Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossi Yaxın Şərqdəki nüvə obyektlərində vəziyyətin “son dərəcə kövrək” olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Qrossi Moskvada Rusiyanın dövlət nüvə enerjisi korporasiyası Rosatomun baş direktoru Aleksey Lixaçevlə birlikdə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.
Yaxın Şərqdəki nüvə obyektlərinin vəziyyəti ilə bağlı suala cavab verən Qrossi deyib:
“Düşünürəm ki, vəziyyət çox həssasdır. Nüvə amilinin mühüm rol oynadığı yeni bir münaqişənin alovlandığını görürük”.
Sülh və müharibə arasında incə bir xəttin keçildiyini vurğulayan Qrossi əlavə edib:
“Hazırda müharibə gedir və davam edir. Ümid edirik ki, mümkün qədər tez başa çatacaq. Daha sonra danışıqlara qayıdacağıq və bu, zəruridir”.
Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyətdən danışan Lixaçev isə bildirib ki, “müəyyən şərtlər daxilində, o cümlədən Ukraynaya elektrik enerjisinin təchizatı məsələsi müzakirə oluna bilər”.
Aytən Yaşar/ Turkustan.az