sevgi bu-Ümidənin ümid dolu məhəbbəti və oxucu eşqi Şıxlını şıx kimi insana çevirmiş, “Namərd gülləsi”, “Namus qaçağı”,”Ölüləri qəbiristanda basdırın” kimi hekayələrin, “Ayrılan yollar”, ”Ölən dünyam” təki romanların müəllifinə sonsuz dualar, alqışlar qıldırmışdı.Hikməti-xuda deyilən şey budursa, bir az da Ümidə ilə yazıçının taleyindən danışmalı, danışıb da xeyli düşünməli, düşünərkən 22 mart tarixli İsmayıl və Ümidə Şıxlının təvəllüdlərindən tutmuş soyadlarına qədər ölçülüb-biçilən həyat tarixçəsinə ehtiram bəslənməlidir.
Ümidə xanım həyat yoldaşı idi İsmayıl Şıxlının.Təvəllüdləri fərqli olsa da, hər ikisi eyni gündə, martın 22-də Novruz bayramı günlərində doğulmuşlar.Yazıçının son günlərində “Ölən dünyam” romanını məhz İsmayıl Şıxlının diktəsi ilə Ümidə xanım yazmışdı.Axı son illərində İsmayıl müəllimin uzaqgörən gözləri nurunu itirmişdi, ona görə də Ümidə xanım yazıçıya həyat yoldaşı olmaqla kifayətlənməmiş, həm də ona qələm yoldaşı olmuşdu.
O qələmə 76 illik həyatında hər zaman sadiq qalmış İsmayıl Şıxlı. -Azərbaycan istiqlalında mütləqdir ki, İsmayıl Şıxlının da payı var.O, siyasətçi deyildi, lakin heç vədə xalqın ağrı-acısına etinasız qalmazdı.Qarabağdakı gərgin döyüşlər vaxtı, Qazağın sərhəd zonasına yaxın bağda bir kətil tapıb əyləşmiş, təxminən 1-2 saat çay içib, soyuqqanlığı, mərdliyi, vətənsevərliyi ilə təlaş və təşviş içində olanlara örnək olmuşdu İsmayıl Şıxlı.Ətrafdakılar:
-“Kişi Bakıdan gəlib qızğın döyüşlərin, şiddətli atışmaların içində rahatca çay içirsə, deməli, möhkəm olmaq lazımdır”- demişlər.
-Mən Kürə aşiqəm, Kür mənə aşiq. Mən Kürə məftunam, Kür mənə məftun.Mən Kürə heyranam, Kür mənə heyran.
Ana Kür!..yaşa Kürüm!
Hələ neçə ömür
Yaşadacaq könüllər səni!

Salam Qədirzadəyə məxsusi olaraq bu doğum günü ərəfəsində salamlar olsun.Salam olsun Salam kişiyə.

Salam Qədirzadə 1923 –cü il aprelin 10-da ona görə dünyaya gəlməmişdi ki, mühəndis olsun, həkim olsun, hakim olsun, xeyr, ona görə doğulmuşdu ki, yazıçı olsun.Yazıçı deyiləndə öz həyatında müşahidə etdiklərini bir-iki bər-bəzəkli sözlə oxucuya təqdim edən deyil.Müəyyən cəmiyyət içərisində, müəyyən şərait daxilində hislərini, fikirlərini insanlara çatdıranlardır yazıçılar.Ürək antenalarını xalqın könlünə tuşlayanlardır , təbii ki, mənim təbirim və mənim tərifimcə.Bir də ki, yeddi övladın içərisində yeddi min dərd görüb xoflanmayan, böyük öğlan övladı kimi ailəni dolandıran da, yeniyetməlik illərinə vida edib gənclik çağlarına salam verməmiş müharibənin hərarətini, vəhşətini duyan da Salam Qədirzadə idi.Savaş zamanı rabitəçi olan Salam Qədirzadə dəfələrlə Əzrayıldan əhvalpürsanlıq etmiş, ölümün pəncəsindən sivişib çıxmağı da bacarmışdı.Hərbdən sonrakı illərdə o zamanın bir çox gəncləri kimi Moskvaya təhsil dalınca yollanmaqda israrlı idi.”Bəs necə, elm Çində də olsa dalınca getməli” tərifini görünür gənc Salam da yaxşı əzbərləmişdi.Nəbi Xəzri, Əli Kərim, İsa Hüseynovla eyni vaxtda Moskvada təhsil alıblar.Tək institut yox, onları birləşdirən avazımış yataqxana otağı da vardı.Bir də yeməkxanalarda masa üzərində qalmış boyat çörək, xardal nə tapsaydılar qarınlarını doyuzdurarmışlar. Ac tələbəlik illəri gələcək uğurların rəhnidir, çoxları üçün bu, belə olmuş, məgər istqibal dediyin istibdaddan keççirmi?!

Elə bir adsız əsər varmı, onu sizdən başqa heç kəs oxumasın?
Birini mən tanıyıram.Nə idi o qızınnnn adı, hə Könül idi.O əsərin adı isə “46 bənövşə”.Uğursuz sevginin girdabında boğulan, birçəyində ağ tel gəzdirən, öz adı ilə yox, guya bacısı Mənzərənin məhəbbət xatirələrinin qələmə alan insanlardır əsl müəlliflər.
Kim sevərək oxumamışdı yazıçının bu əsərini? Kim nankor Dəryanın Könülə olan nahaq münasibətini qınamamışdı ki, gəncliyində.Kim kitabın vərəqlərini çevirərkən intim, lətif məqamları həvəslə aramamış, bundan utanıb da sifətində qızardılmış lalə yerinə rast gəlməmiş, qarsalanmış üzünü kitab səhifələri ilə örtməyə cəhd etməmişdi ki?...Bütün bunlarla yanaşı oxuduğu kitabın arasında 46 bənövşə arayanlar da olmuşmu? Olmuş- deyə düşünürəm.Kövrəklik, paklıq insan içini və dışını bu qədər sarıyarsa, “46 bənövşə” kimi əsərlərin dəyəri o zaman anlaşılar əlbəttə.
Əlbəttə, arxa bildiyimiz, öyündüyümüz şair ömrü yaşayan Ənvər Əlibəylini də xatırlamaq keçdi bu bahar günlərində.

Səhər oldu, pəncərəmdən
Qucaq-qucaq
İşıq doldu otağıma
Pəncərədən çölə baxdım,
Ətirli bir külək dəydi
Yanağıma
Göy yarpaqlı cavan söyüd
Sanki mənə verdi salam
Pıçıldadı aram-aram
Qanad çalan qaranquşlar:
Gəldi bahar!
Gəldi bahar!

Bu misralar baharda dünyaya göz açan, biz Azərbaycan Televiyası əməkdaşlarına bir yox, min köynək yaxın olan Ənvər Əlibəyliyə məxsusdur.Həmişə onun ismini gözəl nəğmələrin, şərqilərin titrlərində aramışıq. Haqqımız da var.Gözəl sözlər, məzmunlu mətnlər nəğməyə çevrilirsə deməli, şair ürəyinin həlimliyi varmış, deməli, “Azərbaycan”, “Xəzərim”,”Sevgilim”,“Gəlmədin” kimi mahnı müəllifliyində Ənvər müəllimin adı çəkilməli, deməli, Ənvər Əlibəyli poeziyasını sevməyə səbəblərimiz yetərincədir.Bir bahar günündə aprelin 1 –i 1916-cı ildə dünyaya göz açan Ənvər Əlibəyli hər şeydən öncə ziyalı bir kəs kimi xatırlanır. Ziyalı - yəni ki, ziyası, nuru beynini, ürəyini çulğamış insan, işığı ilə özündən sonranı aydınladan bir kəs-bütöv bir şəxsiyyət.Onun da gəncliyi savaş illərinə təsadüf edir.Məşhur “416-cı Taqonroq diviziyası” nda döyüşən, yaralanan şair ədəbi mühitdə 416-cı yerdə qalmadı.Çox irəli getdi.”Ədəbiyyat qəzeti”, Radio, daha sonra Televiziya ecazı onun tərcümeyi-halına yazıldı.”Qaranquş” adlı ilk şeirlər kitabı, ardınca “Sənin adınla”, “İlk məhəbbət”,” Bir kitab şeir” kitabları onu oxuculara sevdirdi.

Qəlbimi ovlayan o nazlı dilbər,
Sənin fərağına dözə bilmirəm.
Yanağın lalədir, üzün sənubər,
Uzadıb əlimi üzə bilmirəm.

O gündən ki, səndən aralanmışam,
Hicran yollarında paralanmışam.
Bir külək tərlanam yaralanmışam,
Göyərçin üstünə süzə bilmirəm.

Göyərçin kimi süzəcək və və Qu quşu kimi seviləcək fəsildir bahar.Elə isə bu Yazağzında hələ çox şairlərimizin, ədiblərimizin ruhunu sevindirməyə israrlıyam.Onda baharda doğulanların timsalında bütün türk ulusunun, Azərbaycan xalqının Novruz bayramını qutlamağın, Tanrıdan hər kəsə sağlıq, hüzur diləyində bulunmağın əsl məqamıdır.
Baharınız və bayramınız mübarək, yurddaşlarım!


MANŞET XƏBƏRLƏRİ