İranın Türkiyə istiqamətində raket atması bölgədə gərginliyi daha da artırıb.
Türkiyənin Müdafiə Nazirliyi İran tərəfindən atılan üçüncü raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini təsdiqləyib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan Tehrana xəbərdarlıq etmişdi, lakin son hadisə gərginliyin davam etdiyini göstərir. NATO sistemlərinin müdaxiləsi ilə raketin Türkiyə hava məkanında zərərsizləşdirildiyi bildirilir.
Maraqlıdır İran bu addımı ilə nəyi hədəfləyir? Türkiyənin buna cavabı necə olacaq? Turkustan.az bu suallarla politoloq Oqtay Qasımova müraciət etdi.

Oqtay Qasımov
İranın üçüncü dəfə Türkiyə ərazisi istiqamətində raket atması iki ölkə arasındakı münasibətləri ciddi şəkildə gərginləşdirə bilər. Bununla belə, Türkiyə tərəfi bu məsələ ilə bağlı İrana müəyyən xəbərdarlıqlar edib. Qeyd olunur ki, Türkiyə ərazisinə yönələn raketlər artıq müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir.
İran isə bu addımlarına belə izah verir ki, onlar əvvəlcədən bəyan etdikləri kimi, bölgədə ABŞ hərbi bazalarını hədəf almağı planlaşdırıblar və atılan raketlər də məhz bu məqsədə xidmət edir. Lakin hesab edirəm ki, bu izahın ciddi əsası yoxdur və daha çox bəhanə xarakteri daşıyır. Çünki İncirlik və Kürecikdə yerləşən hərbi obyektlər NATO bazalarıdır və onları yalnız ABŞ bazası kimi təqdim etmək doğru deyil.
Düşünürəm ki, Türkiyə indiyədək bu məsələdə kifayət qədər təmkinli mövqe nümayiş etdirib və bundan sonra da bu xətti davam etdirəcək. Çünki hazırkı mərhələdə Türkiyənin böyük miqyaslı bir müharibəyə ehtiyacı yoxdur. Bununla yanaşı, İran tərəfinə də xəbərdarlıq etmək lazımdır ki, əgər belə təxribat xarakterli addımlar davam edərsə, bu, Tehran üçün arzuolunan nəticələr doğurmayacaq.
Türkiyə heç bir halda müharibəyə qoşulmaq niyyətində deyil və əsas məqsədi məsələnin mümkün qədər tez diplomatik yollarla həll edilməsidir. Ümumilikdə proseslərin bu istiqamətdə davam etməsi və yaxın günlərdə gərginliyin azalması Türkiyənin maraqlarına da uyğundur.
Lakin eyni zamanda Türkiyə güclü dövlət olaraq öz ərazisinin hədəf alınmasına və suverenliyinə yönələn hər hansı təhdidə qarşı kifayət qədər sərt və qətiyyətli cavab vermək imkanına malikdir. Sadəcə olaraq, hazırkı mərhələdə Ankara daha çox təmkinli və ehtiyatlı davranaraq problemlərin diplomatik yollarla həllinə üstünlük verir.
Aytən Yaşar/ Turkustan.az